Məhkəmə qərarları › İş №8(105)-192/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-192/2021

09.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-192/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İcra vərəqəsi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 287/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadından icra sənədi üzrə tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4368/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə Borclu adına olan ** DK *** dövlət nömrə nişanlı, “Ford Fiesta” markalı avtomobilin üzərinə həbs qoyularaq hərracda satılması və tutmanın əldə edilən vəsaitə yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamışdır. (hakim G.Tanrıverdiyeva) Qərardaddan icra sənədi üzrə tələbkar "xxxx" QSC 09 iyul 2021-ci il tarixdə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 8(060)-287/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadından tələbkar "xxxx" QSC-nin verdiyi şikayət ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan icra sənədi üzrə tələbkar "xxxx" QSC ondan da şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılması üçün icraata götürülməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, ərizənin geri qaytarılmasına əsas məhkəmə aktının tarixinin səhv (21.06.2021-ci il) göstərilməsi olmuşdur. Bu səbəbdən də şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, şikayət ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 287/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, icra məmurunuin təqdimatının rədd edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadından icra sənədi üzrə tələbkar "xxxx" QSC şikayət vermiş, lakin ərizəsində məhkəmə aktının tarixini 21 iyun 2021-ci il kimi qeyd etmişdir. AR MPM-nin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Qeyd olunduğu kimi, icra sənədi üzrə tələbkar şikayət ərizəsində Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir, halbuki iş materiallarında belə tarixli məhkəmə aktı mövcud deyildir. Məhkəmə 13 iyul 2021-ci il tarixli qərardadında bu çatışmazlığı qeyd etsə də, tələbkar onu aradan qaldırmaq əvəzinə, yenidən məhkəmə qərardadından şikayət vermişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktının səhv göstərildiyi şikayət ərizəsini geri qaytararkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mübahisə üzrə bütün tərəflər, o cümlədən hüquqi şəxs olan tələbkar "xxxx" QSC prosessual qanunvericiliyin tələblərinə ciddi riayət etməklə məhkəmə aktlarından şikayət verə bilərlər, əks təqdirdə isə bu cür şikayətlər geri qaytarılmaldıır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələbkarın şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra sənədi üzrə tələbkar "xxxx" QSC-nin şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-287/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar