Məhkəmə qərarları › İş №8(105)-194/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-194/2021

15.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-194/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, X1, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, İcra vərəqəsi üzrə borclunun mənzilinin giriş qapısının məcburi açılması barədə icra məmurunun təqdimatına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)- 565/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2381/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədini icra etmək məqsədilə borcluya məxsus ünvan 1ənzilin giriş qapısının məcburi qaydada açılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2381/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 3530 manat məbləğində pul vəsait tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi 02.11.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə 31.05.2021-ci il tarixdə ünvan 1ənzil ünvanında olmuşlar. Qapı tərəflərindən döyülsə də, qapını açan olmamışdır. Belə olan halda, tərəflərindən akt tərtib olunaraq icra işinə əlavə olunmuşdur. Tərəflərindən aparılmış bütün icra tədbirləri və xəbərdarlıqlara baxmayaraq, yəni borclunun istifadəsində olan ***-***-**-** nömrəli telefonla dəfələrlə əlaqə saxlanılaraq icra yerinə gələrək icra sənədini icra etməsi tələb olunsa da, nəticə olmamışdır. Borclu tərəf bütün bunlara məhəl qoymayaraq icra yerinə gəlməməklə, qapını bağlı saxlamaqla məhkəmə qərarının icrasına maneəçilik törətmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.5, 44 və 85-ci maddələrinə əsasən təqdimat təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-565/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamışdır. (hakim C.Səfiyeva) Qərardaddan narazı qalan icra sənədi üzrə Tələbkar ondan şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-565/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini və icra məmurunun təqdimatının təmin edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, təqdimatın verilməsinə əsas qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının təmin edilməsidir. Lakin məhkəmə qərardadı ilə təqdimat təmin edilməmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik törədilmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, təqdimat isə təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-565/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə Tələbkar şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə icra sənədi üzrə borclunun və icra orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-565/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, icra məmurunun təqdimatının verilməsinə əsas Abşeron Rayon Məhkəməsinin 2(012)-2381/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədi olmuşdur. Bu sənədə görə Borclu cəmi 3530 manat məbləğində pul vəsait tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 02.11.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilsə də, həmin qərarın qəbulundan sonra lazımi icra hərəkətləri həyata keçirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda icra sənədi könüllü icra edilmədiyi hallarda məcburi icra tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərindən hər hansı biri icra məmuru tərəfindən tətbiq edilməmiş və bu barədə sənədlər təqdimata əlavə edilməmişdir. Eyni zamanda, icra məmuru Borclu yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 1 saylı evin 11 saylı mənzilinin giriş qapısının məcburi qaydada açılmasının hansı məqsəd üçün lazım olduğunu, yəni icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus əmlakın siyahıya alınması və ya qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlər üçün lazım olduğunu əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübutları təqdimata əlavə etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, təqdimatın icra sənədində göstərilən tələbin icrası ilə hansısa hüquqi bağlılığı yoxdur. Pul vəsaitinin tutulması ilə bağlı icra sənədinin dəqiq və operativ icrasının təşkili üçün borcluya məxsus əmlakın və ya pul vəsaitlərinin olub-olmamasını araşdırmaq əvəzinə onun mənzilinin giriş qapısının məcburi qaydada açılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının süni şəkildə ləngidilməsinə xidmət edir. Bu isə qanunla qadağandır. Belə ki, AR MPM-nin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Bu səbəbdən məhkəmə kollegiyası da hesab edir ki, təqdimat kifayət qədər əsaslandırılmamışdır və onun təmin edilməməsi barədə birinci instansiya məhkəməsi tamamilə qanuni nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələbkarın şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 8(012)-565/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra sənədi üzrə Tələbkar şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-565/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar