Məhkəmə qərarları › İş №8(105)-195/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-195/2025

02.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-195/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Şuşa rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) X1 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə, Borclu iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin e-8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu Oqtay qızı tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə təqdimatla məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-269/2024 saylı icra vərəqəsi üzrə Borclu Oqtay qızına məxsus “Kia Rio minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

2. Təqdimatı onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-269/2024 saylı icra sənədinə əsasən Borclu Oqtay qızından cəmi 13304,57 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu Oqtay qızına göndərilmiş, həmçinin imza etdirilməklə özünə təqdim edilmişdir. İcra sənədi üzrə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. Eyni zamanda müvafiq orqanlara sorğular edilmiş və Borclu Oqtay qızının mülkiyyətində “Kia Rio minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən təqdimat təmin edilməlidir.

3. Şuşa Rayon Məhkəməsinin e-8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim S.Mehrəliyev) təqdimat təmin edilmişdir.

4. Bu qərardaddan Borclu Oqtay qızı şikayət verərək, Şuşa Rayon Məhkəməsinin e- 8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(077)-12/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Təqdimatı əsaslı hesab edən məhkəmə öz hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3 və 50.1-ci maddələrinə istinadla etməklə əsaslandırmış və təqdimatı təmin etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 268 saylı Xüsusi Təhsil Məktəbində ibtidai sinif müəlliməsi işləyir. Aylıq əmək haqqı 1.300 manat təşkil edir. Şuşa rayon İcra və Probasiya şöbəsi tərəfindən qətnamənin icrası məqsədi ilə əmək haqqına tutma yönəldilmişdir. Lakin bununla belə, Şuşa İcra və Probasiya Şöbəsinin rəisi təqdimatla məhkəməyə müraciət edərək ona məxsus əmlaka həbs qoyulmasını məhkəmədən xahiş etmiş, məhkəmə isə qeyd edilən halı araşdırmadan ona məxsus əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Bundan başqa, məhkəmə təqdimata baxarkən qərardadda "borclunun lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir" dəlilinə dair qərardadda borclunu hansı qaydada xəbərdar etməsini göstərməmişdir. Yəni qeyd edilən məhkəmə iclası barədə xəbəri olmamışdır. Bununla bağlı məlumatı yalnız X9 tərəfindən özünə məxsus avtomobil saxlanıldıqdan sonra DYP inspektoru vasitəsilə öyrənə bilmişdir. Məhkəmənin əmlakın üzərinə həbs qoyulması barədə mövqeyi əsassızdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı tələbkar "xxxx" KB ASC tərəfindən yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə tərəflərin iştirakı ilə şifahi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, o özü məktəbdə müəllim işləyir. Həriki kredit borcunu yaxın qohumunun xahişi ilə götürmüş və qohumuna vermişdir. O, borcu ödəyəcəyini bildirsə də, müəyyən qədər müddət keçməsinə baxmayaraq, borc ödənilmədi və bu hal hazırkı vəziyyətin yaranmasına səbəb oldu. Hazırda həmin borc ilə əlaqədar hər ay onun maaşından tutulmalar həyata keçirilir, imkanı çatdığı qədər də qohumlarının köməkliyi ilə hər ay ödəniş edə bilər. Lakin sözügedən avtomobil qardaşının istifadəsindədir. Onun işi daimi olaraq maşınla bağlıdır. Bu səbəbdən maşının üzərinə həbs qoyulmasını əsassız hesab edir. Göstərilənlərə əsasən borclu sonda şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə izahatında bildirmişdir ki, “X3” ASC, digəri "xxxx" ASC olmaqla borclunun 2 banka borcu var. Borclunun "xxxx" ASC-yə olan borcu 24 min manata yaxın məbləğdədir. Hazırkı iş isə borclunun “X3” ASC-yə olan borcu ilə əlaqədardır və borcluya məxsus avtomobil üzərinə həbs həmin borca görə qoyulmuşdur. Borcun ödənilməsi üçün tutma borclunun əmək haqqısına yönəldilmişdir. Borcluya “X3” ASC-yə olan borcun ödənilməsi təklif edilmişdir. Ən azından iki icra sənədindən birinin tam ödənilməsi təmin edilərsə, avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsi həll edilə bilər. Göstərilənlərə əsasən sonda şikayətin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edildi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar “X3” ASC məhkəmə iclasında təmsil olunmamışdır.

12. Məhkəmə kollegiyası işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. İcra haqqında Azərbaycan Respublikası Qanunu:

2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

14. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsi: Maddə 267.1.Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Şikayətdən görünür ki, apellyator Şuşa Rayon Məhkəməsinin e-8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.

16. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin e-8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin araşdırılan hallarından müəyyən olundu ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-269/2024 saylı icra sənədinə əsasən Borclu Oqtay qızından cəmi 13304,57 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir.

19. İş materialından müəyyən edilir ki, icra sənədi Şuşa rayon icra və probasiya qurumunun icraatına daxil olduqdan sonra müvafiq qaydada icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcluya icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir.

20. Qeyd olunan müddət ərzində borclu tərəfindən icra sənədi üzrə tələb könüllü icra edilməmişdir. Bundan sonra icra məmuru yuxarıda qeyd olunan təqdimatla məhkəməyə müraciət etmişdir.

21. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu Oqtay qızının adına “Kia Rio minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır

22. Təqdimatın təmin edilməsi barədə məhkəmənin mövqeyini əsaslı və işin hallarına uyğun hesab edən kollegiya qeyd edir ki, mübahisələndirilən icra sənədi üzrə borclunun müvafiq qaydada ödəməli olduğu tələbin mövcudluğu mübahisələndirilmir. Avtomobilin üzərinə həbs qoyulması zərurəti də məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir.

23. Digər tərəfdən borclu qərardadla razı olmadığını və ləğv edilməli olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, dəlillərini yalnız özünün işləməsi ilə əlaqələndirməyə çalışmışdır. Kollegiya qeyd edir ki, sonuncunun işləməsi və aylıq əmək haqqının olması hazırki qərardadın ləğv olunması üçün əsaslı ola bilməz. Çünki, bütün borc tam ödənildikdən sonra avtomobilin yenidən həbsdən azad edilməsi istisna edilməyən haldır. Belə olan halda hazırkı icra sənədinin icrası təmin edilənədək həmin avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması (onun özgəninkiləşdirilməsinin qadağan edilməsi) barədə təqdimat əsaslıdır.

24. Beləliklə, işə baxan məhkəmə təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir və hazırkı halda şikayətin dəlillərində qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Şuşa Rayon Məhkəməsinin e-8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı

Qərara aldı:

Borclu Oqtay qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin e-8(077)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar