Məhkəmə qərarları › İş №8(105)-198/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-198/2025

08.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-198/2025 08.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 8(060)-4/2025 nömrəli qərardadından X5 Qeybullah oğlu tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Qeybullah oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(015)-115/2016 nömrəli qətnaməsi ilə ona ödənilməli olan pul məbləğinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3818 nömrəli ekspert rəyi əsasında indeksasiya tətbiq edilməklə borclulardan (cavabdehlərdən) müştərək qaydada tutulub ona ödənilməsini xahiş etmişdir. Daha sonra tələbkarın vəkili-nümayəndəsi Vəkil1 dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 nömrəli qətnaməsi ilə ərizəçiyə ödənilməli olan məbləğin bu günkü tarixə indeksasiya edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(105)-115/2016 nömrəli qətnaməsinə əsasən X4 adından cavabdeh Borclu1 ilə iddiaçı X8h oğlu arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Borclu1 X8h oğlunun xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin cavabdehlər Borclu1 və Borclu2 bərabər hissədə alınaraq iddiaçı X8h oğluna ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun Mənsurov Teymuraz Qeybullah oğlunun xeyrinə tutulması ilə mənzilin (qeyri-yaşayış sahəsinin) Borclu1 və Borclu2 qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. İddiaçı həmin mənzili 2006-cı ildə almış, həmçinin aldığı mənzilin yaxşılaşdırılmasına əlavə olaraq xərc çəkmişdir, hansı ki, məhkəmə mübahisəsi zamanı iş üzrə qət olunmuş məhkəmə qətnamələri ilə həmin xərclər öz təsdiqini tapmışdır. Sadəcə tərəflər arasında mübahisə yarandığından məsələ uzun illərdir öz həllini tapmamışdır. Belə ki, Teymuraz evi alarkən 2006-cı ildə evlərin ümumi bazar qiyməti ilə bu günkü, yəni 2024-cü il üçün həmin evlərin bazar qiymətləri eyni deyil. Ötüb keçmiş müddət ərzində Azərbaycan manatı dəfələrlə inflyasiyaya uğramışdır. Hesab edir ki, məhkəmə bu fərqi nəzərə almaqla iş üzrə indeksləşdirmə tətbiq etməli, iddiaçıya ödəniləsi pulun miqdarı artırılmalıdır. Belə ki, mübahisənin predmeti ilə əlaqədar olaraq borclu tərəfindən tələbkara ödəniləcək məbləğ 2006-cı ildən tələb edilsə də, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, 2006-cı ildən 2023-cü il daxil olmaqla bu müddət ərzində 40137,20 manat pul vəsaitinin vaxtında qaytarılmamasına görə istehlak qiymətlərinin artımı nəzərə alınaraq həmin pulun indeksasiya edilməklə hazırda nə qədər təşkil etməsi ilə bağlı sual Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertizası Mərkəzinin eksperti qarşısında qoyulmuşdur. Həmin Mərkəzin xx.xx.2024-cü il tarixli, 9/3818 №-li ekspert rəyinə əsasən, 40137,20 manat pul məbləğinin 2006-ci ildən 2023-cü ilədək indeksasiyası 3,2 dəfə artım ilə hesablanaraq, cəmi dəyəri 128439,04 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-4/2025 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-115/2016 nömrəli qətnaməsi üzrə X7 Qeybullah oğluna ödənilməli pul məbləğinin indeksasiyasına dair onun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X7 Qeybullah oğlunun vəkili-nümayəndəsi Vəkil1 şikayət verərək, qərardadın ləğv edilməsini, iş üzrə mövcud olan sübutlar, xüsusilə də xx.xx.2024-cü il tarixli ekspert rəyi nəzərə alınmaqla, şikayətçinin indeksasiya tələbinin tam təmin edilməsini və cavabdehlərdən şikayətçinin xeyrinə hesablanmış 128439,04 manat məbləğində vəsaitin tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini, əgər apellyasiya instansiyası hesab edərsə ki, iş üzrə bütün zəruri halların araşdırılması üçün əlavə prosessual hərəkətlər (yenidən ekspertiza təyin edilməsi, yeni sübutların toplanması və s.) zəruridir, o halda işin MPM-in 399-cu maddəsinə əsasən təkrar baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verən Teymuraz Mənsurov və cavabdeh Oktay Əhmədov arasında mübahisə tərəflər arasında yaranmış borc münasibətlərindən irəli gəlir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlərdən şikayətçinin xeyrinə cəmi 40137,20 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231 və 232-ci maddələrinə əsasən, pul öhdəlikləri üzrə qətnamələr yalnız borcun nominal məbləğini deyil, həm də həmin borcun real alıcılıq qabiliyyətinin qorunmasını təmin etməlidir. Həmin qətnamənin icrası yalnız 2018-ci ildə mümkün olmuş, yəni qətnamə ilə müəyyən edilmiş pul tələbi uzun müddət icra edilməmişdir. Bu isə faktiki olaraq pul vəsaitinin inflyasiya nəticəsində dəyərdən düşməsinə səbəb olmuşdur. Şikayətçi tərəfindən 2018-ci ildə və 2019-cu ildə inflyasiya nəzərə alınmaqla məbləğin indeksləşdirilməsi üçün məhkəməyə müraciət olunmuş, lakin ərizələr rədd edilmişdir. Bununla belə, MPM-in 232.1-ci maddəsinə görə, “qətnamənin qəbulundan onun tam icrasınadək dövr ərzində inflyasiya nəticəsində pul vəsaitinin dəyərinin azalması hallarında tələbkarın ərizəsi əsasında məhkəmə qətnamənin icrasına yönələn əlavə tədbirlər görə bilər”. Bu norma tələbkarın davam edən zərərinin qarşılanmasına yönəldiyindən, 2018-2019-cu illərdə ərizələrin rədd edilməsi şikayətçinin maddi hüququndan imtina kimi qiymətləndirilə bilməz. Şikayətçi 2024-cü ildə yenidən məhkəməyə müraciət etmiş, inflyasiya nəzərə alınmaqla qətnamənin icrasının təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi 27 fevral 2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin etmiş, lakin indeksasiyanı yalnız 2016-cı ildən hesablamışdır. Beləliklə, məhkəmə 14137,20 manat məbləğini 24.203 manat, 26.000 manat məbləğini isə 44.512 manat ekvivalenti ilə əvəzləmişdir. Şikayətçi hesab edir ki, məhkəmənin indeksasiyanı yalnız 2016-cı ildən hesablaması MPM-in 14.1 və 16.1-ci maddələrində təsbit olunmuş tam və hərtərəfli araşdırma prinsiplərinə ziddir. Çünki öhdəlik münasibətləri 2006-cı ildən başlamış, pulun dəyərinin itirilməsi məhz həmin tarixdən etibarən baş vermişdir. Bu qərardan həm ərizəçi, həm də cavabdeh apellyasiya şikayəti vermişdir. İşdə mövcud olan xx.xx.2024 tarixli ekspert rəyi nəzərə alınmamış, eyni zamanda yeni ekspertiza da təyin edilməmişdir. Halbuki indeksasiya hesablaması xüsusi bilik tələb edir və məhkəmə mütləq ekspertizadan istifadə etməli idi. Apellyasiya məhkəməsinin “zəruri hallarda ekspertiza keçirilməsi və faktların tam araşdırılması” barədə göstərişləri icra edilməmişdir. Bu isə birinci instansiyanın qanuna zidd hərəkətidir. Halbuki, iş materiallarında mövcud olan xx.xx.2024 tarixli ekspert rəyində indeksasiya nəticəsində 128.439,04 manat məbləğ hesablanmışdır. Fakt budur ki, rəy iş materiallarına əlavə olunub və hüquqi qüvvəyə malik sübutdur. Lakin məhkəmə bu faktı nəzərə almadan, əsassız olaraq “indeksasiya aparılmaya bilər” nəticəsinə gəlib. Bu isə MPM-in 90.1-ci maddəsinin tələblərinə uyğun gəlmir və faktla nəticə arasında uyğunsuzluq yaradır. Odur ki, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 8(060)-4/2025 nömrəli qərardadının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 8(060)-4/2025 nömrəli qərardadı ilə X5 Qeybullah oğlunun həmin Məhkəmənin 15 avqust 2025-ci il tarixli, 8(060)- 4/2025 nömrəli qərardadından verdiyi şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın vəkili-nümayəndəsi Vəkil1 həmçinin yazılı vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, sübutların və araşdırılmalı olan halların mövcudluğunu nəzərə alaraq işə şifahi icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında şikayət və onunla bağlı məsələlərin tam və hərtərəfli araşdırılıb mahiyyətcə düzgün həll edilməsi üçün kifayət qədər sənəd-sübutların olmasını, şifahi icraata keçilməsinin isə lüzumsuz vaxt itkisinə səbəb olacağını nəzərə alaraq vəsatəti təmin etməyə zərurət görməmiş və şikayətə iş materialları əsasında yazılı icraat qaydasında baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, X5 Qeybullah oğlunun şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 8(060)-4/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi pul məbləğinin indeksasiyası barədə ərizəni təmin etməməklə bağlı qənaətini onunla əsaslandırmışdır ki, X7 Qeybullah oğlu icra sənədi üzrə ona ödənilməli olan pul vəsaitinin indeksasiyasının həyata keçirilməsini istəyir. Sözügedən icra sənədindən göründüyü kimi, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pul Borclu1 X8h oğlunun xeyrinə tutulmalı, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsait Borclu1 və Borclu2 bərabər hissədə alınaraq X8h oğluna ödənilməli, müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, göstərilən məbləğdə pulun X8h oğlunun xeyrinə tutulması ilə mübahisəli mənzilin Borclu1 və Borclu2 qaytarılması eyni vaxtda icra olunmalıdır. İcra işinin materialları əsasında cavabdeh (borclu) Borclu2 hazırda indeksasiya edilməsi tələb edilən pul vəsaitini 2016-cı ildə X8h oğluna vermək istəməsi, lakin iddiaçı (tələbkar) X8h oğlunun həmin icra sənədi üzrə pul vəsaitini qəbul etməkdən imtinası öz təsdiqi tapır. Belə ki, adı çəkilən şəxslər bununla bağlı mövqelərinin ifadə olunduğu ərizələri Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim etmişlər. Bununla yanaşı, icra sənədində hər iki tərəfin qarşılıqlı öhdəliyi olduğundan, Borclu2 pul vəsatini ödəməklə qətnamənin icrasına nail olmağa çalışdığından, lakin tələbkarın bu məbləği qəbul etməməsi səbəbindən icra sənədi icra edilmədiyindən, habelə borclunun icra sənədini icra etməməsi ilə bağlı hər hansı bir qərəzli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə məbləğin indeksasiya olunması ilə bağlı ərizə əsassızdır. Bundan əlavə, Mənsurov Teymuraz Qeybulla oğlu sözügedən icra sənədi üzrə Borclu2 qaytarmalı olduğu mənzildə müəyyən dövrlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmiş (oranı qeyri-yaşayış sahəsinə çevirərək), həmin mənzil icra sənədinin verildiyi gündən halhazıradək onun istifadəsində olmuş, hətta onun tərəfindən müəyyən dövrlərdə qeyriyaşayış sahəsi kimi icarəyə də verilmişdir. Başqa sözlə, Borclu2 tərəfindən icra sənədi üzrə məbəğin X8h oğluna ödənilməsi nəzərdə tutulsa da, eyni zamanda X8h oğlunun da sözügedən mənzilin (qeyri-yaşayış sahəsinin) bir hissəsini Borclu2 qaytarması nəzərdə tutulmuşdur. Borclu2 tərəfindən pul vəsaiti qayarılmadığı halda sözügedən mənzil (qeyriyaşayış sahəsi) X8h oğlunun istifadəsində qalmış və o, keçən illər ərzində həmin əmlakdan faydalanmışdır. Belə olan halda X8h oğlunun ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və belə nəticəyə gəlməsini əsaslandırdığı dəlillərlə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 12 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 ünvan 2 ünvanı üzrə **********-29002 kodla vergi uçotuna alınmış təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti xx.xx.2016-cı il xx.xx.2017-cil tarixədək aktiv, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv və xx.xx.2022-ci il tarixdən xx.xx.2092-ci il tarixədək dayandırılmışdır. Təsərrüfat subyektinin (obyektinin) fəaliyyət növü xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi”, “İcarə” və “Reklam xidməti”dir. Təsərrüfat subyekti (obyekti) "xxxx" MMC (VÖEN:2********) tərəfindən icarəyə götürülərək “Ofis” kimi xx.xx.2018-ci il tarixdə **********-29002 kodla vergi uçotuna alınmış və xx.xx.2020-ci il tarixdə uçotdan çıxarılmışdır. Təsərrüfat subyekti (obyekti) X9 (VÖEN:**********) tərəfindən icarəyə götürülərək “Anbar” kimi xx.xx.2024-cü il tarixdə **********-29001 kodla vergi uçotuna alınmışdır və hazırda fəaliyyəti aktivdir. Mənsurov Teymuraz Qeybulla oğlu ilə "xxxx" MMC arasında bağlanmış 13 aprel 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Mənsurov Teymuraz Qeybulla oğlu ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 28,89 kv.m, yaşayış sahəsi 16.12 kv.m, yardımçı sahəsi 12,77 kv.m olan 1 otaqlı mənzili "xxxx" MMC-yə icarəyə vermişdir. Mənsurov Teymuraz Qeybulla oğlu ilə X9 arasında bağlanmış 13 aprel 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Mənsurov Teymuraz Qeybulla oğlu ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 16,12 kv.m-ni X6 icarəyə vermişdir. Digər tərəfdən, cavabdeh (borclu) Borclu2 hazırda indeksasiya edilməsi tələb edilən pul vəsaitini 2016-cı ildə X8h oğluna vermək istəməsi, lakin iddiaçı (tələbkar) X8h oğlunun həmin icra sənədi üzrə pul vəsaitini qəbul etməkdən imtinası hər ikisi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim olunmuş ərizələrdə öz təsdiqini tapmışdır. Göründüyü kimi, ərizəçi (tələbkar) X8h oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə cavabdehlərdən (borclulardan) onun xeyrinə tutulması qət edilmiş cəmi 40137,20 manat məbləğində pul vəsaitini almaqda deyil, onun sahibliyində olan mübahisəli mənzilin (qeyri-yaşayış sahəsinin) cavabdehlərə qaytarılmamasında (bundan yayınmaqda və icra prosesinə maneələr yaratmaqda) daha çox maraqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın (iddiaçının, tələbkarın, kreditorun) qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə icraatında iddiaçı olmuş tərəfin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Digər tərəfdən, borcun indeksasiya edilməsi imkanı cavabdehi (borclunu) həmin borcu daha qısa müddətdə verməyə (ödəməyə, qaytarmağa) təhrik edir, əks təqdirdə borc məbləğinin indeksasiya nəticəsində artması riski mövcud olur. Bu baxımdan borcu ödəməyi gecikdirmək borclu üçün də sərfəli deyil. Konkret işin faktiki hallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmiş cəmi 40137,20 manat məbləğində pul vəsaitinin iddiaçıya indiyədək ödənilməməsinin səbəbi onun özü tərəfindən icraya maneə yaradılması və icradan (pul vəsaitinin cavabdehlərdən alınıb ona verilməsindən) imtina edilməsi olmuşdur. İş materiallarından həmçinin məlum olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilmiş cəmi 40137,20 manat məbləğində pul vəsaitinin 27137,20 manat məbləği cavabdeh Borclu1, qalan 13000 manat məbləği isə digər cavabdeh Borclu2 alınıb iddiaçıya verilməlidir. İddiaçı (tələbkar) X8h oğlu ilə cavabdeh (borclu) Borclu1 arasında 2019-cu ildə əldə olunmuş razılığa əsasən cavabdeh ödəməli olduğu pulun əvəzinə mübahisəli mənzildəki öz payını (1/2 hissə) iddiaçının mülkiyyətinə vermiş və tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı mübahisəli əmlakın onun mülkiyyətinə keçən hissəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Hazırda icra sənədi üzrə borclu (cavabdeh) Borclu2 13.000 manat məbləğində pul vəsaiti alınıb tələbkar (iddiaçı) X8h oğluna verilməli, eyni zamanda tələbkarın istifadəsində olan mübahisəli mənzilin (qeyri-yaşayış sahəsinin) 1/2 hissəsi ayrılıb borcluya təhvil verilməlidir. İş materiallarından göründüyü kimi, borclu (cavabdeh) Borclu2 aid hissədə icra sənədinin 2016-cı ildən indiyədək icra olunmamasında onun təqsiri (icradan boyun qaçırması və ya imtina etməsi) olmamışdır. Belə olduğu halda tələbkarın hazırda həmin məbləğin indeksasiya edilməklə ödənilməsini tələb etməsi əsassız və qeyri-qanunidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 8(060)-4/2025 nömrəli qərardadı qanuni və əsaslıdır. İcra sənədi üzrə X5 Qeybullah oğlunun verdiyi şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamənin icrası ilə bağlı müraciət (ərizə) üzrə qərardadından verilmiş şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 Qeybullah oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 8(060)-4/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar