Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-199/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar aliment miqdarının indeksasiya olunmasına dair ərizəsi üzrə (Açar sözlər: şikayətin qeyri-mümkün hesab edilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4047/2018 saylı qətnaməsi ilə Borclu 11 iyul 2008-ci il təvəllüdlü X1 və 01 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin hər ay üçün Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1322/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4047/2018 saylı qətnaməsi ilə artırılaraq 11 iyul 2008-ci il təvəllüdlü X2 və 01 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşağa 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment və 01 yanvar 2011-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərc kimi 100 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. Qət edilmiş alimentdən sonra Respublika üzrə minimum əmək haqqı məbləğində artımlar olmuş və buna görə də alimentin indeksasiya edilməklə artırılması alimentin Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.
4. Həmin qərardaddan narazı qalan Borclu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək alimentin indeksasiyasının düzgün tətbiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 nömrəli, 09 sentyabr 2025ci il tarixli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-928/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-928/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1322/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4047/2018 saylı qətnaməsi ilə artırılaraq 11 iyul 2008-ci il təvəllüdlü X2 və 01 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment və 01 yanvar 2011-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərc kimi 100 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Aşağıda qeyd olunanlara əsasən, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsassız olduğundan, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə qərardadında alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmasına əsaslansa da, bu il üçün alimentin sabit pul məbləğində 246 manat və yaşayış minimumunun 400 manat olduğu halda, 1.18 həddində indeksasiya meyarı müəyyən etmişdir. Belə olan halda məhkəmə bir uşağa 472 manat aliment müəyyən etmişdir. Bu isə absurt bir nəticədir. Məhkəmə bu hesablamanı necə apararaq bu nəticəyə gəlmişdir, onun üçün başa düşülən deyil. Məhkəmə 2017-ci ildə minimum aylıq əmək haqqı məbləğinin 130 manat olduğunu qeyd etsə də, həmin dövrdə aliment məbləği minimum aylıq əmək haqqından artıq olduğundan riyazi hesablama aparılan zaman indeksasiya meyarının belə fərq verməsini nəzərə almamış və nəticədə yuxarıda qeyd edilən məbləğdə aliment müəyyən etmişdir. İşləmir, tələbkar ailəsi deyil, uşaqlar qeyri-rəsmi anadan olmuşdur. Özünündə baxmalı olduğu bir ailəsi var, məhkəmə hər uşağa 472 manat müəyyən etdikdə ailəsinə necə baxacaqdır? İşsiz olduğundan və səhhəti əvvəlki kimi olmadığından sözügedən aliment məbləğini ödəməyi qeyri-mümkündür. Məhkəmə onu dinləmədən, fikrini soruşmadan sadəcə qərardadda indeksasiyaya razı olmadığını qeyd etməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, qərardad hazır olduqdan sonra ünvanına göndərilmədiyindən qərardadın hazır olmasından xəbəri olmamış və qərardadla tanış ola bilmədiyindən həmin qərardaddan şikayət verə bilməmişdir. Qərardaddan xəbəri olduqdan sonra məhkəmədə işə baxan hakimin işçilərindən qərardadı almadığını və ona surətinin verilməsini tələb etdikdə ona məhkəmə informasıiya sistemində şəxsi kabinetə yerləşdirdikləri bildirildi. Lakin məhkəmə informasıiya sistemində ona məxsus şəxsi kabinet olmadığından qərardadı əldə edə bilməmişdir. Sonradan başqa şəxslərin köməyi ilə xx.xx.2025-ci il tarixdə, məhkəmə informasıiya sistemində şəxsi kabineti aktivləşdiriyi zaman qərardadla tanış ola bilmişdir. Kabinetdə olan bildirişlərlə tanış olduqda ona məlum olub ki, qərardad xx.xx.2025-ci il tarixdə kabinetə yerləşdirilsə də, həmin qərardaddan xəbəri olmamışdır. Belə olan halda qərardadı rəsmi olaraq 04.09.205-ci il tarixdə əldə etdiyi üçün şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçməmişdir. Ünvan üzrə poçt əməkdaşı ilə qərardadın ünvana göndərilməsi ilə bağlı müraciət etmiş və ona bildirilib ki, heç bir məhkəmə məktubu gəlməyib.
Apellyasiya icraatı iştirakçılarının izahatları
7. Borclu şikayətin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
8. Tələbkar şikayətə baxılmasına etiraz etdiyini bildirdi.
9. İş üzrə İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, Borclu tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir.
13. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.
14. Lakin, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, şikayət prosessual müddət ötürülməklə verildiyi halda buna münasibət bildirmədən, Mülki Prosesual Məcəllənin 364cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
16. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
17. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur».
19. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qərardadı xx.xx.2025-ci il tarixində Borclu elekron kabinetinə yerləşdirilməsinə baxmayaraq, şikayət xx.xx.2025-ci il tarixində verilmişdir. Borclu şikayəti qanunvericiliyin tələblərinə riayət etməməklə vermiş, həmçinin şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmiş və birinci instansiya məhkəməsi tərəfindən də göstərilən hala qiymət verilməmişdir.
20. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Borclu şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
21. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinin yerinə yetirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.