Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-2/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə (qətnamənin hissə-hissə icra edilməsi) X4 (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-877/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi (borclu) X5 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə ondan Tələbkar2 xeyrinə tələb olunan 4000 manatın hissə-hissə icra edilməsi cə ondan həmin borca görə hər ay 100 manat tutulmasının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 850/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(060)-50/2023 saylı qətnaməsi qismən mübahisələndirilən hissədə 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Benəlxalq Magistratura və Doktorantura Mərkəzində borclu tərəfindən «Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər» mövzusunda müdafiə edilmiş maqistr dissertasiyasının ləğv edilməsinin» təmin olunmaması hissəsində ləğv edilmiş, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməklə qətnamə qalan hissədə, yəni 3000 manat kompensasiyanın və 1000 manat məbləğində mənəvi ziyana görə təzminatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəlmiş və Tələbkar1 böyük icra məmuru X15 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul etməklə borcludan tələbkarın xeyrinə 4000 manat vəsaitin ödənilməsini tələb edir və bununla bağlı borcluya 5 gün vaxt müəyyən etmişdir. Borclu bu barədə qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Borclu hazırda "xxxx" ASC KB-da Onlayn kredit şöbəsində mütəxəssis vəzifəsində işləməklə digər dövlət tutulmaları çıxılmaqla 350 manat əmək haqqı alır, başqa yerdən gəliri yoxdur, buna görə də borclu tələbkarın borcunu hər ay 100 manat olmaqla ödəyə bilər. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-877/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X3 ərizəsi təmin edilməmişdir.
4. X1 həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 877/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə ondan Tələbkar2 xeyrinə tələb olunan 4000 manatın hissə-hissə icra edilməsi və həmin borca görə 100 manatın tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-877/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Tələbkar1nə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi borclu borcun ödənilməsindən yayınmışdır. Hazırda borclu qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, bugünə qədər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğindən hər hansı ödəniş həyata keçirməmiş, bununla da məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X3 ərizəsi rədd olunmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2 və 231.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəni rədd edən məhkəmənin mövqeyi əsassızdır. Müvafiq icra sənədi üzrə Tələbkar1 böyük İcra məmuru X15 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərar qəbul etməklə ondan tələbkarın xeyrinə 4000 manat məbləğində vəsaitin ödənilməsini tələb edir və könüllü icra ilə bağlı borcluya vaxt müəyyən etmişdir. O, bu barədə qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Hazırda "xxxx" ASC KB-da Onlayn kredit şöbəsində mütəxəssis vəzifəsində işləməklə digər dövlət tutulmaları çıxılmaqla 350 manat əmək haqqı alır, başqa yerdən gəliri yoxdur. O qətnamənin icrasından yayınmır. Sadəcə tələbkarın borcunu hər ay 100 manat olmaqla ödəyə bilər. Onun valideynləri pensiya alırlar, maddi imkanları aşağıdır. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə formal əsaslarla ərizəsini rədd etmişdir. O, borcu ödəməkdən yayınmamışdır. Mövcud borcun tələbkarın bank hesabına hissə-hissə ödənilməsi barədə razılıq əldə edə bilməmişlər. Tələbkar ona bank hesabını verməmiş, mövcud borcun birdəfəlik ödənilməsini tələb etmişdir. Onun buna maddi imkanı olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə ərizənin dəlillərini tam araşdırmamış və ərizəni rədd etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. “İcra haqqında” Qanunun” Maddə: 8.1-ci icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
13. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarı Həmin qərarda göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı.
16. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 877/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
18. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-877/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
20. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
21. Maddənin dispozisiya şərtinə görə qətnamənin hissə-hissə icra olunması və ya icra üsulunun dəyişdirilməsi üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır.
22. Kollegiya qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna hal olmaqla, bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır.
23. İşin faktiki hallarından müəyyən ediilir ki, borclu Elməddin Əhədzadə maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı:
X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-877/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.