Məhkəmə qərarları › İş №8(105)-2/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-2/2025

08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-2/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatının qismən təmin olunmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-352/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu (VÖEN **********) 17 may 2021-ci il tarixinə hesablanmış 840909 manat məbləğində əsas borc, 9000 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 850439 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 850439 manat məbləğində pul vəsaiti AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Sözügedən icra sənədi üzrə tələb borclunun Xaçmaz rayonunda yerləşən torpaq sahəsinə yönəldilmiş, borcluya məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ləğv prosesində olan "xxxx" ASC-də girov qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu adına bir ev və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-352/2024 saylı işi üzrə Borclu Abşeron Rayon İcra və Probasiya şöbəsinin borclunun əmlakının üzərinə həbs qoyulmasına dair xx/xx/204321Q saylı, 11 iyul 2024-cü il tarixli təqdimatının rədd edilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Borclu ərizəsində qeyd etmişdir ki, qeyd olunan borc sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan həbs mübahisə predmeti olan istixana avadanlığının və kommersiya təyinatlı torpaq sahəsinin üzərinə qoyulmalıdır. Bildirirlər ki, Borclu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)- 26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, 850439 manat, ümumilikdə isə ******* manat borc öhdəliyi mövcuddur. Həmçinin adıçəkilən istixana avadanlığı lizinq predmeti olduğuna görə agentliyin mülkiyyətindədir. Bu səbəbdən borclunun tələbi qanunsuzdur və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq o, Borclu tələbinin rədd edilməsi, Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx/xx/204321Q saylı, 11 iyul 2024cü il tarixli təqdimatının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon İcra Şöbəsinin icra məmuru onun yaşadığı evlərə həbsin qoyulmasına dair təqdimat vermişdir. Nəzərə çatdırır ki, borc lizinq avadanlığına görə yaranmışdır. Həmin avadanlıqlar (istixana) hazırda Xaçmaz rayonu, Köhnə Xudat kəndində mülkiyyətində olan kommersiya təyinatlı torpaq üzərində qurulmaqla saz vəziyyətdədir. İstixanın hazırki likvid qiyməti ******* manatdan, kommersiya təyinatlı torpaq sahəsinin likvid dəyəri isə ******* manatdan yuxarıdır. Onun borcu sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hesab edir ki, icra məmuru tərəfindən həbs də həmin torpaq sahəsi və avadanlığın üzərinə qoyulmalıdır. İcra məmuru həmin obyektlərin qiymətləndirilməsini həyata keçirmədən yaşadığı ev və torpaq sahələrinə həbsin qoyulması barədə təqdimat vermişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq o, Abşeron Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatının təmin olunmamasına dair qərardad çıxarılmasını xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-352/2024 nömrəli qərardadı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatının qismən təmin edilməsi, Borclu mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır (hakim Elman Məmmədov). Borclu nümayəndəsi və vəkili X3 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 8(012)-352/2024 saylı qərardadının ləğv edilməsini, mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Borclu nümayəndəsi və vəkili X3 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadında qeyd olunmuşdur ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəmə iclasında təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 850439 manat məbləğində pul vəsaiti AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Sözügedən icra sənədi üzrə tələb borclunun Xaçmaz rayonunda yerləşən torpaq sahəsinə yönəldilmiş, borcluya məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ləğv prosesində olan "xxxx" ASC-də girov qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu adına bir ev və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Abşeron Rayon İcra Şöbəsinin icra məmuru borclunun yaşadığı evlərə həbsin qoyulmasına dair təqdimat vermişdir. Nəzərə çatdırır ki, borc lizinq avadanlığına görə yaranmışdır. Həmin avadanlıqlar (istixana) hazırda Xaçmaz rayonu, Köhnə Xudat kəndində mülkiyyətində olan kommersiya təyinatlı torpaq üzərində qurulmaqla saz vəziyyətdədir. İstixanın hazırki likvid qiyməti ******* manatdan, kommersiya təyinatlı torpaq sahəsinin likvid dəyəri isə ******* manatdan yuxarıdır. Borclu borcu sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hesab edir ki, icra məmuru tərəfindən həbs də həmin torpaq sahəsi və avadanlığın üzərinə qoyulmalıdır. İcra məmuru həmin obyektlərin qiymətləndirilməsini həyata keçirmədən yaşadığı ev və torpaq sahələrinə həbsin qoyulması barədə təqdimat vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Onun yazılı müraciətinə əsasən hazırda həmin avadanlığın üzərinə həbsin qoyulmasına dair icra məmuru tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdimat verilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qeyd etdiyi kimi qarşı tərəf heç bir sübut təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi məhkəmə bu fakta nəzər salmadan icra məmurunun təqdimatını təmin etmişdir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qətnamə ilə artıq qiymətin müəyyən olunması haqqında səhv nəticəyə gəlmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübutedilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-352/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 352/2024 nömrəli qərardadı mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, borclu birinci instansiya məhkəməsinin qərardadının ləğvini xahiş etsə də həmin qərardadla təqdimat qismən təmin edildiyindən və tələbkar və ya icra məmuru tərəfindən şikayət verilmədiyindən sözügedən qərardad təqdimatın təmin edilən hissəsində yoxlanılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu mülkiyyətində olan həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair nəticəsi düzgündür. Belə ki, iş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdimatın mahiyyəti icra sənədi üzrə tələbin ödənilməsinin təmin edilməsinə yönəlmiş, daha konkret formada icra məmurunun təqdimatında, habelə tələbkarın sözügedən qəradaddan verdiyi şikayətində tələb borcluya məxsus əmlakın üzərinə həbs qoyulmaqla, onu satmaq yolu ilə tələbin icra edilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, üzərinə həbs qoyulması tələb edilən torpaq sahəsi borclunun mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Borclu şikayətinin dəlillərində göstərmişdir ki, borc lizinq avadanlığına görə yaranmışdır. Həmin avadanlıqlar (istixana) hazırda mülkiyyətində olan kommersiya təyinatlı torpaq üzərində qurulmaqla saz vəziyyətdədir. Borc sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hesab edir ki, icra məmuru tərəfindən həbs də həmin torpaq sahəsi və avadanlığın üzərinə qoyulmalıdır. İcra məmuru həmin obyektlərin qiymətləndirilməsini həyata keçirmədən yaşadığı ev və torpaq sahələrinə həbsin qoyulması barədə təqdimat vermişdir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq hesab edir ki, sözügedən istixana avadanlığı olan lizinq predmetinin üzərinə həbsin qoyulmaması hazırkı təqdimatın təmin olunmaması üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu məxsus torpaq sahəsinə həbsin qoyulmasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X9 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X9 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-352/2024 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar