Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-20/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-487/2020 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-487/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1863/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatının qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1863/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərinə həbsin qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmış, borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1863/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar olunmuş (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4) torpaq sahəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1863/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu müştərək qaydada Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə 14970,67 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmış və könüllü icra haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq göstərilən tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Borclur qızının adına (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4) torpaq sahəsinin qeydiyyatda olduğu müəyyən edildiyindən, tələb həmin torpaq sahəsinə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardadı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1863/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən və icra sənədindən xəbərsiz olmuşdur. Bununla yanaşı, həmin borc ona deyil, digər borclu olan X4 məxsusdur. X5 ilə Tələbkar açıq səhmdar cəmiyyəti arasında kredit müqaviləsi bağlandığı zaman onunla da Tələbkar açıq səhmdar cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmışdır. Onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi yeganə mülkiyyətidir. Qanunvericiliyə əsasən icra məmurunun təqdimatının məqsədi qətnamənin icrasını təmin etməkdir. Lakin onun yeganə mülkiyyəti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qətnamənin icrasını təmin etməyəcəkdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tələbkar açıq səhmdar cəmiyyəti, borclular X5, Borclu və Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, borclular məhkəmə iclasına gəlmədiklərindən, Tələbkar açıq səhmdar cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Borclu şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı Borclu şikayəti üzrə təqdimatın təmin edilmiş hissəsində ləğv edilməli və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun təqdimatının təmin edilmiş hissəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının faktiki olaraq təqdimatın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1863/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclular X2 və Borclu müştərək qaydada Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə 11532,9 ABŞ dolları əsas borc və 3437,77 ABŞ dolları faiz borcu, cəmi 14970,67 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Həmin məhkəmə əmri əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru tərəfindən xx xxx 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Borclu adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təqdimata baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 138.1-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə bildirişinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun təqdimatına xx.xx.2020-ci il tarixdə baxılması barədə Borclu və Sumqayıt şəhəri üzrə İcra idarəsinə xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişləri göndərilmiş, lakin iş materiallarında həmin bildirişin Borclu və Sumqayıt şəhəri üzrə İcra idarəsinə rəsmi qaydada verilməsini təsdiq edən heç bir sənəd yoxdur. Bundan başqa, Tələbkar açıq səhmdar cəmiyyətinə təqdimata xx.xx.2020-ci il tarixdə baxılması barədə, ümumiyyətlə, məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi təqdimata Tələbkar açıq səhmdar cəmiyyətinin, borclular X3, Borclu və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun iştiraklarını təmin etmədən baxmışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 263.6-cı maddəsinə görə məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbləri pozulmuş, təqdimata Tələbkar açıq səhmdar cəmiyyətinin, borclular X3, Borclu və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun iştirakları təmin edilmədən baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin qanunun 45.5-ci maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Həmin qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimatdan görünür ki, icra məmuru tərəfindən Borclu manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin olubolmaması araşdırılmamış və müvafiq araşdırmanın aparılmasına dair sənədlər təqdimata əlavə edilməmişdir. “İcra haqqında” qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. “İcra haqqında” qanunun 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İşdən görünür ki, üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan 0,12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərkən “İcra haqqında” qanunun 49.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinin tələblərini nəzərə almamış, Borclu əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmamasını aydınlaşdırmamış, bundan asılı olaraq borcluya məxsus 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulubqoyulmamasının zəruriliyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi də təqdimata baxarkən “İcra haqqında” qanunun 49.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinin tələblərini nəzərə almamış, qeyd edilən halları araşdırmamışdır. Həmçinin təqdimata icra işinin surəti də əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, Borclu şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı Borclu şikayəti üzrə təqdimatın təmin edilmiş hissəsində ləğv edilməli və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun təqdimatının təmin edilmiş hissəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-487/2020 saylı qərardadı Borclu şikayəti üzrə təqdimatın təmin edilmiş hissəsinə ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun təqdimatının təmin edilmiş hissəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-20/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-20/2021
28.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver