Məhkəmə qərarları › İş №8(105)-20/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-20/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-20/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)-508/2024 nömrəli qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 905/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-905/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2024- cü il tarixli, 2(012)- 270/2024 nömrəli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamış, nəticədə onun 2600 manat aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir.

3. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)-508/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) xx.xx.1980-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

4. Qərardaddan Borclu 09 dekabr 2024-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-508/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. O, eyni zamanda həmin qərardaddan şikayət vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 8(012)-508/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(012)-508/2024 saylı qərardadından şikayət prosessual müddət daxilində verildiyindən müddətinin bərpa olunması barədə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsi, şikayət vermə müddəti gözlənilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-508/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

7. Borclu şikayətini onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə razı deyil. Ətraflı olaraq bildirmək istəyir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-595/2018 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək, Tələbkar ilə aralarında olan rəsmi nikah pozulmuş və böyük övladları Sadıq və Aysel onun himayəsinə, əkiz övladları Əsgər və Əkbər isə Tələbkar himayəsinə verilmişdir. Qətnamə bu qaydada qət olunsa da, övladlarının dördü də onun himayəsində idi. Bir müddət sonra Ənvər həm ona, həm də ki, ahıl yaşlı anasıın üstünə hücum çəkmiş və onları döyməyə başlamışdır. Onlar gecə ilə Masallı rayonuna getmişlər. Övladlarını isə Ənvər verməmiş və düşünmüşdür ki, ara sakitləşər və o, yenidən evinə qayıdar. Ancaq bu belə olmadı. Ənvər övladlarını bağlı qapı arxasında saxlamış və onları onu öldürəcəyi ilə təhdid etmişdir. Hazırda 19 yaşlı qızı onun himayəsindədir. Onu da əlavə edir ki, oğlan övladlarını artıq ona qarşı öyrətmiş və guya o, əxlaqsız həyat tərzi keçirir. O, düçar olduğu xəstəlik səbəbindən ölüm döşəyində idi və onun bu halına biganə qalmayan bacısı öz yanına müalicə üçün Rusiya Federasiyasına aparmışdır. Orada müalicə olunmuş və övladları ilə telefon vasitəsi ilə əlaqə qurmağa çalışırdı. Qızı Aysel atasından və qardaşlarından gizlin-gizlin onunla danışırdı. Oğlanları isə yox. O, Rusiyad Federasiyasında olan zaman Ənvər ona qarşı uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, əkiz övladları Əsgər və Əkbər ataları Ənvərin himayəsinə verilməklə onların saxlanması üçün ondan ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, həmin qətnamə qət edilən zaman müalicə üçün Rusiya Federasiyasında idi və onun səlahiyyətli nümayəndəsi anası məhkəmədə iştirak etmişdir. Ənvər məhkəmədə bildirmişdir ki, guya Rusiya Federasiyasında o, ailə həyatı qurmuş və kiminləsə yaşayır. O, bir ana kimi övladlarından ayrı qaldığı üçün iztirab çəkir. Beləliklə o, Abşeron Rayon Məhkəməsinin qət etdiyi qətnamədən narazı qaldığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini ünvanlamış və alimentin məbləği ümumilikdə 200 manata endirilməklə, yenə də övladları Ənvərin himayəsinə verilmişdir. Ənvər məhkəmədə saxta əlilliyini irəli sürmüş və guya əkiz övladlarının təlabatını əlil kimi aldığı təqaüdlə ödədiyini bildirmişdir. Bu ağ yalandır. Ona görə ki, əkiz övladları 15 yaşlıdır və onların hər ikisi işləyir. Əkbər təhsildən yayınaraq qapı ustası, Əsgər isə maşın ustası kimi Ənvər tərəfindən işlədilir. Övladları işləyir və qazandıqları pullar Ənvər tərəfindən mənimsənilir. O, xx.xx.2024-cü il tarixdə Azərbayacana gəlmiş, onu hava limanında saxlamışlar, xəstə halı ilə saatlarla gözlədikdən sonra Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Səhərisi gün xx.xx.2024-cü il tarixdə onu Abşeron Rayon Məhkəməsinə çıxarmışlar. Ona 10 gün vaxt vermişlər ki, alimenti ödəsin. O, işləmir, heç bir gəliri yoxdur. Hazırda ölüm döşəyində olan anasının yanında Masallı rayonundadır. Abşeron Rayon Məhkəməsinin 8(012)-508/2024 №-li iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilənlər ilə razı olmadığı üçün şikayətini məhkəməyə ünvanlayır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-508/2024 №-li iş üzrə xx.xx.2024-cü il tarixli qərardadını ləğv edib, ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunur.

Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

9. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)-508/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)-508/2024 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)- 508/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Göründüyü kimi mübahisələndirilən məhkəmə qərardadına əsasən xx.xx.1980-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-905/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(012)-270/2024 nömrəli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunmamış, nəticədə onun 2600 manat aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir.

13. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 905/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində qeyd edilmiş tələb Borclu tərəfindən yerinə yetirilmədiyindən, həmçinin borclunun ölkədən getmə ehtimalı olduğundan onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

14. Məhkəmənin qərardadı ilə razılaşmayan Borclu 09 dekabr 2024-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-508/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab etmir,birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

17. Bu baxımdan qeyd edilməlidir ki, qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.

18. Həmin qaydalara əməl edilərək düzgün hüquqi qiymət verilməsi, «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılan məhkəmə qərarının icrasının təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinə nail olmaq məhkəmənin başlıca vəzifələrindən biridir.

19. Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı qərar).

20. Məhkəmə kollegiyası oxşar mövqedən çıxış edərək bildirir ki, qanunvericilik qanunla nəzərdə tutulmuş əsaslar olduğu halda məhkəmə aktlarının icrasının məcburiliyini tanıyır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin əsasların mövcudluğunu araşdıraraq düzgün nəticəyə gəlmişdir.

22. Göründüyü kimi apellyator şikayətin dəlili olaraq müalicə üçün Rusiya Federasiyasına getdiyini göstərmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sənədlərdən görünür ki, borclu dəri xəstəliyi ilə bağlı müalicə olunmuşdur. Kollegiya bildirir ki, həmin xəstəliyin müalicəsinin ölkə ərazisində mümkün olmaması, müalicənin xarici ölkədə aparılması zərurəti sənədlərlə öz təsdiqini tapmır.

23. Şikayətin digər dəlili borclunin işləməməsi, qazancı olmaması barədədir.

24. Kollegiya şikayətin bu dəlilini də əsaslı hesab etmir. Borclunun işləməməsi barədə göstərdikləri borclu tərəfindən icra sənədinin üzürlü səbəbdən icra edilməməsi kimi bir nəticəyə gəlməməyə əsas vermir.

25. Şərh olunanları ümumiləşdirərək kollegiya bu nəticəyə gəlir ki, şikayətin dəlilləri formal mülahizədir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 8(012)-508/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar