Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-200/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Tələbkar vəkili və nümayəndəsi Vəkil, X1, Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, İcra sənədi üzrə borclular X13, X6, X9 və X5 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 27 iyul 2021-ci tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə borclular X13, X6, X9 və X7 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ölkə Prezidentinin sərəncamına əsasən başqa yaşayış sahəsi ilə təmin olunanadək Abşeron Rayon Məhkəməsinin 2(012)-1043/2019 saylı, 15.03.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə gedişatında borclular X10, X6, X9 və X7 dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1043/2019 saylı, 15.03.2019-cu il tarixli qətnaməsinin icrasına 1 (bir) il müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(012)-1043/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X10, X6, X9 və X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışına əsasən Tələbkar məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Hazırda Abşeron Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(012)-1043/2019 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olmaqla icra tədbirləri davam etdirilir. Tələbkar Abşeron Rayon Məhkəməsinə müraciət edərək X14, X10, X6, X9 və X5 həmin torpaq sahəsindən çıxarılmasını tələb kimi irəli sürmüşdür. Məhkəmə qətnaməsinə əsasən X14, X10, X6, X9 və X7 həmin ünvandan çıxarılmalıdırlar. Azərbycan Respublikası Prezidentinin 17 avqust 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nda məcburi köçkünlərin 1992-1994-cü illərdə məskunlaşdığı mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdığı evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqti dayandırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli, 895 saylı Sərəncamına əsasən onların mənzil hüquqları qorunmalı idi. Həmin Sərəncama görə 1994-1998-ci illərdə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdığı inzibati, yardımçı və digər yaşadığı mənzillərdən çıxarmaq olmaz. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Göstərilənlərə əsasən ölkə Prezidentinin Sərəncamı əsas tutularaq dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin olunanadək Abşeron Rayon Məhkəməsinin 2(012)-1043/2019 nömrəli, 15.03.2019-cu il tarixli qətnaməsinin icrasına 1 (bir) il müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 27 iyul 2021-ci tarixli qərardadı ilə ərizə qismən təmin olunmuş, həmin məhkəmənin 2(012)-1043/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilmişdir. (hakim C.Səfiyeva). Qərardaddan icra sənədi üzrə Tələbkar şikayət verərək Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 27 iyul 2021-ci tarixli qərardadının ləğv olunmasını, ərizənin isə təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 11 avqust 2021-ci tarixli qərardadı ilə şikayət təmin olunmamış və iş baxılması üçün şikayətlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər onun torpaq sahəsindən və oradakı evdən çıxmırlar. Onların Masazır qəsəbəsində digər ünvanda da yaşayış sahəsi vardır. Bu evi isə tamamilə kənar şəxslərə kirayə verərək pul qazanırlar. Nəticədə isə o, mülkiyyətindən məhrum olur və ölkə adından çıxarılan qətnamə icrasız qalır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir və buna görə də qərardad ləğv edilməli, qətnamənin icrasına heç bir möhlət verilməməlidir. Məhkəmə kollegiyasının iclasında Tələbkar vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, mübahisəli evin yerləşdiyi küçəyə paralel ərazidə borcluların başqa yaşayış sahələri vardır. Bu evi isə onlar kirayə verərək vəsait qazanırlar. Evdə qanunsuz olaraq tədris kursları təşkil olunur. Məhkəmə kollegiyasının iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X17 da şikayətlə razılaşdı və onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, icra prosedurları 19.03.2020-ci ildən başlasa da, qətnamənin tam icra edilməsi borcluların təqsiri üzündən baş tutmur. Onlar məcburi köçkün adından suiistifadə edirlər və icradan müxtəlif bəhanələrlə yayınırlar. Məhkəmə kollegiyasının iclasında borclu X6 şikayətə etiraz edərək bildirdi ki, onların yaşamağa başqa yerləri yoxdur. Başqa yaşayış sahəsi ilə təmin ediləcəkləri təqdirdə mübahisəli evi boşaldacaqlar. Bunun üçün onlara mütləq möhlət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron RİH başçısının Masazır kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli arayışından görünür ki, X2 Sara Xasay qızı, X9 və X3 ibarət ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır kəndində məskunlaşmışlar. Yenə iş materiallarında olan tələbkarın vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin iştirakı ilə tərtib olunmuş 02.07.2021-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(012)-1043/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar mübahisəli ünvanda olmuşlar, həmin ünvanda Tərgül Məmmədova adlı şəxsin beş nəfər ailə üzvləri ilə birlikdə yaşadıqları müəyyən edildi. Deməsinə görə Şükür adlı ev sahibinə ödəniş etmədən həmin evdə yaşayırlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(012)- 1043/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər X10, X6, X9 və X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışına əsasən Tələbkar məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş 15.11.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(105)-140/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, tələbkarın şikayətini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 27 iyul 2021-ci tarixli qərardadı ləğv edilməli, icra sənədi üzrə borcluların qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmamalıdır. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Adıçəkilən normanın təhlilindən görünür ki, qətnamənin icrasına möhlət verilməsi dedikdə, onun icrasının elə bir müddətə təxirə salınması başa düşülməlidir ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən edilmiş müddətdən ağlabatan qaydada çox olsun. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun qərarının 12 və 13-cü bəndlərinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Möhlətin müddətini, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləğini və ya miqdarını, hissələrinin dövriliyini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını rəhbər tutmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Sadalanan normaların tələbinə əsasən qətnamənin icrasına möhlət verilməsi üçün tərəflərin əmlak vəziyyəti nəzərə alınaraq ağlabatan müddət müəyyən olunmalıdır. Hazırki halda isə birinci instansiya məhkəməsi borcluların ərizəsini təmin edərkən yalnız onların əmlak vəziyyətini nəzərə almış, tələbkarın mənafeyini isə gözləməmiş, daha öncə qeyd edildiyi kimi Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almamışdır ki, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Tərəflərin izahatından məlum olmuşdur ki, icrasına möhlət istənilən qətnamənin qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq heç icra edilməmişdir. Yenə tərəflərin izahatından məlum olmuşdur ki, mübahisəli əmlak borclular tərəfindən başqa şəxslərə kirayə verilir. Onların əslində mübahisəli evdə yaşamalarına ehtiyacları yoxdur, başqa sözlə onlar qətnamənin icrasından yayınmaq üçün möhlət istəyirlər. Məhkəmə isə bu halları nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə məhkəmə kollegiyası razılaşmır. AR MPM-nin 15.1 və 15.2-ci maddələrinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 27 iyul 2021-ci tarixli qərardadı ləğv edilməli, icra sənədi üzrə borcluların qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-561/2021 saylı, 27 iyul 2021-ci tarixli qərardadı ləğv edilsin. İcra sənədi üzrə borclular X13, X6, X9 və X5 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmasın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-200/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-200/2021
22.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver