Məhkəmə qərarları › İş №8(105)-200/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-200/2025

09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-200/2025 09.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, Borclu Maraqlı şəxs qərarının ləğv edilməsi, avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi, övladının pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılmasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs “Borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, mülkiyyətində olan “Kia Pride” minik markalı, **-FP-*** dövlət nömrə nişanlı, “Nissan Sunny” minik markalı, **-SD-*** dövlət nömrə nişanlı, “X6 Hibrid” markalı, **-UC-*** dövlət nömrə nişanlı, “Toyota Hibrid” minik markalı, **-UD-*** dövlət nömrə nişanlı, “X9” minik markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomaşınlar üzərinə qoyulmuş həbsin götürülməsi, 2025-ci ilin may və iyun ayları üzrə autizm xəstəsi olan xx.xx.2017-ci il təvəllüdlü övladı X3 pensiyasından tutulmuş cəmi 200 manat pul vəsaitinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Borclu Maraqlı şəxs qərarının ləğv edilməsi, avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi, övladının pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1000/2025 nömrəli qərardadının ləğv edilməsi və icra şöbəsinin “qərarın ləğv edilməsi, avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi, övladının pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılması haqqında” şikayətinin icraata götürülməklə sonrakı prosessual hərəkətlərin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayət ərizəsini geri qaytarıb istinad edib ki, Maraqlı şəxs “Borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında” 24 fevral 2025-ci il tarixli qərarı Qaradağ Rayon Məhkəməsinin 2(002)-3771/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan bütün dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi zərurəti yarandığından, hazırki ərizə ilə Qaradağ rayon Məhkəməsinə müraciət edilməlidir. Hesab edir ki, qeyd olunan qərardad əsassız olduğuna görə ləğv edilməli, şikayət ərizəsinə mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməli və sonrakı prosessual hərəkətlər davam etdirilməlidir. Qanunverciliyin tələbindən göründüyü kimi, şikayət ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə tərtib edilmiş və hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə nəzərə almır ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Hazırki vəziyyətdə də, icra vərəqəsi Qaradağ Rayon Məhkəməsi tərəfindən verilsə də, icraya nəzarət edən məhkəmə Sumqayıt Şəhər Məhkəməsi olduğuna görə, seçim hüququ məhkəməyə deyil, ərizəçiyə məxsusdur. Məhkəmə nəzərə almır ki, Qaradağ Rayon Məhkəməsi icra vərəqəsini versə də, həmin icra vərəqəsinin icrası Sumqayıt şəhər İcra şöbəsinə həvalə edilmiş, borclu tərəfindən verilmiş şikayətdə məhz Qaradağ rayon İcra şöbəsinin deyil, Sumqayıt şəhər İcra şöbəsinin hərəkət-hərəkətsizliyi ilə bağlı olmuşdur. Belə olan vəziyyətdə hesab edir ki, bu şikayət ərizəsinə Qaradağ Rayon Məhkəməsi ilə birlikdə icraya nəzarəti həyata keçirən məhkəmə olaraq Sumqayıt şəhər Məhkəməsi də baxmaq səlahiyyətindədir. Bu məhkəmənin deyil, məhz ərizəçinin seçimi əsasında aparılır. Birinci instansiya məhkəməsi yalnız formal olaraq Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad etmiş, bu zaman nəzərə almamışdır ki, icra hərəkətləri Qaradağ rayonunda deyil, məhz Sumqayıt şəhərində aparılır və mübahisələndirilən qərarı da məhz Sumqayıt şəhər İcra şöbəsi qəbul edib. Qeyd olunan icra vərəqəsinin verilməsinə əsas olan qətnamə hansı məhkəmənin adından qəbul edilməsindən asılı olmayaq, nəzərə alınmalıdır ki, bu qətnamələr məhz dövlətin adından qəbul edilib və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Hesab edir ki, hazırki şikayət ərizəsinə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Qaradağ və ya Sumqayıt Şəhər Məhkəməsinin hakimləri eyni statusda olmaqqla hər iki məhkəmə eyni təyinatlıdır. Zatən qeyd olunan icra vərəqəsi 2016-cı ildə qəbul eilmişdir ki, həmin hakimin hazırda da Qaradağ Rayon Məhkəməsində hakim vəzifəsində işləməsi mümkün deyildir. Odur ki, icra sənədi üzrə mübahisə Sumqayıt şəhəri ərazisində həyata keçirildiyinə və şikayət olunan orqan Sumqayıt icra şöbəsi olduğuna görə, hazırki ərizəyə də məhz Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-in 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 1000/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)- 1000/2025 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, borclunun əmlakları barədə axtarış elan edilməsi ilə bağlı qərar Qarabağ Rayon Məhkəməsinin 2(002)-3771/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar qəbul edilmişdir. Məhkəmə kollegiyası icra vərəqəsinin Qaradağ Rayon Məhkəməsi tərəfindən verilməsinə görə hazırki ərizəyə həmin məhkəmədə baxılmalı olması əsası ilə şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin qarşılıqlı təhlilinə əsasən qeyd edir ki, borclunun hazırkı şikayəti icra məmurunun ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından və ya həmin sahədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlərindən irəli gəlməmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin tələbindən də göründüyü kimi məhkəmə aktının icrası ilə bağlı müəyyən məsələlərə məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən deyil, icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Hazırki şikayət isə Qaradağ Rayon Məhkəməsinin 2(002)-3771/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi ilə borcludan tutulmalı olan pul məbləğinə görə borclu X2 müllkiyyətində olan bütün dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş qərarın mübahisələndirməsindən, avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsindən və övladının pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılmasından ibarətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarı isə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsi ilə əlaqədar olaraq, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməsini təsbit etməkdədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan icra məmurunun hərəkətlərindən şikayət də icra məmurunun olduğu yer üzrə məhkəməyə, yəni Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)-1000/2025 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar