Məhkəmə qərarları › İş №8(105)-203/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-203/2021

28.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-203/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Tələbkar Balağa oğlunun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, X3, 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv. metr olan mənzilin və ona dair zəruri sənədlərin "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, habelə, onun mənzilə dair mülkiyyət hüququnun ayrılmaz hissəsi sayılan sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində "xxxx" MTK-nın ona qarşı yaratdığı maneənin aradan qaldırılması tələbi barədə ilk, "xxxx" Mənzil Tikinti Kooperativinin Tələbkar Balağa oğluna qarşı mənzil tikintisi müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı icra sənədinə izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Tələbkar Balağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.07.2017-ci il tarixdə onunla, Xırdalan şəhəri, X3 1 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən satın aldığı, dəyəri 55250 (əlli beş min iki yüz əlli) manat olan Abşeron rayonu, Xırdalan şəhəri, X3 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzilin və ona dair zəruri sənədlərin "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, habelə, onun mənzilə dair mülkiyyət hüququnun ayrılmaz hissəsi sayılan sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində "xxxx" MTK-nın ona qarşı yaratdığı maneənin aradan qaldırılması, eləcə də iddianın məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 85 kv. metr olan 2 (iki) otaqdan ibarət 21 saylı mənzilinə dair Tələbkar Balağa oğlu ilə «kooperativ binanın mənzil tikintisi haqqında» 28 iyul 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 208-ci il tarixli qətnaməsi ilə Tələbkar Balağa oğlunun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası təmin edilməmiş, "xxxx" Mənzil Tikinti Kooperativinin qarşılıqlı iddiası təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Tələbkar Balağa oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, X3 1, ünvanındakı yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilə dair bağlanmış 28 iyul 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir (hakimC.İ.Səfiyeva). Qətnamədən iddiaçı Tələbkar Balağa oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 saylı, 04 dekabr 2018-ci il tarixli, qətnaməsi ilə Tələbkar Balağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 208-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı Tələbkar Balağa oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7643/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X3 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzil və ona dair zəruri sənədlərin "xxxx" MTK tərəfindən Tələbkar Balağa oğluna təhvil verilməsi, Tələbkar Balağa oğlunun həmin mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində "xxxx" MTK-nın iddiaçı Tələbkar Balağa oğluna qarşı yaratdığı maneənin aradan qaldırılması, ilk iddia ərizə verilərkən dövlət rüsumu ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dan alınıb iddiaçı Tələbkar Balağa oğluna qaytarılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə 25 dekabr 2020-ci il tarixdə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17.05.2021-ci il tarixli məktubu ilə mülki iş materiallarının Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olması səbəbindən icra vərəqəsinə izah verilməsinin qeyri-mümkün olması bildirilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 27.08.2021-ci il tarixdə təkrarən ərizə ilə məhkəməyə müraciət edərək icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra vərəqəsinə izah verilməsi barədə ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK 22.02.2021-ci il tarixdə kassasiya şikayətini məhkəməyə təqdim etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-977/2020 saylı, 09 mart 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh Abşeron A1” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3471/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-977/2020 saylı, 09 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçünmülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-977/2020 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinə uyğun hesab edilmiş və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iş materialları Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Hazırki işdən görünür ki, icra vərəqəsi verilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən mübahisələndirilmiş, mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti hazırki gündə Ali Məhkəmənin icraatında olduğundan qətnamə qanuni qüvvəsini almamış hesab edilməlidir. Belə olan halda qətnamə üzrə verilmiş icra vərəqəsinin izah edilməsinə yol verilmir və icra vərəqəsinə izah verilməsi barədə ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 400, 402, 403,404, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı icra sənədinə izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar