Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-203/2025 08.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1108/2025 saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsinə dair X4 Nazim oğlu tərəfindən verilmiş ərizə üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ X4 Nazim oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 1108/2025 saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamilov Həsən Nazim oğlu Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarına əsasən xx.xx.2018-ci il təvəllüdlü oğlu Şamilli Nazim Həsən oğlu üçün maraqlı şəxsə indiki halda hər ay təxminən 1100 manat məbləğində aliment ödəyir. Göstərilənlərə əsasən ödədiyi alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, Şamilov Həsən Nazim oğlu tərəfindən ödənilən alimentin 50 faizi 02 mart 2018-ci il təvəllüdlü Şamilli Nazim Həsən oğlunun adına açılacaq bank hesabına köçürülməsi qərara alınmışdr (hakim Şəbnəm Həxiyeva). Tələbkar (maraqlı şəxs) Tələbkar məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 saylı qərardad tamamilə qanunsuz və əsassızdır. Məhkəmə qərar qəbul edərkən qeyd etmişdir ki, cavabdehin aylıq əmək haqqının ¼ hissəsi cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən təxminən dörd dəfə çoxdur, eyni zamanda iddiaçının özü də işləməklə 660 manat əmək haqqı alır. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını, uşağın əvvəlki yaşayış əvvəlki təminat səviyyəsini düzgün qiymətləndirməmişdir. Belə ki, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Plenumun qoymuş olduğu hüquqi mövqedən aydın olur ki, uşaq üçün verilən aliment elə bir həddə müəyyən edilməlidir ki, o, tərəflərin nikah dövründə uşağın həyat təminat səviyyəsi necə həyata keçirilirdisə, nikah pozulduqdan sonra uşaq həmin təminat səviyyəsinə maksimum uyğun yaşamalıdır. İlk öncə məhkəmənin diqqətinə çatdırır ki, qeyd edilən ¼ hissədə aliment məbləği xx.xx.2025-ci il tarixdən tutulmağa başlanmış, həmin pul məbləği də tam stabil deyil, hissə-hissə ödənilmişdir. Tərəflərin nikahı pozulmamışdan əvvəl azyaşlının 1 yaşı olmuşdur, hazırda uşağın yaşı 7-dir. 1 yaşlı uşaqla 7 yaşlı uşağın həyat təminatı tamamilə başqadır. Azyaşlı nikah pozulmamışdan əvvəl valideynləri ilə birgə daha yaxşı təminatlı evdə yaşamışdır. Bəli, tərəflərindən aliment məbləğinin sırf uşağa xərclənməli olan pul məbləği kimi nəzərdə tutulması qəbul edilsə də, bununla bağlı bildirir ki, hazırda götürülmüş ipoteka məbləği və alınmış ev sırf azyaşlının həyat təminatının yaxşılaşdırılması üçündür və bununla da, uşağın mənzil şəraiti yaxşılaşdırılmışdır. Eyni zamanda, ölkə ərazisində bazar münasibətlərinin real və faktiki halları, nəğdsiz ödənişlərin bazar münasibətlərində kütləliyi də məhkəmə tərəfindən nəzərə alınmamış, qərardad sübut təqdim edilməməsi ilə əsaslandırılmışdır. Belə ki, azyaşlı Şamilli Nazim Həsən oğlu “MA” tədris mərkəzindən əlavə riyaziyyat və ingilis dili üzrə reptitor yanına gedir və ödənişi 200 manat təşkil edir. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, ana, yəni tələbkar şəxs Tələbkar "xxxx" ASC-nin “Sumqayıt” filialında mütəxəssis vəzifəsində işləyir. Onun gündəlik iş rejimi həftənin bazar ertəsindən cümə gününə saat 09:00-18:00 təşkil edir. Azyaşlının orta məktəb rejimi isə 08:00-12:30dəkdir. Göründüyü kimi 12:30-dan etibarən işdə olan ananın uşağa vaxt ayırması imkansızdır ki, bunun üçün əlavə olaraq aylıq 350-400 manat olmaqla dayə tutulmuşdur. Çünki borclu indiki dövrə qədər keçən 6 illik müddətdə uşaqla ünsiyyət üçün iddia belə qaldırmamış, uşağın həyat tərzinə mümkün töhfə verməmiş, eyni şəhərdə, elə də uzaq olmayan məsafədə yaşayan övladına vaxt ayırmamışdır. Həmçinin, işdən sonra tələbkar şəxs azyaşlını futbol məktəbinə aparıb onun sağlam həyatının təminatını həyata keçirir ki, bu idman dərsinə də əlavə olaraq 100 manat ödəniş edir. Göründüyü kimi tələbkar şəxsin azyaşlı üçün 700 manat təşkil edən xərci yalınız onun gündəlik həyat tərzinin, idmanının, təhsilinin təminatına xərclənir. Qalan məbləğ isə uşağın digər - yemək, dünyagörünüşünü genişləndirmək üçün həftəsonu gəzmək, qidalanmaq xərclərini təşkil edir. Həmçinin, məhkəmə qərar qəbul edərkən Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü bəndini əsas götürərək göstərmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin qoymuş olduğu hüquqi mövqedən belə çıxır ki, uşaq ay ərzində minimum xərc təşkil edən pulla yalnız yemək yeməlidir. Çünki Qanunun qeyd edilən norması bu təminatı yalnız uşağın gündəlik qida rasionunun qarşılanması üçün xərc kimi müəyyən etmişdir, onun sonrakı həyat tərzini, cəmiyyət üçün nümunəvi fərd kimi formalaşması, dünyagörüşünün artırılması üçün çəkilməli xərcləri nəzərə almamışdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar kimi formal olaraq sadalansa da, qeyd etdiyimiz kimi onun bu təminatının həyata keçirilməsi üçün gündəlik və aylıq xərcləri nəzərə alınmamışdır. Eyni zamanda, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü bəndində göstərilən minimal xərclər onun yalnız minimal dolanacaq xərclərinin qarşılanması üçün göstərilmiş xərclərdir. Onun dünyagörüşü, cəmiyyət üçün nümunəvi fərd kimi formalaşması üçün çəkilən xərclər formasında müəyyən edilməmişdir. Qərardaddan da göründüyü kimi, məhkəmə tərəfindən işin faktiki halları, tələbkarın uşağın saxlanması üçün real xərcləri nəzərə alınmamış, ətraflı araşdırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin aylıq əmək haqqının ¼ hissəsi cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən təxminən dörd dəfə çoxdur, eyni zamanda iddiaçının özü də işləməklə 660 manat əmək haqqı alır. Lakin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qoymuş olduğu hüquqi mövqeyi düzgün qiymətləndirməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar kimi formal olaraq sadalansa da, qeyd etdikləri kimi onun bu təminatının həyata keçirilməsi üçün gündəlik və aylıq xərcləri nəzərə alınmamışdır. Eyni zamanda, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü bəndində göstərilən minimal xərclər onun yalnız minimal dolanacaq xərclərinin qarşılanması üçün göstərilmiş xərclərdir. Onun dünyagörüşü, cəmiyyət üçün nümunəvi fərd kimi formalaşması üçün çəkilən xərclər formasında müəyyən edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilərək, cavabdeh Şamilov Həsən Nazim oğlundan 03 yanvar 2019-cu il tarixdən başlayaraq 02 mart 2018-ci il təvəllüdlü Şamilli Nazim Həsən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub iddiaçı X1 verilməlidir; “MA” tədris mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Şamilli Nazim Həsən oğlu “MA” tədris mərkəzində ibtidai sinif (rus bölməsi) üzrə hazırlıq keçir. Hazırlığın aylıq ödənişi 100 manatdır; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tələbkar "xxxx" ASC-nin “Sumqayıt” filialında “pərakəndə satışlar və xidmətlər bölməsinin mütəxəssisi” vəzifəsində çalışır. Əmək haqqı məbləği 660 manat təşkil edir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin Dövlət sosial yardımı siyasəti sektorunun müdiri vəzifəsində işləyən Şamilov Həsən Nazim oğlunun əmək haqqından məhkəmə qərarına əsasən tutularaq tələbkar X1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə aliment məbləği cəmi 4656,47 manat (2025-ci ilin yanvar ayı -502,55 manat, fevral ayı-502,55 manat, mart ayı 484,31 manat, aprel ayı 1026,58 manat, may ayı 1070,24 manat, iyun ayı 1070,24 manat) təşkil etmişdir; xx.xx.2019-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Fərhad Məmmədov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; Tələbin könüllü icrası haqqında xx.xx.2019-cü il tarixli bildirişdən görünür ki, X4 Nazim oğluna icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhəri İcra idarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2(060)-1108/2019 saylı saylı icra vərəqəsinə əsasən Nazirliyin əməkdaşı Şamilov Həsən Nazim oğlundan hər ay gəlirlərinin dörddə bir hissəsinin tutularaq alimentin iddiaçının hesabına ödənilməsi üçün Nazirliyin mühasibatlığında qeydiyyata alınmışdır. X4 Nazim oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən geriyə şamil edilməklə 2019-cu ilin yanvar ayından etibarən övladı Şamilov Nazim Həsən oğlu üçün aliment ödəyir. Halbuki məhkəmə qərarı qüvvəyə minənə qədər övladının bütün maddi xərclərini tam şəkildə özü qarşılamışdır. Boşanma rəsmiləşdikdən sonra 2020-2023-cü illər ərzində ailənin bərpası və övladının bütöv ailədə böyüməsi məqədilə dəfələrlə təşəbbüs göstərmişdir. Lakin qarşı tərəf hər dəfə “mən ailə adamı deyiləm”, “mən sərbəst insanam” “məni istəyən, necəyəmsə elə də qəbul etməlidir” kimi ifadələr səsləndirərək bu təşəbbüslərdən imtina etmişdir. Hazırda da qarşı tərəfin yaşadığı ailədə övladı ona qarşı nifrət ruhunda tərbiyə olunur. Məhkəmə qərarı ilə görüş hüququ müəyyən edilmədiyi üçün bu vəziyyətdən sui-istifadə edilir. Hər dəfə övladı ilə əlaqə saxlamaq istədikdə, onun yanında “atan sənə heç ə etməyib”, “atan sənə ev almayıb”, “anan sənə hər şeyi edir,istədiyini alır, gəzməyə aparır” kimi ifadələr səsləndirilərək övladının düşüncəsinə mənfi təsir göstərilir. Nəticədə övladı hazırda onunla görüşmək istəmir. Məhkəmə qərarınd aqarşı tərəfin ipotekaya götürdüyü evin qeyd olunması da onun sərbəst həyat tərzi sürmək istəyindən irəli gəlir. Qarşı tərəf sırf istədiyi həyat tərzini yaşamaq üçün boşanmaya təşəbbüs etmiş, sonrada valideynləri ilə yaşamaqdan da imtina etmişdir. Əgər dediyi kimi, o övladı üçün heç nə etməmişdirsə, o haılda indi niyə özünün sərbəst yaşaması üçün aldığı evi övladının adı ilə bağlayır? Bundan əlavə, o keçmiş həyat yoldaşını iki dəfə müxtəlif şəxslərlə birlikdə görmüşdür. Hal-hazırda o hər ay 1070 manat əmək haqqı və əlavə olaraq məzuniyyət pulu, eləcə də rübdə bir dəfə aldığı mükafatlardan ayrılan alimentlərlə birlikdə orta hesabla aylıq təxminən 1200 manat məbləğində aliment ödəyir. Bu məbləğ, 2025-ci ildə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumundan təxminən beş dəfə çoxdur. AR Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq, aliment məbləğinin 50 faizi qarşı tərəfə, 50 faizi isə uşağın adına açılacaq hesaba köçürülərsə, qarşı tərəfə ayda təxminən 600 manat aliment ödənilmiş olacaqdır ki, bu məbləğ bir uşağın saxlanılması üçün tam kifayət edir. Təqdim edilmiş sənədlərə əsaəsn qarşı tərəfin rəsmi əmək haqqısı 660 manat göstərilsə də faktiki gəlirləri 1000 manatdan çoxdur. Onun həyatını korlayan, övladını ona qarşı nifrət ruhunda böyüdən və “atan səni atıb, sənə heç nə etməyib” fikrini aşılayan birinə uşağın saxlanılması üçün tələb olunandan çox artıq aliment ödənilməsi onu mənəvi cəhətdən çox narahat edir. Üstəlik, bu vəsaitin bir hissəsinin uşağın ehtiyaclarına deyil, qarşı tərəfin şəxsi məqsədlərinə yönəldildiyini düşünür. Məqsədi övladının gələcək rifahını təmin etmək, alimentin şə\ffaf və məqsədyönlü istifadəsinə nail olmaqdır. Məlumat üçün bildirir ki, bu məsələ həll olunduqdan sonra övladı ilə görüşün müəyyən edilməsi üçün məhkəməyə ayrıca ərizə ilə müraciət edəcək. Ümid edir ki, qanun çərçivəsində ona görüş hüququ verildiikdən sonra qarşı tərəfin haqsız və qeyri-insani davranışlarının qarşısı alınacaqdır. Yaxın gələcəkdə əmək haqqısının və ümumi gəlirlərinin artması da gözlənilir. Qarşı tərəfin şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.3cü bəndinə istinad edilərə uşağın nikah pozulmazdan əvvəl valideynləri ilə birlikdə daha yaxşı təminatlı evdə yaşadığı qeyd olunmuşdur. Bu arqumentin əsassız olduğunu bildirir. Belə ki, oğlu 2018-ci ilin 14 aprel tarixinədək, yəni hələ 43 günlük körpə olduğu günədək onunla birlikdə yaşamışdır. Həmin tarixdə isə qarşı tərəf guya ona lazimi qayğı göstərmədiyini və onu yaxşı saxlamadığı bəhanəsi ilə onun iradəsi və razılığından kənar şəkildə övladını özü ilə aparmışdır. Bu hadisə tamamilə onun istəyi və razılığı xaricində baş vermiş, nəticədə övladının onunla birgə yaşamaq hüququ pozulmuşdur. Ərizəni təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. Göründüyü kimi bu norma dispozitivdir, imperativ deyil. İş materiallarından görünür ki, cavabdehin aylıq qazancının 1/4 hissəsinə mütənasib olan aliment məbləği 1070,24 manatdır. Cavabdehin tələb etdiyi kimi həmin pulun 50 faizi uşağın adına açılacaq bank hesabına köçürülərsə, bu, uşağın saxlanılması üçün iddiaçıya aylıq 535,12 manat məbləğində aliment ödəniləcəyi mənasına gəlir. Bu məbləğ isə demək olar ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən iki dəfədən artıqdır. Məhkəmə qeyd etmişdir ki, uşağın saxlanılması üçün aliment təyin edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Lakin cavabdehin aylıq əmək haqqının 1/4 hissəsinin cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən təxminən dörd dəfə çox olması, eyni zamanda iddiaçının özünün də işləməsi və aylıq 660 manat əmək haqqı alması, habelə uşağın yaşı nəzərə alınaraq, məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi məqsədəmüvafiqdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, alimentin müəyyən hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılacaq hesaba köçürülməsi, uşağın yetkinlik yaşına çatdıqdan sonra həmin puldan özü üçün istifadə edilməsinə xidmət edir ki, bu da uşağın gələcək təminatı üçün zəruridir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən uşaq 18 yaşına çatdıqdan sonra tam fəaliyyət qabiliyyətli və müstəqil hesab olunur. Bu səbəbdən yetkinlik yaşına çatmış uşağın valideyn himayəsindən çıxdıqdan sonra hesabda pul vəsaitinə malik olması, bir müddət təhsilinə və digər xərclərinin ödənilməsinə köməklik edəcəkdir ki, bu da uşağın maraqları ilə uzlaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 nömrəli qərardadı dəyişdirilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Şamilov Həsən Nazim oğlu tərəfindən ödənilən alimentin 30 faizi 02 mart 2018-ci il təvəllüdlü Şamilli Nazim Həsən oğlunun adına açılacaq bank hesabına köçürülməlidir. Belə ki, məhkəmə kollegiyası uşağın bank hesabına köçürülməli alimentin məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, uşağın əvvəlki həyat səviyyəsinin və maddi təminatının saxlanması, yaşı və şikayətdə göstəriləni diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. (8.9-1.-ci bənd) Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPMin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” (8.9-2-ci bənd) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 nömrəli qərardadı dəyişdirilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Şamilov Həsən Nazim oğlu tərəfindən ödənilən alimentin 30 faizi 02 mart 2018-ci il təvəllüdlü Şamilli Nazim Həsən oğlunun adına açılacaq bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 399, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-740/2025 nömrəli qərardadı dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Şamilov Həsən Nazim oğlu tərəfindən ödənilən alimentin 30 faizi 02 mart 2018-ci il təvəllüdlü Şamilli Nazim Həsən oğlunun adına açılacaq bank hesabına köçürülsün. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-203/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-203/2025
08.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver