Məhkəmə qərarları › İş №8(105)-204/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-204/2021

27.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-204/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi üzrə icra vərəqəsinə izah verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Kənan Məhərrəmovun verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(060)-8739/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı Tələbkar cavabdeh Borclu qarşı mənzilə köçürülmə tələbinə dair idia ərizəsi təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Tələbkar apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(060)-8739/2019 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi iddiaçı Tələbkar verdiyi apelyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(060)-8739/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş , iddiaçı Tələbkar cavabdeh Borclu qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilərək iddiaçı Tələbkar himayəsində olan övladları 27.12.2010-cu il təvəllüdlü X3 və 27.12.2014-cü il təvəllüdlü X4 ilə birlikdə cavabdeh Borclu yaşadığı birgə nikah dövründə tikilmiş Sumqayıt şəhəri Çerkasi küçəsi, 49-cu məhəllə, keçid 5 saylı (Yaşıldərə deyilən ərazi) evə köçürülməsi və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 40 (qırx) manat dövlət rüsumu cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.08.2021-ci il tarixli, 2(102)-1590/2021 saylı qərarı ilə cavabdehlər Borclu və X2 kasasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmlışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru ərizə ilə müraciət edərək göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsinin icra edilməsi mümkün olmamışdır. Belə ki, Borclu 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Hazırda Tələbkar Sumqayıt şəhəri Çerkasi küçəsi, 49-cu məhəllə, keçid 5 saylı evin hansı otağına köçürülməsi ilə qətnamədə qeyd olmadığından qətnamədə izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Verilmiş şikayət əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş mövcud qətnamənin nəticə hissəsi ilə icra vərəqəsini birlikdə araşdıraraq nəzərə alır ki, icra vərəqəsi tərtib edilərkən icra vərəqəsində heç bir yalnışlığa yol verilməmişdir. Ərizənin heç bir əsası yoxdur. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402, 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi üzrə icra vərəqəsinə izah verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdraəsinin icra məmuru Kənan Məhərəmovun ərizəsi təmin olunmasın və izah verilməkdən imtina edilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar