Məhkəmə qərarları › İş №8(105)-206/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-206/2021

04.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-206/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Tələbkar: Tələbkar, Borclu: Borclu iştirakı ilə, Tələbkar Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 8(012)-503/2021 saylı qərardadın ləğv edilməsi, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İlyas Həsənovun təqdimatının təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İlyas Həsənov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)218/2009 saylı, 06.03.2009-cu il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 8(012)-503/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 8(012)-503/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, qərardad onunla əsaslandırılmışdır ki, guya borclu heç vaxt aliment ödəməkdən boyun qaçırmamışdır, hazırda işsizdir və maddi imkanı yoxdur. Bu həqiqətə uygun deyildir. Borclunun 6740 manat aliment borcu vardır. Borclu ona düşən 70 manat aliment məbləgini vaxtında ödəmir. Məhkəmə tərəfindən bir çox maddi hüquq normalar pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021ci il tarixli qərardadını ləğv edib, təqdimatın təmin edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkar şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Borclu şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadı dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə təqdimat verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, təqdimatda borclunun icranı könüllü təmin etməməsinə və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına istinad olunsa da, qeyd edilənləri təsdiq edən hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Təqdimata əlavə olunmuş sənədlər borclunun icra sənədini həqiqətən də üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N saylı Qərarı ilə təsdiq olunmuş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1- ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin 20 avqust 2021-ci il tarixli 17/75971 saylı məktubundan müəyyən olunur ki, Borclu bu günə qədər ödənilməmiş 6740 manat aliment borcu vardır. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası təqdimatın təmin edilməməsi barədə qərardadın qanunda zidd olmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul edir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə qanun pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkar şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 06 avqust 2021-ci il tarixli 8(012)-503/2021 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. xx xxxxx 1979-cu il tarixdə Şamaxı rayonu, Cəyirli kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar