Məhkəmə qərarları › İş №8(105)-209/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-209/2021

05.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-209/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, X1 Əhəd oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 8(060)-195/2021 saylı qərardadından X1 Əhəd oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) X1 Əhəd oğlunun Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanovun Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 8i-2612 saylı, 30.03.2021-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi 01.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X1 Əhəd oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixli, 8(060)-195/2021 saylı qərardadından X1 Əhəd oğlunun verdiyi şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ X1 Əhəd oğlu Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanovun icra sənədi üzrə icraata başlanılması barədə qərarından şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanovun 01.04. 2021ci il tarixli İcraata başlamaq qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov 01.04.2021-ci il tarixdə icraatına daxil olmuş Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i-2612 saylı, 30.03.2021-ci il tarixli icra sənədinə əsasən 01.04.2021-ci il tarixli icraata başlamaq qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar düzgün qəbul edilməmişdir. Belə ki, devalvasiyadan əvvəl o, “Bank of Baku”dan kredit almışdır. Ödənişlər etmişdir. Bununla əlaqədar bank yeni ödəniş cədvəli tərtib edərkən borcun 1 ilə deyil, 2 ilə bölünməsin xahiş etmişdir. Lakin xahişi təmin edilməmişdir. Bu səbəbdən və pandemiya ilə əlaqədar banka ödəniş edə bilməmişdir. Bank tərəfindən tələb olunan borcu mübahisələndirmək istəyir. Ona görə də hesab edir ki, icraata başalamaq olmaz və bunu məhkəmə araşdırmalıdır. Ona görə də hesab edir ki, qərar düzgün qəbul edilmədiyi üçün ləğv olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X1 Əhəd oğlu Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, qərardad məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmadan çıxarılmış, qanunsuz və ədalətsizdir. Devalvasiyadan əvvəl bankdan kredit götürmüş və ödənişlər etmişdir. Pandemiya ilə əlaqədar ödənişləri edə bilməmişdir. Bankın tələb etdiyi məbləğlə razı deyil. Ona görə də icra məmurunun icraata başlamaq haqqında qərarı ilə razı deyil. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən X1 Əhəd oğlu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli və onunla bağlı 09 sentyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini icra məmurunun icraata başlamaq haqqında qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada qəbul etdiyini, habelə iş materiallarında icra üzrə icraatın dayandırılmasına yaxud icraata başlamaq haqqında qərarın ləğvinə səbəb ola biləcək heç bir əsaslı dəlilin olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir («İcra haqqında» AR Qanununun 8.1., 8.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərar qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş, ərizəçinin şikayətində onun ləğvi üçün əsaslar göstərilməmişdir. Belə ki, ərizəçinin şikayətində qeyd etdiyi hallar qanuni və əsaslı deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1 Əhəd oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli və onunla bağlı 09 sentyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar