Məhkəmə qərarları › İş №8(105)-21/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-21/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-21/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-5317/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından Tələbkar ASC tərəfindən verilmiş şikayətə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar ASC şikayətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5317/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)5317/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Borclu1, Borclu2 və X1 cəmi 12442,94 ABŞ dolları və 30 manat məbləğində pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-5317/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Nicat Ramazaninin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. İcra məmuru Nicat Ramazaninin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq Tələbkar ASC-yə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin xx.xx.2023-cü il tarixli qərarının surəti xx.xx.2024-cü il tarixdə Tələbkar ASC-yə təqdim edilmişdir. İcra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2023cü il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir. Lakin icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə, icra məmuru Nicat Ramazani bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o, bunları da, etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Eyni zamanda icra məmuru nəzərə almamışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən borclu verilmiş könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə onun barəsində müxtəlif növ məcburi icra tədbirlərinin görülməsi nəzərdə tutulur. Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru Nicat Ramazani bu icra tətbirlərini də tətbiq etməmişdir. Bundan əlavə borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızılzinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin olunmaldıır. Abşeron Rayon Məhkəməsinin 8(012)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayət ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-5317/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5317/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən borclunun maddi və əmlak vəziyyətinin yoxlanılmasından ötrü “İcra haqqında” Qanunla nəzərdə tutulmuş tədbirlər tam şəkildə görülməmiş, icra sənədinin geri qaytarılması üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün hallar araşdırılmamışdır. Bu xüsusda icra məmuru tərəfindən araşdırma aparılması barədə işdə hər hansı sübut yoxdur, yəni icra məmurunun qərarı kifayət qədər əsaslandırılmamışdır. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən icra sənədinə əsasən borclular Borclu1, Borclu2 və X1 tələb edilən pul vəsaitinin hissə-hissə də olsa, ödənilməsi imkanı yoxlanılmamışdır. Başqa sözlə, icra sənədinin icra edilmə imkanı hələ də mövcuddur, bu imkanları isə icra məmuru yetəri qədər araşdırmamışdır. Qərardaddan icra sənədi üzrə Borclu1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarını ləğv edərkən borclularda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olması barədə məlumatları müfəssəl araşdırmamış, məhkəmə iclasında icra məmurunun və digər borclunun iştirakını təmin etməmiş, çəkişmə və hüquq bərabərliyi prinsipinə riayət etməyərək borcluların qanunla qorunan mənafeyinin pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Bu səbəbdən həmin qərardad ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münaibətdə qeyd edir ki, borclularda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olması barədə məlumatları araşdırma məhkəmənin deyil, icra məmurunun vəzifələrinə aid olmuşdur ki, birinci instansiya məhkəməsi də məhz qeyd edilən əsasa görə icra məmurunun qərarını ləğv etmişdir. İcra məmurunun və digər borclunun iştirakının təmin edilməməsi ilə əlaqədar çəkişmə prinsipinə riayət edilməməsi ilə bağlı dəlil isə şikayətçinin prosessual hüququna aid olan məsələ olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar