Məhkəmə qərarları › İş №8(105)-211/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-211/2025

21.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-211/2025 21.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Abşeron Rayon Məhkəməsinin 2(012)-1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə Tələbkar ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İcra sənədi üzrə Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Borclu onun xeyrinə ödənilməsi üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin indeksasiyasına uyğun olaraq sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-527/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsinə dair iş materialının baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar və borclunun birgə nikahdan iki övladı xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-643/2019 saylı qətnaməsi ilə Borclu ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli (1077 nömrə ilə qeydə alınmış) nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 tələbkarın himayəsində saxlanılması qət edilmişdir. Bundan sonra Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-458/2020 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu qazancından 1/3 hissəsi miqdarında alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4112/2022 saylı qətnaməsi ilə alimentin artırılması tələbi təmin edilmiş, Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat miqdarında alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1919/2024 saylı qətnaməsi ilə alimentin artırılması tələbi qismən təmin edilmiş, Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 230 manat olmaqla, cəmi 460 manat miqdarında alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir. Qeyd etmişdir ki, övladlarının təhsilinin və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq tələb olunan xərclər tələbkarın vəsaitləri hesabına həyata keçirilir, həmçinin uşaqları böyüdükcə onların saxlanması üçün əlavə məsrəflərin meydana gəlməsi səbəbindən hər ay hər uşağa görə 230 manat olmaqla, cəmi 460 manat sabit aliment məbləği bu xərcləri ödəmək üçün kifayət etmir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1919/2024 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Borclu tutulan 230 manat məbləğində alimentin miqdarının xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunması qərara alınmışdr (hakim Mirnəsir Mirhəsənli). xx.xx.2025-ci il tarixdə borclu Məmişov X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 saylı qərardadından şikayəti və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə (vəsatətlə) müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 saylı qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasının üzrlü hesab edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 saylı qərardadının ləğv edilməsini, aliment məbləğinin indeksasiyası barədə tələbkarın ərizəsinin təmin edilməməsi və ya alternativ olaraq — işə yeni hallar (yeni övladın doğulması, maliyyə vəziyyəti, etiraz ərizəsi) nəzərə alınmaqla yenidən baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 saylı qərardadından Borclu tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmasının üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 saylı qərardadı ilə xx.xx.2024-cü il tarixli, 2(012)- 1919/2024 saylı qətnamə ilə müəyyən edilmiş hər uşaq üçün 230 manat məbləğində alimentin xx.xx.2025-ci ildən etibarən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya edilməsi müəyyən edilmişdir. Qərardadla razı deyil və onun ləğvini tələb edir. xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə yazılı etiraz ərizəsi təqdim etmişdir. Bu ərizədə real gəlir və xərcləri, mövcud aliment öhdəliyini, yeni ailəsinin olması və yaxın zamanda üçüncü övladının dünyaya gələcəyi, habelə qarşı tərəfin maddi imkanları barədə ətraflı faktlar göstərilmişdir. Həmin ərizədə iddiaçının təqdim etdiyi tələblə razı olmadığını əsaslandırmışdır. Məhkəmə qərarında bu ərizəyə istinad edilməmiş və arqumentləri nəzərə alınmamışdır. Bu, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin pozulmasıdır. Qərardad qəbul edilənədək onun yeni övladı dünyaya gəlmişdir. Bu hal onun ailə xərclərinə birbaşa təsir edir və alimentin miqdarının müəyyənləşdirilməsində mühüm rol oynamalı idi. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən bu, nəzərə alınmalı idi, lakin məhkəmə bu faktı araşdırmamışdır. Rəsmi əmək haqqısı 1300 manatdır. Qanuni tutulmalar və aliment ödənişi çıxıldıqdan sonra əlimdə 584 manat qalır. Bu məbləğlə yeni ailəsi və üç övladının əsas ehtiyaclarını qarşılamaq çətindir. Məhkəmə bu real vəziyyəti nəzərə almadan yalnız minimum əmək haqqı artımına əsaslanaraq qərar qəbul etmişdir. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə sabit məbləğdə müəyyən edilmiş alimentin indeksasiyası alimenti tutan təşkilat tərəfindən aparılmalıdır. Məhkəmə yalnız icra mərhələsində və əsaslı zərurət yarandıqda qərar qəbul edə bilər. Bu işdə belə zərurət əsaslandırılmamışdır. Qərardadda indeksasiya ərizə tarixindən (xx.xx.2025) hesablanmışdır. Halbuki Mülki Prosessual Məcəlləyə əsasən belə qərarlar yalnız qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 1919/2024 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 4112/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 230 manat olmaqla, cəmi 460 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının əlavə edilmiş 8.4-2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Kollegiya hesab edir ki, birici instansiya məhkəməsi qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək uşaq üçün 230 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 0.66 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 nömrəli qərardadı dəyişdirilərək alimentin miqdarı qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunmalıdır. Belə ki, alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla indeksasiya olunması nəticəsinə gələn birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15 saylı “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının “8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunan Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Göstərilən Məcəllənin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 nömrəli qərardadı dəyişdirilməli, alimentin miqdarı qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 399, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-417/2025 nömrəli qərardadı dəyişdirilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1919/2024 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Borclu tutulan 230 manat məbləğində alimentin miqdarı qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunsun. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar