Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-213/2025 21.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (məruzəçi), Süleymanova Almaz Məhərrəm qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İcra sənədi üzrə tələbkar Nəsibova Səmayə Hacımurad qızının aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İcra sənədi üzrə tələbkar Nəsibova Səmayə Hacımurad qızı məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4326/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Sultanova Lüdmila Anar qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4326/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Sultanova Lüdmila Anar qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Maraqlı şəxs tutulan 117 manat məbləğində alimentin miqdarının hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunması qərara alınmışdır (hakim Məlahət Abbasova). Qərardaddan Maraqlı şəxs şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 nömrəli qərardadı ilə qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət 10 gün ötürüldüyündən geri qaytarılmışdır. Sonuncu qərardaddan narazı qalan borclu Maraqlı şəxs şikayət verərək ləğv edilməsini xahiş etmişdir Şikayəti onunla əsaslandırmışdır ki, MPM-nin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Belə olan hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Şikayətə əlavə edilmiş maraqlı şəxsin ümumvətəndaş pasportundan görünür ki, Maraqlı şəxs sonuncu dəfə 09 yanvar 2025-ci il tarixdə ölkə sərhədinə giriş etmiş, 19 gün sonra, yəni 28 yanvar 2025-ci il tarixdə çıxış etmiş və 8 aya yaxındır ki, faktiki olaraq Rusiya Federasiyasında yaşayır. Bundan başqa, məhkəmə qərardadının maraqlı şəxsin atası tərəfindən 22 iyul 2025-ci il tarixdə qəbzə imza edilməklə əldə edilməsi məhkəmə sənədinin rəsmi qaydada verilmiş hesab edilməsi üçün əsas deyildir. Belə ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidir ki, maraqlı şəxsə bu barədə atası tərəfindən hər hansı məlumat təqdim edilməmiş, vəkil (nümayəndə) işə qoşulduqdan sonra maraqlı şəxs məhkəmə qərardadı barədə məlumatlı olmuş, həmin vaxtdan 10 gün müddətində şikayət vermişdir. Şikayəti geri qaytaran birinci instansiya məhkəməsi maraqlı şəxsin ölkə kənarında yaşamasını nəzərə almamış, nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də məhkəmə qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 373/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 saylı qərardadı borclunun atası tərəfindən xx.xx.2025-ci il tarixdə qəbzə imza edilməklə əldə edilmiş, qərardaddan şikayət isə məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2025-ci ildə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qərardaddan şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 saylı qərardadından verilmiş şikayəti geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-373/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-213/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-213/2025
21.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver