Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-214/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İcra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sabunçu Rayon Məhkəməsinin 2(008)-5118 saylı, 17.09.2013-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu 97.098,36 manat borc tutularaq tələbkar "Bank Technique” ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadov məhkəməyə təqdimatla müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 17.09.2013-cü il tarixli 2(008)- 5118/2013 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-5118 saylı, 17.09.2013-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu 97098,36 manat borc tutularaq tələbkar "Bank Technique” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 09.01.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəflərindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclu şəxsə təqdim edilmişdir. Lakin borclu icra vərəqəsində qeyd olunan öhdəliyi icra etməmişdir. Bu barədə xx.xx.1968-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu şəxs Borclu Mələb oğlunun 19.03.2021-ci il tarixdə izahatı alınmış və borclu izahatında tələbkara 97.098,36 manat borcu olduğunu etiraf etmiş, lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini göstərmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onların qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmalarının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüquqlarının məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən icra məmuru - Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 8(060)-204/2021 saylı qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 17.09.2013-cü il tarixli, 2(008)-5118/2013 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadovun təqdimatı təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13.07.2021-ci il tarixli 8(105)- 155/2021 saylı qərardadı ilə tələbkarın şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 17.09.2013-cü il tarixli, 2(008)-5118/2013 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (hakim G.Tanrıverdiyeva) Qərardadla razılaşmayan Borclu ondan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 204/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» AR Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verimiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Daha öncə qeyd olunduğu kimi icra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5118 saylı, 17.09.2013-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu 97098,36 manat borc tutularaq tələbkar "Bank Technique” ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, icra sənədi 09.01.2018-ci ildə icraata daxil olsa da, borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmişdir. İcra məmurunun təqdimatı isə kifayət qədər əsaslandırılmışdır və qanuni qüvvəyə minmiş məhkəmə aktının operativ icra edilməsinin təmin olunmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi əsaslnadırılmış təqdimatı haqlı olaraq təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra vərəqəsi üzrə Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2021 saylı 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-214/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-214/2021
08.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver