Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-214/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, X11 qızının katibliyi ilə, X2 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 8(060)-1014/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 avqust 2017-ci il tarixində verilmiş AZ-İİİ № 996126 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 iyul 2017-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Borclu, anası Tələbkardır.
2. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 11 fevral 2019-cu il tarixində verilmiş AZ-İV № 245031 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 yanvar 2019-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Borclu, anası Tələbkardır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1679/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə Tələbkar Axlas qızı arasında 11 avqust 2016-cı ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 2014 nömrə ilə qeyd olunmuş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmamış xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları-Tələbkar Axlas qızının himayəsində saxlanılmaları, Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar Axlas qızına verilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar Axlas qızına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir.
4. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 20 oktyabr 2021-ci il tarixində verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə Tələbkar nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 218 nömrə ilə qeyd edilmişdir. Qadına Piriyeva soyadı verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1679/2021 saylı qətnaməsi ilə Borclu birgə nikahdan olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin hər ay, hər uşaq üçün respublika üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,70 misli məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1679/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah ləğv olunmuş və birgə nikahdan olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 175 manat olmaqla, 2 uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qət edilmiş alimentdən sonra respublika üzrə minimum əmək haqqı məbləğində artımlar olmuş və buna görə də mən alimentin indeksasiya edilməklə artırılması hər uşağa alimentin respublika üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1014/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1679/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması qərara alınmışdır.
8. İcra sənədi üzrə Borclu məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1014/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, alimentin məbləği müəyyən edilərkən uşağın saxlanılması üçün zəruri ehtiyacların ödənilməsi ilə yanaşı, aliment ödəyən valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır. Məhkəmə cavabdehin real iqtisadi vəziyyətini və gəlir imkanlarını düzgün qiymətləndirmədən qərar qəbul etmişdir. Məhkəmə iş üzrə təqdim edilən sübutları, o cümlədən cavabdehin gəlir və xərcləri, maddi vəziyyəti, ailəvi və sosial şəraiti barədə məlumatları hərtərəfli araşdırmadan və obyektiv təhlil etmədən, yalnız şəxsi mülahizələrinə əsaslanaraq alimentin məbləğini müəyyənləşdirmişdir. Halbuki istinad edilən maddəyə əsasən məhkəmə işin bütün halları üzrə sübutları tam, hərtərəfli və obyektiv şəkildə qiymətləndirməyə borcludur. Bu öhdəlik yerinə yetirilmədiyi üçün qəbul olunmuş qərardad tərəflərin təqdim etdiyi faktiki məlumatların nəzərə alınmaması ilə fərqlənir, nəticədə isə alimentin hesablanmasında qanunun tələb etdiyi balanslı yanaşma təmin olunmamışdır. Belə yanaşma yalnız cavabdehin real iqtisadi imkanlarının nəzərə alınmamasına gətirib çıxarmamış, həm də prosessual ədalət, bərabərlik və obyektivlik prinsiplərinin pozulmasına səbəb olmuşdur. Bu halda məhkəmə tərəfindən qəbul edilmiş qərar tərəflərin hüquqlarının qorunması və ədalətli yük bölgüsünün təmin olunması baxımından etibarlı hesab edilə bilməz.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Ailə Məcəlləsi
12. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
14. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
19. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2021-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
23. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
24. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.
26. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 8(060)-1014/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.