Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-218/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 8(060)-1085/2025 nömrəli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Tələbkar "xxxx" MMC “icra məmurunun hərəkətsizliyi” barədə şikayət ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun xeyrinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 16 dekabr 2016-cı il tarixdə 2(060)-19790/16 nömrəli, 12 oktyabr 2016-cı il tarixdə 2(060)-16849/16 nömrəli, 25 iyun 2016-cı il tarixdə 2(060)-4726/16 nömrəli, 24 iyun 2015-ci il tarixdə 2(060)-6337/15 nömrəli, 20 iyun 2014-cü il tarixdə 2(060)-5077/14 nömrəli və 13 sentyabr 2013-cü il tarixdə 2(60)-4879/13 nömrəli qətnamələr qəbul edilmişdir. Həmin qətnamələr qanuni qüvvəyə minmiş və icra sənədi icraata yönləndirilmişdir. Lakin icra şöbəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq qərar bu günə qədər icra olunmamışdır. İcra şöbəsi tərəfindən ona verilmiş cavabda qeyd olunmuşdur ki, “6 iş üzrə sənədlər arxivdə aşkar olunmayıb”. Bu cavab əsassızdır və icra sənədinin icrasından boyun qaçırmaq üçün qanunda nəzərdə tutulmayan səbəbdir. Azərbaycan Respublikasının Konstitusiyasına, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa və “İcra haqqında” Qanuna əsasən məhkəmə qərarları mütləq icra olunmalıdır. İcra məmurunun hərəkətsizliyi və qanunsuz bəhanələr göstərməsi nəticəsində onun hüquqları pozulur.
3. Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 8(060)-1085/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayət geri qaytarılmışdır.
4. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə ərizənin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir.
5. Tələbkar "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 8(060)-1085/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində onun xeyrinə çıxarılmış məhkəmə qərarlarının icra olunmadığı, icra şöbəsinin “sənədlərin arxivdə aşkar olunmaması” bəhanəsi ilə qanunsuz olaraq icra tədbirləri görmədiyi aydın şəkildə göstərilmiş və konkret tələb qoyulmuşdur: İcra orqanının hərəkətsizliyinin qanunsuz hesab edilsin və icranın təmin olunması barədə qərar verilsin. Azərbaycan Respublikasının Konstitusiyasına, “İcra haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə görə, məhkəmə qərarlarının icrası məcburidir. İcra orqanı tərəfindən qanunsuz hərəkətsizlik olduğu halda vətəndaşın məhkəməyə şikayət etmək hüququ vardır. Hakimin iddianı formal səbəblərlə geri qaytarması onun ədalət mühakiməsinə çıxış hüququnu pozur
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 149. İddia ərizəsinin forması və məzmunu (...) 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. (...)
10. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
11. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; (...) 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
17. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, tələbkarın şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Hazırkı iş üzrə ərizə tələbi üç hissədən ibarətdir: 1. Sumqayıt Şəhər İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin; 2. İcra şöbəsinə müvafiq göstəriş verilsin ki, icra sənədləri icraya qəbul edilsin və icra tədbirləri görülsün; 3. Qanunla nəzərdə tutulmuş hallarda icra məmurunun məsuliyyətə cəlb olunması məsələsinə baxılsın.
20. Göründüyü kimi, ərizəçi dəqiqləşdirilməmiş ümumi tələblər irəli sürmüşdür.
21. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir.
23. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır.
24. İşdən görünür ki, tələbkar "xxxx" MMC ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, ərizədə tələblərin nədən ibarət olduğu konkret və aydın göstərilməmişdir.
25. Birinci instansiya məhkəməsi iddiaçının MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozması qənaətinə gələrək göstərmişdir ki, iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə ərizənin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin MPM-in tələblərinə riayət edilməklə verilməsi prosessual qənaət prinsipinə uyğun olaraq ərizəçinin hüquqlarının müdafiəsi üçün məhkəmədə mübahisənin tez və düzgün həllinə imkan yaradacaqdır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 8(060)-1085/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 8(060)-1085/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.