Məhkəmə qərarları › İş №8(105)-219/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-219/2025

30.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-219/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "icra məmurunun hərəkətsizliyi" barədə şikayət üzrə (Açar sözlər: şikayət ərizəsinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin "icra məmurunun hərəkətsizliyi" barədə ərizəsi əsasında çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(060)-1091/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar MMC “icra məmurunun hərəkətsizliyi” barədə şikayət ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, İcra şöbəsinə icra sənədlərinin icraya qəbul edilməsi və icra tədbirləri görülməsi, qanunla nəzərdə tutulmuş hallarda icra məmurunun məsuliyyətə cəlb olunması məsələsinə baxılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(060)- 1091/2025 nömrəli qərardadına əsasən (hakim Şəbnəm Həxiyeva) Tələbkar MMC-nin “icra məmurunun hərəkətsizliyi” barədə şikayətinin geri qaytarılması qərara alınmışdır.

3. Tələbkar MMC məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 8(060)-1091/2025 nömrəli qərardadına əsasən (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1091/2025 saylı, 26 sentyabr 2025-ci il tarixli qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayit Şəhər Məhkəməsi tərəfindən xx.xx.2025 tarixdə, 8(60)-1091/2025 saylı iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Qərarda əsas kimi MPM-in 149.2.3, 152.1.1 və 263-264-cü maddələrinə istinad edilərək iddianın predmeti və qiymətinin, həmçinin tələbin aydın göstərilmədiyi qeyd olunmuşdur. Lakin bu nəticə əsassızdır. Belə ki, iddia ərizəsində onun xeyrinə çıxarılmış məhkəmə qərarlarının icra olunmadığı, icra şöbəsinin “sənədlərin arxivdə aşkar olunmaması” bəhanəsi ilə qanunsuz olaraq icra tədbirləri görmədiyi aydın şəkildə göstərilmiş və konkret tələb qoyulmuşdur: icra orqanının hərəkətsizliyi qanunsuz hesab edilsin və icranın təmin olunması barədə qərar verilsin. Azərbaycan Respublikasının Konstitusiyasına, “İcra haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə görə, məhkəmə qərarlarının icrası məcburidir. İcra orqanı tərəfindən qanunsuz hərəkətsizlik olduğu halda vətəndaşın məhkəməyə şikayət etmək hüququ vardır. Hakimin iddianı formal səbəblərlə geri qaytarması onun ədalət mühakiməsinə çıxış hüququnu pozur.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(060)-1091/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(060)- 1091/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(060)-1091/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi şikayət ərizəsinin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, ərizədə tələblərin nədən ibarət olduğu konkret və aydın göstərilməmişdir. Bu səbəbdən tələblər məhkəmə üçün qeyri-müəyyən qalmışdır. Bundan başqa iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə ərizənin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Belə olan halda, məhkəmə hesab emişdir ki, tələbkar "xxxx" MMC-nin “icra məmurunun hərəkətsizliyi” barədə şikayəti geri qaytarılmalıdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və qərardadın ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqsədi daşıyır. Həmin maneələri siyahısı MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir. Bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır. Bu baxımdan qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləyə məhkəmədə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsinə imkan verən, başqa sözlə desək prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq əsassız hesab edir, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, şikayətin dəlilləri əsassızdır. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(060)-1091/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar