Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-22/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu Müşüd qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi Fuad Nəbiyev məhkəməyə təqdimat göndərərək “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinə uyğun olaraq Sumqayıt şəhər sakini Borclu Müşüd qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-720/2022 nömrəli icra sənədi üzrə Borclu Müşüd qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Tural İsayevin təqdimatı təmin edilməmişdir.
3. Tələbkar ASC həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdimata “İcraata başlamaq haqqında” qərarın və icra sənədinin könüllü icrası barədə bildirişin surəti əlavə olunsa da, həmin sənədlərin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borcluların yaşadığı ünvana və ya onların işlədiyi yer üzrə çatdırılmasını təsdiq edilən sənəd əlavə edilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən hər hansı digər icra tədbirlərinin (borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinin səbəblərinin müəyyən olunması, borclunun əmlakının axtarılması və s.) görülməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.2.1. 2.2.2, 2.2.3-cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
7. Şikayəti onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Burada məhkəmə nəzərə almamışdır ki, qərardadında istinad etdiyi təlimatdan (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat) üstün hüquqi qüvvədə olan “İcra haqqında” Azərbaycan Respublikası Qanunu var və həmin qanun buməsələni tənzimləmişdir. Təlimatda müəyyən xırda məsələlər tənzimlənir ki, həmin halların icra məmuru tərəfindən yerinə yetirilməməsinin təqdimatın təmin olunmasına maneə deyildir. Belə ki, qanunda hansı halda təqdimat verilməsi və təqdimatın təmin olunması məsələləri göstərilmişdir. İşdən göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-720/2022 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 3679.93 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Lakin borclu tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Mümkün olmayan bir şeydir ki, aradan 1 il vaxt ötmüş olsun və bu müddət ərzində icra məmuru tərəfindən borcluya könüllü icra üçün bildiriş verilməsin, icra məmuru icra sənədinin icrası üçün hər hansı bir məcburi icra tədbirləri görməmiş olsun. Məhkəmə nəzərə almamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “...İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar...” Yuxarıda göstərilən kimi əgər bir ildən artıq vaxt keçibsə və qanuni qüvvədə olan qətnamə icra olunmadan qalmışdırsa, artıq bu vəziyyət həmin qətnamənin kağız parçasından başqa bir şey olmadığı fikrini yaratmış olar. Hesab edirik ki, məhkəmələr də maraqlı olmalıdır ki, məhkəmənin adından çıxarılmış yekun qanuni qüvvədə olan qərarlar icra olunsun.
b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
9. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir: Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.
10. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin:
398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı tam, bununla bağlı 17 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı isə qismən ləğv edilərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.
14. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixdə verilmiş 2(060)-720/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu Müşüd qızından Tələbkar ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3000 manat əsas borc, 629,93 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 3679,93 manat borc və 60,96 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
15. Sumqayıt şəhər İcra idarəsinin 25 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixdə verilmiş 2(060)-720/2022 nömrəli icra sənədi icraata qəbul edilmiş və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir.
17. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
18. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılarkən müvafiq icra işi tələb edilib öyrənilməmiş, icra işi iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilməmiş, icra məmurunun icra sənədi üzrə son hərəkətləri, o cümlədən icra sənədinin borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra etməməsinin səbəbləri araşdırılmamışdır.
19. 09 yanvar 2023-cü il və 17 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokollarından da bu halların araşdırılmadığı öz təsdiqini tapır.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013cü il tarixli “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2.-ci bəndinə əsasən Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
21. Lakin, təqdim olunmuş materiallar araşdırılarkən icra məmuru tərəfindən təlimatın icrası məcburi qeyd olunan tələblərinə əməl edib-etməməsini müəyyən etmək olmur.
22. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı tam, 17 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməli, icra məmuru tərəfindən verilmiş təqdimata yuxarıda göstərilmiş nöqsanlar nəzərə alınmaqla yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə r a r a a l d ı:
Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 8(060)-24/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin 17 yanvar 2023-cü il tarixli, 8(060)- 24/2023 nömrəli qərardadı qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Sumqayıt şəhər İcra idarəsi tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.