Məhkəmə qərarları › İş №8(105)-22/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-22/2024

13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-22/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-570/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) təqdimatın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3005/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrə ilə Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0356 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Faiq oğlu qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) Abşeron rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 8(012)-570/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə Borclu Faiq oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə 8(012)- 570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında yol verilmiş yanlışlıq aradan qaldırılması, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yüklənmiş Abşeron rayon Məhkəməsinin 8(012)-570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı çıxarılaraq iş materiallarına əlavə edilməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3005/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli (Abşeron rayonu, Xırdalan şəhəri, 0.0356 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı) torpaq sahəsi qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə qeyd olunan torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Ona görə də Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli (Abşeron rayonu, Xırdalan şəhəri, 0.0356 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı) torpaq sahəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Qasımov X4 Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra Cəlal Səfərlinin borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatının rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3005/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına ödənilməsi barədə icra vərəqəsi, 18 avqust 2023-cü il tarixindən borclunun 4 aydır ki, əmək haqqının 70% miqdarında tutulur. Artıq 1.380 manat borc ödənilmişdir. Borclunun tələbkara yalnız 820 manat borcu qalmışdır. Üzərinə həbs qoyulan torpaq sahəsinin isə, həmin ərazidə 1 sotunun dəyəri 25000 (iyirmi beş min)- 30000 (otuz min) manat civarındadır. Bu qədər məbləğdə olan borca görə bu qiymətdə torpaq sahəsinə həbs qoyulması ədalətsizlikdir. Bu qərardadla Borclu qanunsuz olaraq mülkiyyət hüququndan məhrum olunur. Buna görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 8(012)- 570/2023 nömrəli qərardadı ləğv edilməli, təqdimatın ləğv edilməsi barədə qərardad çıxarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin təqdimatın qismən təmin edilməsini borclunun borcunu ödəməməsi, adına əmlakın qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır (İcra haqqında Qanunun 44.1.1., 44.1.2. və 44.1.3. maddələri). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1. maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (İcra haqqında Qanunun 45.1. maddəsi). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3005/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, icra sənədi üzrə ödəməli olduğu borcu tələbkara ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyinə görə, icra məmuru məcburi icra tədbirlərini həyata keçirilməsindən ötrü müvafiq sorğu vermiş, borclunun mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0.0356 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədi üzrə icraatın təmin edilməsindən ötrü həmin əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Qətnamənin icrası da ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsini təşkil edir. Qətnamə ilə bərpa edilən hüququn real icrasının təmin edilməsindən ötrü zəruri addımların atılmaması, qətnamə ilə hüquqların real deyil, xəyali bərpasını təmin etmiş olur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin, məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək hüququnu və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax: Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-İİ, s. 510, § 40). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borclunun əmlakının üzərinə həbs qoyulması hissəsində təqdimatı təmin etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli və 19 dekabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli və 19 dekabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar