Məhkəmə qərarları › İş №8(105)-22/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-22/2025

27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-22/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Quba rayon İcra və probasiya şöbəsinin 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-365/2024 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan “BOKT "xxxx" MMC-nin xeyrinə ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, şöbənin icra sənədinin qaytarılmasına dair qərarı qanunsuz və əsassızdır. Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildirir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü mədəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. İcra məmuru tərəfindən 135 manat pulun heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-365/2024 saylı qərardadına əsasən (hakim Vüqar Seyidov) Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayəti təmin olunmamışdır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-365/2024 saylı qərardadının ləğv edilməsi və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətini təmin edərək, Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin qaytarılması haqqında Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Hətta icra məmuru qəbul etmiş qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin qaytarılması haqqında qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. İkincisi, borcludan tutulmalı olan məbləğin cəmi 135 manat təşkil etdiyini nəzərə alaraq hesab edirik ki, 7 ay müddətində icra məmuru tərəfindən həmin məbləğin (orta hesabla ayda 19 manat) heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Borclunun hansı üzrlü səbəbdən icra tələbini təmin etməməsi müəyyən edilməmişdir. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması”haqqında qərar qəbul etmişdir. Beləliklə, Quba Rayon Məhkəməsinin 8(027)-365/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilərkən tələbkarın şikayətdə sadaladığı dəlillərə hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-365/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bank Olmayan Kredit X4 Məsuliyyətli Cəmiyyətinin xeyrinə Borclu vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik), 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla, cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. İcra qeydi Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Borclu izahatı alınmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə bir sıra icra tədbirləri həyata keçirilmiş və borclunun əmlakının axtarılması istiqamətində müvafiq tədbirlər görülmüş, Borclu yaşadığı Quba rayonu, Zərdabi kəndində yerləşən evinə baxış keçirilmiş və həmin mənzildə üzərinə həbs qoyula biləcək əmlakların olmaması müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmçinin tələbin icrasının mümkün olmaması barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-365/2024 saylı qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Belə ki, icra sənədinə əsasən cəmi 135 manat məbləğində pul vəsaiti borcludan alınaraq tələbkara ödənilməldir. İcra sənədinin qaytarılması barədə qərarda qeyd edilmişdir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra işi açılmış və tələbin könüllü icrası barədə borcluya məlumat verilmiş, eyni zamanda borclunun əmlak və gəlirlərini müəyyən emtək üçün müvafiq orqanlara sorğular verilmiş, o cümlədən əmlaklarına baxışlar keçirilmişdir, lakin görülmüş tədbirlər nəticə verməmişdir. Sözügedən qərardan görünür ki, icra məmuru icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tələb olunan məbləğ icrası mümkün, icra tədbirlərinin davam etdirilməsi zərurəti yaradan məbləğdir. Belə ki, icra sənədindən aydın olur ki, borcludan 135 manat məbləğində pul vəsaiti tutularaq tələbkara ödənilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-365/2024 saylı qərardadı ləğv edilməli, Quba rayon İcra və probasiya şöbəsinin 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(027)-365/2024 saylı qərardadı ləğv edilsin. Quba rayon İcra və probasiya şöbəsinin 8İ-23221 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar