Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-221/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin 2(027)-748/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə icra sənədi üzrə borclu X3 ərizəsinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 8(027)-326/2021 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsi üzrə öhdəliyin hissəhissə hər ay 100 manat olmaqla icra edilməsi barədə qəradad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-748/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə ondan 3000 manat pulun alınaraq X4 verilməsi qət edilmişdir. O, həmin pulu H.Əliyevdən onun özünə və həyat yoldaşına pensiya təyin etdirmək məqsədilə almış, onların pensiya təyinatını həll edə bilməmiş, H.Əliyevin ona verdiyi 3000 manat pulu xərcləmiş, ona görə də H.Əliyevin şikayəti əsasında onu cinayət məsuliyyətinə cəlb etmişlər. O, Quba Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli hökmü ilə 1 il 11 ay 28 gün həbs cəzasına məhkum edilmişdir. Həbs cəzasını çəkib qurtardıqdan sonra, H.Əliyev məhkəmədə ondan 3000 manat pul tələbi barədə iddia qaldırmış və Quba Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Quba Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra o, qətnaməyə hörmətlə yanaşaraq 30 iyul 2021-ci il tarixdə H.Əliyevə borclu olduğu 3000 manatdan 1500 manatını ödəmişdir. Hazırda həyat yoldaşı ağır xəstədir, müalicə olunur, oğlu hərbi xidmətdədir, özü isə həbsdən qayıtdıqdan sonra hələlik işləmir. Qalan 1500 manat pulu nəğd olaraq ödəməyə maddi imkanı yoxdur. Həmin borclu qaldığı 1500 manat pulu hər ay 100 manat olmaqla hissə-hissə ödəyə bilər və buna görə də ərizə təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 8(027)-326/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim V.Seyidov) Qərardaddan icra sənədi üzrə borclu X5 şikayət verərək onun ləğv edilməsini, qətnamənin hissə-hissə icra edilməklə icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 8(027)-326/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İcra sənədi üzrə borclu X5 şikayətini onunla əsaslandırmışdır ki, qərardad bir sıra prosessual normaların pozulması nəticəsində çıxarılmışdır. Məhkəmə onun maddi imkansızlığını, ailə vəziyyətini, övladının həqiqi hərbi xidmətdə olmasını, himayəsində olan uşaqlarının və ailə üzvlərinin işləməməsini, borcun yönəldilə biləcək əmlakının, həmçinin qazanc və başqa gəlirlərinin olmamasını nəzərə almamış, əsaslı ərizəsinin rədd edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir. Buna görə də qərardad ləğv edilməli, qətnamənin hissə-hissə icra edilməklə icrasına möhlət verilməsi barədə qərardad çıxarılmalıdır. İcra sənədi üzrə tərəflər Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 8(027)-326/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)-748/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə X2 3000 manat pulun alınaraq X4 verilməsi qət edilmişdir. Borcdan 1500 manat ödənilmiş, lakin borcun yarısı ödənilməmiş qalmışdır. X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsi üzrə öhdəliyin hissə-hissə, yəni ayda 100 manat olmaqla icra edilməsi barədə qəradad çıxarılmasını xahiş edir. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə AR-in MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra edilməsi, habelə icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə qaydasında baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşdən görünür ki, məhkəmə qətnaməsindən 6 ay müddət keçmiş, bu zaman aralığında borcun yarısı bir dəfəyə ödənilmişdir. Hazırda borc 1500 manat təşkil edir. Beləliklə də, iş materialları ilə müəyyən edildi ki, məhkəmə qətnaməsinin hissəhissə icra edilməsi barədə X3 ərizəsi kifayət qədər əsaslandırılmamışdır. Borcun yarısının borclu tərəfindən bir dəfəyə ödənilməsi onu deməyə əsas verir ki, hazırkı ərizə ilə M.Babayevin maddi cəhətdən imkansız olması öz təsdiqini tapmır. Digər tərəfdən, X5 əmlak vəziyyətinin ağırlığı ilə bağlı məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsini xahiş etsə də, əmlak vəziyyətinin ağırlığı, qətnamənin icrasını çətinləşdirən hallar, qətnamənin icra üsulunun dəyişdirilməsi zəruriliyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, ərizə məhkəmə qətnaməsinin operativ icrasına maneçilik törədir və təmin edilə bilməz. Belə ki, AR MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 8(027)-326/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 8(027)- 326/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-221/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-221/2021
19.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver