Məhkəmə qərarları › İş №8(105)-222/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-222/2025

05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-222/2025 05.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (məruzəçi), X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-156/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin icraatında olan 2(074)-954/2025 nömrəli mülki işə baxılıb yekun vurulanadək, Maraqlı şəxs icraatında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının dayandırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-975/2021 saylı qətnaməsinə əsasən Şamaxı səhəri, 01 ”B” məhəlləsində yerləşən 600 kv.metr ölçüdə olan torpaq sahəsindən cavabdeh Borclu çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçı Tələbkar qaytarılması qət edilmişdir. Hal-hazırda yuxarıda qeyd edilən qətnamə əsasında icra sənədi icraya yönəldilmə ərəfəsindədir. Hesab edir ki, 2(074)-975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının dayandırılmasına zərurət yaranmışdır. Belə ki, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı X1 cavabdehlər X7, X5 və Borclu qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair 2(074)-954/2025 nömrə altında iddia ərizəsi ilə bağlı mülki iş vardır. Həmin mülki iş üzrə xx.xx.2025-ci il tarixdə icraat dayandırılaraq iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. Nəzərə çatdırır ki, 2(074)-954/2025 nömrə altında olan mülki iş üzrə iddia tələbi 2(074)-975/2021 nömrəli iş üzrə baxılmış eyni ölçüdə və eyni ərazidə yerləşən torpaqla bağlıdır. Belə ki, 2(074)-954/2025 nömrə altında olan mülki işdə iddiaçı X6 cavabdehlər X7, X5 və Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, 01 “B” məhəlləsində yerləşən ona məxsus 0,06 ha torpaq sahəsindən cavabdehlər tərəfindən metal materiallardan və sair tikinti materiallarından istifadə olunmaqla, qanunsuz tikilmiş evin onların öz hesabına sökülməsi, cavabdehlər X7, X5 və Borclu qanunsuz zəbt etdikləri ona məxsus Şamaxı şəhəri 01 “B” məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etmələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə də, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(074)-954/2025 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, qərardad “X4” MMC-nin nümayəndələri tərəfindən icra edilərək mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, lakin mütəxəssis rəyi hal-hazırda məhkəmənin icraatına daxil olmamışdır. Belə olan halda 2(074)-975/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin icrasının dayandırılmasına zərurət yaranmışdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-156/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-975/2021 saylı icra sənədi üzrə icraatın dayandırımasına dair Borclu ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Natiq İsmayılov). Həmin qərardaddan Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)- 156/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardının ləğv edilərək ərizəsinin təmin olunması, əks təqdirdə şikayətin 7 gün müddətində baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-975/2021 saylı qətnaməsinə əsasən Şamaxı şəhəri 01"B” məhəlləsində yerləşən 600 kv.metr ölçüdə olan torpaq sahəsindən cavabdeh Borclu çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçı Tələbkar qaytarılması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin icra sənədi üzrə icraata xitam verilmə qərarından şikayət vermişdir. Şikayət əsasında icra sənədi üzrə icraata xitam verilmə qərarı ləğv edilmişdir. Qeyd edilən qətnamə əsasında icra sənədi icraya yönəldilmə ərəfəsindədir. Hesab edir ki, 2(074)-975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının dayandırılmasına zərurət yaranmışdır. Belə ki, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı X1 cavabdehlər X7, X5 və Borclu qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair 2(074)-954/2025 nömrə altında iddia ərizəsi ilə bağlı mülki iş vardır. Həmin mülki iş üzrə xx.xx.2025-ci il tarixdə icraat dayandırılaraq iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. 2(074)-954/2025 nömrə altında olan mülki iş üzrə iddia tələbi 2(074)-975/2021 nömrəli iş üzrə baxılmış eyni ölçüdə və eyni ərazidə yerləşən torpaqla bağlıdır. Belə ki, 2(074)-954/2025 nömrə altında olan mülki işdə iddiaçı X6 cavabdehlər X7, X5 və Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri 01 B məhəlləsində yerləşən ona məxsus 0,06 ha torpağ sahəsindən cavabdehlər tərəfindən metal materiallardan və sair tikinti materiallarından istifadə olunmaqla, qanunsuz tikilmiş evin onların öz hesabına sökülməsi, cavabdehlər X7, X5 və Borclu qanunsuz zəbt etdikləri ona məxsus Şamaxı şəhəri 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etmələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Açıq-aşkar görünür ki, icra mərhələsində olan 2(074)-975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan işlə 2(074)-954/2025 nömrəli iş üzrə baxılmış eyni ölçüdə və eyni ərazidə yerləşən torpaqla bağlıdır. 2(074)-954/2025 saylı mülki iş üzrə ekspertiza təyin olunaraq icraat dayandırılmışdır. Ekspertin rəyi həm icra sənədi üzrə 2(074)-975/2021 saylı işdə həm də 2(074)-954/2025 saylı mülki işdə çox vacibdir. Hər iki iş üzrə ekpertin rəyi işin mübahisənin həlli üçün çox əhəmiyyətlidir. Həmin iddia tələbi üzrə də, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(074)-954/2025 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı X1 faktiki istifadəsində olan torpaq sahəsi Şamaxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 260 saylı qərarı ilə ona satılmış Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsi daxilində yerləşirmi və torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşürmü? İddiaçı X3 aid Şamaxı şəhəri, 01 В məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsinə cavabdehlər X7, X5 və Borclu tərəfindən müdaxilə (zəbt) və ya maneə varmı və əgər varsa, nə qədər təşkil edir və hansı hissədə yerləşir? İddiaçı X3 aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində cavabdehlər X7, X5 və Borclu aid hər hansı bir tikili (yardımçı tikili, çəpər və s.) vardırmı? Şamaxı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-954/2025 nömrəli qərardadı "X4" MMC-nin nümayəndələri tərəfindən icra edilərək mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, lakin mütəxəssis rəyi hal-hazırda məhkəmənin icraatına daxil olmamışdır. Belə olan halda 2(074)-975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının dayandırılmasına zərurət yaranmışdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-156/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)- 156/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 8(074)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs icra məmuru Orxan Novruzovun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-975/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(074)-975/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı şəhəri, 01”B” məhəlləsində yerləşən 600 kv.metr ölçüdə olan torpaq sahəsindən cavabdeh Borclu çıxarılmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsi iddiaçı Tələbkar qaytarılmalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-954/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Borclu tərəfindən şikayətə əlavə edilmiş “X4” MMC-nin 247 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, naturada faktiki olaraq və eləcə də kameral şəraitdə iş materiallarında təqdim edilən torpaqayırma sənədləri əsasında aparılan tədqiqat nəticəsində X3 məxsus olan Şamaxı şəhər 01 B saylı məhəllədə yerləşən 60 kv.m torpaq sahəsinin konfiqurasiyasının və yerləşdiyi ərazi olaraq naturada həmin torpaq sahəsinə uyğun olması müəyyən olunmuşdur. İddiaçı X3 aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0.06 ha torpaq sahəsinə cavabdehlər X7, X5 və Borclu tərəfindən müdaxilə (zəbt) və ya maneə halı aşkar olunmamışdır. Belə ki, X1 təqdim etdiyi torpaq sahəsi 0.06 ha, X7 və X2 təqdim etdiyi torpaq sahəsi 0.02 ha təşkil edir. İddiaçı X3 aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0.06 ha torpaq sahəsinə cavabdehlər X7, X5 və Borclu tərəfindən müdaxilə (zəbt) və ya maneə halı aşkar olunmamışdır. Belə ki, X1 təqdim etdiyi torpaq sahəsi 0.06 ha, X7 və X2 təqdim etdiyi torpaq sahəsi 0.02 ha təşkil edir. İddiaçı X3 aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0.06 ha torpaq sahəsində cavabdehlər X7, X5 və Borclu aid hər hansı bir tikili müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əvvəla qeyd edir ki, ərizədən də göründüyü kimi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-975/2021 saylı icra sənədi hal-hazıradək icra edilməmiş və borclu tərəfindən həmin əraziyə başqa şəxslər də məskunlaşdırılmışdır ki, bu da həm yeni məhkəmə mübahisələrinin yaranmasına səbəb olmuşdur. Borclunun qeyd etdiyi əsas, yəni eyni torpaq sahəsi ilə bağlı hazırda məhkəmənin icraatında başqa işin olması Qanunda icra sənədi üzrə icraatın dayandırılması əsası kimi göstərilməmişdir. Ona görə də kollegiya borclunun təqdim etdiyi mütəxəssis rəyini də ərizənin təmin edilməsi üçün əsas hesab etmir. Belə ki, xüsusilə vurğulanmalıdır ki, icra sənədi üzrə icraatın dayandırılması üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş icraatın dayandırılmasının məcburiliyi və ya icraatın dayandırılmasının mümkün olduğu hallardan (maddə 17,18) heç biri müəyyən edilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-975/2021 saylı icra sənədi üzrə icraatın dayandırımasına dair Borclu ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-156/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar