Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-224/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 8(012)-298/2021 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) təqdimatın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, 05.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanında 18 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-298/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə Abşeron rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-298/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı Maraqlı şəxs maraqlarına və hüquqlarına toxunduğu üçün Maraqlı şəxs qismində tanınması qərara alınmışdır. İŞİN HALLARİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, 05.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanında 18 saylı mənzilin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 42/2020 saylı, 05.02.2021-ci il tarixli icra sənədinə əsasən borcludan tələbkarın xeyrinə 45 000 manat məbləğində borc pul və 461,25 manat məhkəmə məsrəfi olaraq tutulmuşdur. İcra sənədi 18.02.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına icraata başlamaq haqqında qərar və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu mülkiyyətində ünvan 1 ünvanında 18 saylı mənzilin olduğu məlum olmuşdur. Belə olduğu halda borclu barədə məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, həmin qərardad ilə mülkiyyət hüququ ilə ona məxsus əmlakın üzərinə həbs qoyulmuşdur.Belə ki, 24 aprel 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı Qarayev X3 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 9 ünvanında 18 saylı mənzili ona bağışlamışdır. Həmin müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Bu səbəbdən də reyestrdən verilən çıxarışla həmin mənzil onun adına qeydə alınmışdır. Həmin mənzilin üzərində həbs qoyulması ilə bağlı olan məhkəmə iclası barədə heç bir məlumatı olmamış, yalnız 07.06.2021-ci il tarixdə bu məlumatı qardaşından almışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dinidirilən Borclu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara, maraqlı şəxsə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsini borclunun borcunu ödəməməsi, adına əmlakın qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır (İcra haqqında Qanunun 44.1.1., 44.1.2. və 44.1.3. maddələri). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1. maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (İcra haqqında Qanunun 45.1. maddəsi). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, 05.02.2021-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, icra sənədi üzrə ödəməli olduğu borcu tələbkara ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyinə görə, icra məmuru məcburi icra tədbirlərini həyata keçirilməsindən ötrü müvafiq sorğu vermiş, borclunun adına daşınmaz əmlakın olması müəyyən edilmişdir. İcra sənədi üzrə icraatın təmin edilməsindən ötrü həmin əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Qətnamənin icrası da ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsini təşkil edir. Qətnamə ilə bərpa edilən hüququn real icrasının təmin edilməsindən ötrü zəruri addımların atılmaması, qətnamə ilə hüquqların real deyil, xəyali bərpasını təmin etmiş olur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin, məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək hüququnu və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax: Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-İİ, s. 510, § 40). Bununla yanaşı məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, mövcud təqdimata baxılan zaman üzərinə həbs qoyulması xahiş edilmiş əmlak Borclu mülkiyyətində olmuş və sonuncu bundan yayınmaq məqsədilə faktiki olaraq məhkəmə aktı ilə borclu olduğu pul vəsaitin ödənilməməsi üçün həmin əmlakı baxısı Maraqlı şəxs bağışlamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borclunun əmlaklarından birinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli və 09 iyun 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli və 09 iyun 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-224/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-224/2021
20.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver