Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-225/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Əliağa oğlu və X5 ibarət tərkibdə, X13 qızının katibliyi ilə, X1 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 8(067)-565/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından olan X7 xx.xx.2017-ci il tarixdə doğulmuşdur (AZ-İV seriyalı 003969 nömrəli doğum haqqında şəhadətnamə).
2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2020-ci ildən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit məbləğdə aliment tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. X6 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay uşağa görə tutulan 170 manat sabit pul məbləğində aliment indeksasiya edilərək məhkəmənin qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrimə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çalana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən Maraqlı şəxs hər ay uşaq üçün 170 manat sabit məbləğində aliment alınaraq X4 verilməlidir. Hesab edir ki, onun xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X2 hər ay uşaq üçün tutulan 170 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqında müəyyən edilməlidir. Cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşağını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında aiimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur.
5. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X7 barəsində cavabdeh Maraqlı şəxs atalığı müəyyən edilmiş və bu doğum aktı qeydiyyatı kitabında qeydiyyata alınmışdır. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2020-ci ildən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit məbləğdə alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən ərizəçi N.Əlimuradova izahatında ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xaiş etmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-565/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)-159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X4 ödənilməsi qərara alınmışdır.
8. Borclu Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 8(067)-565/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
9. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-565/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə ərizəçinin indeksasiya ilə bağlı ərizəsi təmin olunarkən işin diqqətəlayiq halları nəzərə alınmamış, ərizəçinin tələbi üzrə mühüm əhəmiyyəti olan hallar üzrə hərtərəfli və obyektiv araşdırılma aparılmamışdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsi nəzərə almamışdır ki, X1nın istər maddi vəziyyəti, istər yaşayış şəraiti onun maddi vəziyyətindən qat-qat üstündür və uşağın saxlanması üçün bütün zəruri imkanlara artıqlaması ilə malikdir, lakin uşağın saxlanmasına o, da bir valideyn kimi dəstək göstərmək əvəzinə həmin yükü bütövlükdə onun üzərinə atmaq istəmişdir. Bundan başqa X6 uzun illərdir ondan aliment ödənilməsini tələb edir və hal-hazırda da həmin alimentin artırılmasını tələb edir, lakin uşaq anadan olan gündən etibarən uşaqla görüşməyinə və ünsiyyət qurmağına hərtərəfli maneələr yaratmaqdadır. Bugünə kimi uzun illərdir aliment ödədiyi uşağı ilə hələ də görüşüb vaxt keçirə bilməmişdir. Bu səbəbdən məcbur olub Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq uşaqla ünsiyyət hüququnun təmin olunmasını tələb etmişdir və həmin iddia tələbi üzrə iş hazırda məhkəmə baxışındadır. Bakı şəhərində müxtəlif müəssisələrdə fəhlə peşəsində işlədiyini qeyd etmişdir. X1 isə yaxın günlərdə özü üçün yeni avtomobil almışdır. Göründüyü kimi, X3 alimentin artırılması ilə bağlı tələbinin mahiyyəti əslində uşağın saxlanması üçün ehtiyacı olduğundan maddi köməklik əldə olunması deyil, sadəcə olaraq şəxsi tamah niyyəti ilə ondan artıq pul vəsaitinin alınmasıdır. Çünki hazırda X3 heç bir maddi köməyə ehtiyacı yoxdur və uşağa hazırda onun ödədiyi alimentlə də çox yaxşı baxmaq imkanı vardır. Bundan əlavə, X6 öz “Tiktok” sosial şəbəkəsi profili üzərindən müxtəlif şəxslərə ünvansız olaraq pul vəsaitlərin göndərilməsi (öz dediyinə görə köməklik məqsədi ilə) ilə məşğuldur ki, həmin halı özü hazırda uşaqla ünsiyyət tələbinə dair baxılan məhkəmə işi üzrə etiraf etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda ailəlidir və himayəsində altı yaşlı qız övladı vardır, müxtəlif yerlədə fəhləlik etməklə, həmçinin (valideynləri əmək qabiliyyətsiz olduğu üçün) başqa şəxslərin köməkliyi olmadan ailəsini saxladığını demişdir. Belə ki, əldə etdiyi məvacib yalnız öz ailəsinin saxlanılmasına kifayət edir və yeni təyin olunmuş miqdarda alimentin ödənilməsi onun vəziyyətini maddi cəhətdən ağırlaşdıracaqdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Ərizəçi tərəfindən şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
Ailə Məcəlləsi
12. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
14. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası verilmiş tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2021-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
22. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
23. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.
25. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-565/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.