Məhkəmə qərarları › İş №8(105)-227/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-227/2025

19.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-227/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-97/2024 saylı məhkəmə qərardadının hissə-hissə icra edilməsi barədə ərizəçi (borclu) X3 ərizəsinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 8(029)-81/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi (borclu) X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(029)-97/2024 saylı məhkəmə qərardadının hər ay 50 manat olmaqla hissəhissə icra edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin e-2(029)- 97/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ondan 6500 manat əsas borc, 95 manat dövlət rüsumu və 500 manat mediasiya xərcləri olmaqla, cəmi 7095 manat tutularaq tələbkar X2 verilməsi qərara alınmışdır. DSMF Qusar rayon şöbəsi vasitəsi ilə 320 (üç yüz iyirmi) manat mqidarında pensiya alır və başqa gəliri yoxdur. 2025-ci ilin aprel ayında açıq ürək əməliyyatı olunmuşdur. Hər ay pensiya kartından "xxxx" ASC tərəfindən 145 manat kredit məbləği tutulur. Qusar rayon İcra və Probasiya şöbəsi yuxarıda qeyd edilən icra sənədini pensiyasına yönəltmiş və qalan 174.668 manat məbləğdə həmin icra sənədi üzrə tutulur. Nəticədə pensiya məbləği tamamilə tutulur. Göstərilənlərin nəzərə alınaraq, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-97/2024 saylı məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən 7095 (yeddi min doxsan beş) manat məbləğində pul vəsaitinin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Qusar Rayon Məhkəməsinin 8(029)-81/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Əli Cəlilov) ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-97/2024 saylı məhkəmə qərardadı ilə X1 6500 (altı min beş yüz) manat, 95 (doxsan beş) manat dövlət rüsumu və 500 (beş yüz) manat mediasiya xərcini cəmi 7095 (yeddi min doxsan beş) manat pul vəsaitini xx.xx.2025-ci il tarixədək nağd şəkildə ödəməyi öhdəliyinə götürmüşdür. Həmin qərardad xx.xx.2024-cü il tarixində öz qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Ərizə təmin edildiyi təqdirdə qərardadın icra uzun zaman alacaq, həmçinin tələbkarın qanunla qorunan mənafelərinə ciddi ziyan dəyəcəkdir. 7095 manat miqdarında pul vəsaitinin son ödəniş tarixi təxmini olaraq 11 il sonraya təsadüf edir. Bu isə həm qərardadın icrasının əsassız səbəbdən xeyli müddət uzanmasına, həmçinin tələbkarın qanunla qorunan mənafelərinə ziyan dəyməsinə səbəb olacaqdır. X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli 8(029)-81/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-97/2024 saylı qərardadına əsasən ondan 6500 manat əsas borc, 95 manat dövlət rüsumu və 500 manat mediasiya xərcləri olmaqla cəmi 7095 manat pul məbləği alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Həmin qərardadın hissə-hissə, yəni hər ay 50 manat olmaqla ondan tutularaq tələbkarın xeyrinə verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qeyd olunan qərardad ləğv edilməklə ərizəsi təmin edilməlidir. Belə ki, ərizəsində bildirmişdir ki, o DSMF Qusar rayon şöbəsinin vasitəsi ilə hər ay 320 (üç yüz iyirmi) manat pensiya alır və başqa gəliri yoxdur. 2025-ci ilin aprel ayında açıq ürək əməliyyatı olunmuşdur. Hər ay pensiya kartından "xxxx" ASC tərəfindən kredit borcu üzrə 145 manat kredit tutulur. Qusar rayon İcra və Probasiya şöbəsi yuxarıda qeyd olunan icra sənədini pensiyasına yönəltmiş və qalan 174.68 manat məbləğdə həmin icra sənədi üzrə tutulur. Belə olan halda pensiyası bütünlüklə tutulur. Qusar Rayon Məhkəməsinin 8(029)-81/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 8(029)-81/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafəisi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, «…. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar……» Məhkəmə kollegiyası qeyd edir ki, borclu Qusar Rayon Məhkəməsinin e-2(029)- 97/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ondan tutulacaq 7095 manat məbləğində pulun hər ay 50 manat manat olmaqla hissə-hissə ödənilməsini xahiş edir ki, həmin məbləğin hissə-hissə olmaqla hər ay 50 manatdan ödənilməsi 142 ay ərzində tam ödənilməsi anlamına gəlir ki, bu da ağlabatanlılıq və ədalətlilik meyarlarına cavab verməməklə, tələbkarın qanuni mənafelərinin kobudcasına pozulmasına səbəb ola və əmlak mənafelərinə əhəmiyyətli zərər vura bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 8(029)-81/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 8(029)-81/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar