Məhkəmə qərarları › İş №8(105)-23/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-23/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-23/2023 13.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-26/2023 saylı qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1985/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsirıin 2(060)-1985/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X3 2830.54 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. Ona görə də hesab edir ki, zəruri icra tədbirlərinin görülməsi müddəti ərzində Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-26/2023 saylı qərardadı ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Tural İsayevin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-26/2023 saylı qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-26/2023 saylı qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun təqdimatı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 nömrəli Qərarına istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdimata “İcraata başlamaq haqqında” qərarın və icra sənədinin könüllü icrası barədə bildirişin surəti əlavə olunsa da, həmin sənədlərin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borcluların yaşadığı ünvana və ya onların işlədiyi yer üzrə çatdırılmasını təsdiq edilən sənəd əlavə edilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən hər hansı digər icra tədbirlərinin (borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinin səbəblərinin müəyyən olunması, borclunun əmlakının axtarılması və s.) görülməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Şikayətin dəlilləri: Tələbkar müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qanunda hansı halda təqdimat verilməsi və təqdimatın təmin olunması məsələri göstərilmişdir. İşdən göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1985/2022 saylı icra sənədinə əsasən, borclular Borclu və MəhərrəmovSoltan Kərəm oğlundan Tələbkar ASC-nin xeyrinə 2782.71 manat məbləğində pul vəsaiti və 47.83 manat dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar ASC-yə ödənilməsi ilə bağlı qərarı tam icra edilməmişdir. Məlumata görə Borclu mütəmadi olaraq ölkə hüdudlarından kənara çıxır. Məhkəmə nəzərə almamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “...İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar...” Əgər bir ildən artıq vaxt keçibsə və qanuni qüvvədə olan qətnamə icra olunmadan qalmışdırsa, artıq bu vəziyyət həmin qətnamənin kağız parçasından başqa bir şey olmadığı fikrini yaratmış olar. Məhkəmələr də maraqlı olmalıdır ki, məhkəmənin adından çıxarılmış yekun qanuni qüvvədə olan qərarlar icra olunsun. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 84-1.1. Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat: Bənd 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Bənd 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, qeyd olunmalıdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi təqdimatı təmin etməməklə, əsas kimi borclu şəxs tərəfindən tələbin könüllü icrası barədə bildirişin təhvil alının-alınmaması halının, habelə borclu şəxs barəsində digər icra tədbirlərinin (üzrsüz səbəbdən icra etməməsinin səbəblərinin müəyyən olunması, əmlakın axtarılması və sair) görülüb-görülməməsi halının müəyyən edilməməsi kimi hallara istinad etsə də, həmin halların müəyyən edilməsi məqsədilə müvafiq icra sənədinə dair icra işinin tələb edilərək, öyrənilməsini təmin etməmişdir. Halbuki, qeyd edilən halları məhz müvafiq icra işinin öyrənilməsi əsasında müəyyən etmək mümkün olardı. İndiki halda isə təqdimatın əsası kimi istinad edilən hallar araşdırılmamışdır. Qeyd edilən halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlməmiş, icra işi öyrənilməmiş, təqdimatın əsası kimi istinad edilən hallar araşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərardadı ləğv edilməli, müvafiq təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,398 və 399cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-26/2023 saylı qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar