Məhkəmə qərarları › İş №8(105)-232/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-232/2025

26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-232/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X13 (məruzəçi), X14 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə X2 aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1118/2025 nömrəli qərardadından borclu X8 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ X3 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3540/2021 saylı qətnaməsi ilə borclu X5 xx.xx.2010-cu il təvəllüdlü qızı X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin minimum əmək haqqı məbləğinin (400 manat) 0,67 misli məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3540/2021 saylı qətnaməsi ilə onun borclu R.Məmmədova qarşı nikahın pozulması və sabit pul məbləğində aliment ödənilməsi tələbinə dair ididası qismən təmin edilməklə ondan xx.xx.2010-cu il təvəllüdlü qızı X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamədən sonra respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını ödəmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1118/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3540/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 (sıfır tam onda yeddi) misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Qərardaddan narazı qalan borclu X8 qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 1118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar (ərizəçi) X6 ona qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair ərizəsi təmin edilməklə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3540/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya olunaraq ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində aliment tutulması qərara alınmışdır. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin mübahisə edilən qərardadı ədalətsiz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ərizəçi X9 onun keçmiş həyat yoldaşıdır. xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 adlı bir uşağı anadan olmuşdur. Ailə qurandan sonra iddiaçı ilə ilk vaxtlar münasibətləri qarşılıqlı və normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş və ailə münasibətləri tədricən pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3540/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması, azyaşlı Ləmanın anasının yanında qalması və Ləmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan X6 xeyrinə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşağını saxlamağa borclu olduğunu bilir və bu barədə dəfələrlə ərizəçiyə bildirmişdir. Lakin valideynlər öz uşaqlarını maddi imkanları daxilində təmin etmək iqtidarında olurlar. Bu səbəbdən də müxtəlif qazancı olan valideynlərin uşaqları da valideynlərinin qazancına uyğun təmin edilirlər. Ərizəçi 5 saylı Sumqayıt şəhər Uşaq Xəstəxanasında həkim– psixoterapevt vəzifəsində işləyir. Onun isə rəsmi iş yeri yoxdur. Eyni zamanda ərizəçi birgə nikahdan doğulmuş qızı Ləmanın onunla ünsiyyətdə olmasına imkan vermir. Hesab edir ki, məhkəmə yalnız ərizəçinin mənafeyini müdafiə etmiş, onun maddi durumuma heç bir əhəmiyyət verməmişdir. Məhkəmə qərardadında göstərilən məbləğdə ərizəçiyə aliment vermək iqtidarında deyildir. Çünki rəsmi iş yeri, əlavə gəlir və qazancı yoxdur, maddi imkanı zəifdir. Lakin təxminən 200-230 manat uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ərizəçiyə ödəməyə etiraz etmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1118/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1118/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3540/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, 29 mart 2021-ci il tarixdən başlayaraq X5 xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1ci yarımbənd əlavə edilmişdir: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Borclu şikayətinin dəlillərində göstərmişdir ki, ərizəçi işləyir, onun isə rəsmi iş yeri yoxdur. Ərizəçi birgə nikahdan doğulmuş qızı Ləmanın onunla ünsiyyətdə olmasına imkan vermir. Hesab edir ki, məhkəmə yalnız ərizəçinin mənafeyini müdafiə etmiş, onun maddi durumuma heç bir əhəmiyyət verməmişdir. Qeyd edilən dəlillərə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizə alimentin təyin edilməsi, uşaqla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olmayıb təyin edilmiş aliment məbləğinin indeksasiyası barədədir. Kollegiya həmçinin qeyd edir ki, 2021-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək 175 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdənbirə minimum əmək haqqının 0,7 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1118/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar