Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-233/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(027)-391/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) borclu X6 Quba Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(027)- 173/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. X2 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(027)-391/2021 saylı qərardadından X7 tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ X2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(027)-173/2020 saylı qətnaməsinin ondan hər ay 100 manat olmaqla hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ona qarşı borcun qaytarılması tələbinə dair iddiasına əsasən Quba rayon məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(027)- 173/2020 saylı qətnaməsi ilə ondan 16.000 (on altı min) manat pulun alınaraq, iddiaçı X5 verilməsi, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. O, Quba rayon məhkəməsinin həmin qətnaməsindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(105)-1669/2020 saylı qətnaməsinə əsasən apelyasiya şiakyəti təmin edilməmiş, Quba rayon məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(027)-173/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(102)-2064/2021 saylı qərarına əsasən kassasiya şiakyəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2020ci il tarixli, 2(105)-1669/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, hazırda qətnamə icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sözügedən qətnamənin icra olunması ilə əlaqədar qeyd edilən məbləği birdəfəlik ödəmək qabiliyyətinə malik deyil. Özü fərdi əməklə məşğul olur və koronovirusla əlaqədar mövcud epidemioloji vəziyyət və karantin qaydaları onun da maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Həmçinin, mövcud borcun ödənilməsi üçün sata biləcəyi hər hansı bir əmlakı yoxdur. Fərdi əməklə məşğul olmaqla aylıq 250-300 manat civarında qazancı olur. Həmin borcun qaytarılması üçün hər ay 100 manat ödəyə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X2 Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin hakimi işi düzgün araşdırmamış və işə baxarkən qərəzli şəkildə qərar qəbul etmişdir. Belə ki, tələbkar X4 iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi qərəzli davranışa əsaslı sübutdur. Qərardad qəbul edildiyi zaman ondan aslı olmayan səbəblərdən məhkəmə prosesində iştirak edə bilməmişdir və haqqlarını müdafiə imkanından məhrum olmuşdur. Qərardadın surətini 30.09.2021-ci il tarixində əldə etmişdir. Qərardad qəbul edilərkən sübutlar düzgün qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan halar araşdırılmamış, əlavə sübutları təhqiq etməmiş və işdə iştirak edən tələbkarın qanunun tələblərinə məhəl qoymadan, onların hansı hüquqi münasibətdə olmalarını nəzərə almadan, hansı qanunu tətbiq edilməli olduğunu müəyyən etmədən əsasız və qanunsuz qərardad qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən X2 şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və ərizəçinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli və onunla bağlı 04 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsi üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 17600 manat məbləğin hər ay 100 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 176 ay təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli və onunla bağlı 04 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-233/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-233/2021
03.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver