Məhkəmə qərarları › İş №8(105)-235/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-235/2025

02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-235/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-686/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən verilmiş təqdimata dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-686/2022-012 nömrəli, xx.xx.2022cü il tarixli icra sənədinə əsasən Borclu 6873,6 manat əsas, 648,07 manat faiz borcu olmaqla, cəmi 7521,67 manat borc və ödənilmiş 95,22 manat dövlət rüsumunun tutularaq, iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1105/2025 saylı qərardadı ilə (hakim Vəfa Şirəliyeva) təqdimatın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Hazırki işdə icra idarəsi tərəfindən təqdimata əlavə edilmiş borclu şəxsin əmlakı, gəlirləri barədə elektron qaydada əldə edilmiş məlumatlarda ona məxsus hər hansı bir gəlirin və daşınmaz əmlakın olması göstərilməsə də elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında Borclu (VÖEN **********) fərdi sahibkar kimi vergi orqanında uçota alındığı və mülkiyyətində 3 (üç) ədəd daşınmaz əmlakın mövcud olduğu müəyyən olunur. İcra məmuru tərəfindən borclunun gəlirlərinin və əmlakının axtarılması istiqamətində, habelə tələbin borcluya məxsus gəlirə və əmlaka yönəldilməsi istiqamətində bütün icra tədbirləri həyata keçirilməmişdir. Qeyd olunan icra sənədi üzrə tələbin borclunun fərdi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirə və mülkiyyətində olan əmlaka yönəldilməklə icra edilməsi imkanı mövcuddur. Həmin qərardaddan narazı qalan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1105/2025 nömrəli qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1105/2025 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-686/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, icra idarəsi tərəfindən təqdimata əlavə edilmiş borclu şəxsin əmlakı, gəlirləri barədə elektron qaydada əldə edilmiş məlumatlarda ona məxsus hər hansı bir gəlirin və daşınmaz əmlakın olması göstərilməsə də elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında Borclu (VÖEN **********) fərdi sahibkar kimi vergi orqanında uçota alındığı və mülkiyyətində 3 ədəd daşınmaz əmlakın mövcud olduğu müəyyən olunur. Beləliklə, məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd icra sənədinin tam icra edilməsinə nail olmaq, habelə həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması "İnzibati icraat haqqında" Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab etmişdir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməməlidir. Məhkəmənin mövqeyi ilə razılaşmırlar. Belə ki, icra sənədinin tam və düzgün icrasını təmin etmək məqsədi ilə icra sənədinin icrasından qərəzli olaraq yayınmaqda davam edən Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Təqdimata əlavə olunan sənədlərdən də görünür ki, icra məmuru icra vərəqi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdi. İstisna olunmur ki, X1 borclu istənilən vaxt Respublikanın hüdudlarını tərk edə bilər və belə olan halda icra sənədinin icrası qeyri-mümkün olacaqdır. Bundan başqa qanunverciliyə əsasən icra sənədinin icrasını təmin etmək üçün bir icra tədbirinin görülməsi digər icra tədbirinin görülməsini qadağan etmir. Bütün bunlara əsasən hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1105/2025 nömrəli qərardadı ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1105/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli 8(060)- 1105/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-686/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu 6873,6 manat əsas, 648,07 manat faiz borcu olmaqla, cəmi 7521,67 manat borc və ödənilmiş 95,22 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şirəli Pirəliyev tərəfindən xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcun könüllü icrası üçün borcluya 10 (on) gün vaxt verilmişdir. Hazırki işdə icra məmuru tərəfindən təqdimata əlavə edilmiş borclu şəxsin əmlakı, gəlirləri barədə elektron qaydada əldə edilmiş məlumatlarda ona məxsus hər hansı bir gəlirin və əmlakının olması göstərilməsə də, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında Borclu mülkiyyətində fərdi yaşayış evi və mənzilin olması müəyyən edilməkdədir ki, bu da ziddiyyət təşkil etmişdir. İcra məmuru təqdimatında borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorğular göndərildiyini, dolayısı ilə onun adına əmlakların aşkar olunmadığını qeyd etsə də birinci instansiya məhkəməsi tərəfindən icra işi əldə edilərək, borclunun icra sənədini üzrsüz səbəbdən icra edib-etməməsi, həmçinin icra məmuru tərəfindən tələbin borclunun əmlakına yönəldilməməsinin səbəbləri aydınlaşdırılmamışdır. Bundan başqa borcluya məhkəmə iclası barədə bildiriş göndərilsə də həmin bildiriş borclunun qeyd olunan ünvanda yaşamaması səbəbindən məhkəməyə geri qaytarılmışdır. Həmçinin məhkəmə tərəfindən borcluya sms bildiriş göndərilməmişdir ki, qeyd edilən hal da borclunun verilmiş təqdimatdan məlumatsız olması və icra sənədinin onun tərəfindən könüllü şəkildə icra edilməməsinin səbəblərini aydınlaşdırmağı mümkünsüz etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)- 1105/2025 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1105/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(060)-1105/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar