Məhkəmə qərarları › İş №8(105)-237/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-237/2021

15.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-237/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 2(067)-2420/2018 saylı, 28.08.2018-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus əmlakın üzərinə həbs qoyulmasına dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadından tələbkar Tələbkar Hacıməmməd qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-2420/2018 saylı, 28.08.2018ci il tarixli icra sənədinə əsasən Borclu1 1500 (min beş yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, tələbin Borclu1 adına olan **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsini xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-2420/2018 saylı, 28.08.2018-ci il tarixli icra sənədinə əsasən Borclu1 1500 (min beş yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. Borclunun adına **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. Ona görə də Borclu1 adına olan **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtonəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi məsələsinə baxılması xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu1 adına olan **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtonəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququ qadağan olunmuş və tələb həmin nəqliyyat vasitəsinə yönəldilmişdir. Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)- 7/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ləğv edilmiş, **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan Tələbkar Hacıməmməd qızı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən 1500 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Borclu1 alınaraq ona verilməlidir. Cavabdeh Borclu1 məxsus nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş, icra məmuru tərəfindən həbs qoyularaq qiymətləndirməyə göndərilmişdir. Lakin məhkəmənin 13.09.2021-ci il tarixliqərardadı ilə avtomobil üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərardad qanuni və əsaslı deyildir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə tərəflərə, eləcə də Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq tərəflər və şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ləğv edilməli, Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadından verdiyi şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə üzərinə məhdudiyyət qoyulmuş **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı nəqliyyat vasitəsinin formal olaraq Borclu1 adına qeydiyyatda olmasını, avtomobilin faktiki mülkiyyətçisi və qanuni sahibinin Maraqlı şəxs olması, onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməli olmasını müəyyən edərək Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadını ləğv edərək avtomobil üzərinə qoyulmuş həbsi götürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarından görünür ki, mübahisəli nəqliyyat vasitəsi etibarnamə əsasında Maraqlı şəxs istifadəsindədir. İş materiallarında olan etibarnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı avtonəqliyyat vasitəsini 13 aprel 2008-ci il tarixdən 15 il müddətinə verilmiş etibarnamə əsasında idarə edir. Etibarnaməyə əsasən mülkiyyətçi tərəfindən ona nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etmək etibar edilmişdir. Etibarnamə ilə verilmiş səlahiyyətlərdən göründüyü kimi, mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etmək səlahiyyəti verilmişdir. Lakin həmin etibarnamə nəqliyyat vasitəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququnun olmasını təsdiq etmir. Belə ki, iş materiallarından görünür ki, üzərinə həbs qoyulmuş **-BG-*** qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı nəqliyyat vasitəsi Borclu1 adına dövlət qeydiyyatına alınmışdır və hazırki gündə də onun mülkiyyətindədir. Belə olan halda nəqliyyat vasitəsi üzərində mülkiyyətçi adından müəyyən hərəkətlərin edilməsinə dair səlahiyyətlərin verilməsi və faktiki istifadədə olması Maraqlı şəxs qeyd edilən nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququna malik olması demək deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hallara görə üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin üçüncü şəxsin istifadəsində olması və nəqliyyat vasitəsi üzərində onun gözlənti hüququnun olması əsası ilə nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə qərardadın ləğv edilməsi və həbsin götürülməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə nəqliyyat vasitəsi üzərindəki həbs götürülməsi barədə qərardadın ləğv edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ləğv edilməli və nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadından Maraqlı şəxs verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 8(067)-7/2021 saylı qərardadından Maraqlı şəxs verdiyi şikayət təmin edilməsin.. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar