Məhkəmə qərarları › İş №8(105)-238/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-238/2021

10.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-238/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 8(067)-156/2020 saylı qərardadından Tələbkar açıq səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yazılı icraat qaydasında yoxlayıb MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 8(067)-156/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim İlkin Xəlilov) Borclu adına olan “VAZ-21053” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Xaçmaz Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 8(067)-156/2020 saylı qərardadından X1 şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 8(067)- 156/2020 saylı qərardadı ləğv edilmiş, “VAZ 21053” minik markalı, **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmış, Tələbkar açıq səhmdar cəmiyyəti qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası Tələbkar açıq səhmdar cəmiyyətinin şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İşdən görünür ki, Tələbkar açıq səhmdar cəmiyyətinin Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 8(067)-156/2020 saylı qərardadından şikayəti 01 oktyabr 2021-ci il tarixdə rabitə orqanına verilmiş, 05 oktyabr 2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Tələbkar açıq səhmdar cəmiyyətinin Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 8(067)-156/2020 saylı qərardadından verdiyi şikayətin forma və məzmunu Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun deyildir və elektron kabinet vasitəsi ilə həyata keçirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci və 363.1.5-ci maddələrinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, mülki işin materiallarından görünür ki, Tələbkar açıq səhmdar cəmiyyətinin iş üzrə məhkəmə qərardadından verdiyi şikayəti nümayəndə kimi X5 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşin 64-cü vərəqində olan Tələbkar açıq səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri tərəfindən verilmiş RB02/2176 saylı, 22.07.2021-ci il tarixli etibarnamədə X4 məhkəmə aktından şikayət vermək səlahiyyəti xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci insansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi tələbkarın qərardaddan şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən şikayətin həmin maddədə nəzərdə tutulan forma və məzmununa uyğun olmamasına və elektron qaydada verilməməsinə, şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmasına əhəmiyyət verməmiş, şikayəti geri qaytarmaq əvəzinə, işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, tələbkarın şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 8(067)-156/2020 saylı qərardadından Tələbkar açıq səhmdar cəmiyyətinin şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar