Məhkəmə qərarları › İş №8(105)-238/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-238/2025

04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-238/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu Maraqlı şəxs icra məmurunun qərarının ləğv edilməsi və s. barədə ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İcra sənədi üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 2(074)-1174/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

2. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 1174/2025 saylı, xx.xx.2025-ciil tarixli icra sənədi Maraqlı şəxsnə daxil olmuş və şöbədən ona xx.xx.2025-ci il tarixli qərar göndərilmişdir. Həmin qərarda yazılmışdır ki, məhkəmənin qərarı ilə xx.xx.2025-ci il tarixdən başlayaraq ondan Tələbkar xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddin sabit pul məbləğində, yəni 2025-ci il üçün hər ay 220 manat məbləğində aliment tutulmalıdır. Bu əsasla ona təklif olunmuşdur ki, icranı təmin etsin. Əks halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun əmlakı siyahıya alınacaq və həmin əmlakın üzərinə həbs qoyulacağı Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında yazılmışdır. Sonra isə bu qərarı aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verə bilməsi yazılmışdır. Şamaxı rayon Məhkəməsinin iş üzrə qətnaməsindən apellyasiya şikayəti verib. Odur ki, sözügedən qətnamə qünuni qüvvəyə minmədiyindən onun icrasında söhbət gedə bilməz.

3. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1174/2025 syalı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Tələbkar iddiasının qismən təmin edilməsi, iddiaçı Tələbkar doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşağın atasının xx.xx.1984-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş Borclu olmasının müəyyən olunması, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir.

4. Maraqlı şəxs 26 sentyabr 2025-ci il tarixli Qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1174/2025 syalı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadı ilə (hakim Qürur Abasov) Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1174/2025 saylı, xx.xx.2025-ciil tarixli icra sənədinin icrasının iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.

6. Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-170/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi, Şamaxı rayon Məhkəməsinin 2(074)-1174/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və bu əsasda Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-170/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməmə qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

8. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, hesab edir ki, Şamaxı Rayon Məhkəməsi iddia tələbinə dair alimentə aid hissədə belə bir qərardadı qəbul etməklə səhvə yol vermiş və iş üzrə qanunun tətbiqi pozulmuşdur. Belə ki, Şamaxı Rayon Məhkəməsi bu qərardadda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 78.1-ci maddələrinə istinadla edərək valideynlərin öz uşaqlarını saxlamağa borclu olmasını və uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi üzrə izahatlar yazmışdır. Sözügedən qərardadda həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1ci maddəsinə istinad edilmişdir ki, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur və bu maddi hüquq normalarının mənasına görə Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılmaqla icra icraatının başlanılması üçün əsasdır – deyə bildirilmişdir. Göründüyü kimi yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hökmən icra edilməsinin hər kəs üçün məcburi olması bildirilmişdir. Ona görə də qanuni qüvvəyə minməmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-1174/2025 saylı, xx.xx.2025-ciil tarixli icra sənədi icra oluna bilməz.

Şikayətə qarşı etirazın dəlilləri

9. Tələbkar tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

10. Etiraz onunla əsaslandırılmışdır ki, borclunun şikayətinin dəlillərindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1174/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında Maraqlı şəxsndən ona xx.xx.2025-ci il tarixli qərar göndərilmişdir. Həmin qərara əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq borcludan onun xeyirinə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulub verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Borclu yalnız ona aliment verməsini ləngitmək məqsədilə belə şikayətlə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Borclu şikayəti əsassız olduğundan təmin edilməməli və aliment ödənişi üzrə məhkəmə qərarının dərhal məcburi icraya yönəldilməsi təmin edilməlidir. Göründüyü kimi borclu məhkəmə qərarını qəsdən yubatmaq məqsədi ilə belə əməllər törətməkdə davam edir. Ona görə də o, cərimə olunmalıdır. Əlavə məlumat üçün bildirir ki, o, X8 Kollecində “kitabxanaçılıq” ixtisası üzrə 3cü kursda qiyabi təhsil alır. Hazırda işsizdir, valideynlərinin himayəsində yaşayır və onlar çox yaşlı adamlar olduqlarından və əlavə heç yerdən gəliri olmadığından, həmçinin işsiz olduğuna görə dolanışıqları çox çətindir. Borclu 11 ildir ki, uşağına aliment verməyib. Onlar cavabdehlə qonşuluqda yaşayır və cavabdeh indiyədək uşaqla maraqlanmayıb, maddi köməklik etməyib. Qanunun tələbinə görə cavabdeh (borclu) Borclu hətta indiki kimi şikayət versə də, bundan asılı olmayaraq aliment ödənişinin icrası məcburi qaydada təmin olunmalıdır. Lakin bu iş üzrə qanun pozularaq aliment ödənişi qeyri-müəyyən müddətə təxirə salınmışdır ki, bu da onun və azyaşlı uşağının hüquqlarını pozur. Odur ki, Borclu şikayəti təmin edilməməli və xx.xx.2025-ci il tarixdən Şamaxı Rayon Məhkəməsinin icra sənədi alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Etirazının təmin edilməsi, Borclu iş üzrə məhkəmə aktının alimentə aid hissədə icrasının yubadılmasına xidmət edən şikayətinin təmin edilməməsi xahiş olunur.

Tətbiq edilən hüquq

11. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 2(074)-1174/2025 saylı, xx.xx.2025-ciil tarixli icra sənədinin icrasının iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması və Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici uşaqların manefelərini üstün tutaraq uşaqların saxlanması üçün alimentin alınması haqqında qətnamələrin dərhal icra olunmasını nəzərə tutmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1174/2025 syalı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında məhkəmə tərəfindən icra sənədi tərtib edilməklə icra edilməsi üçün icra və probasiya şöbəsinə göndərilmiş və bu səbəbdən, icra məmuru haqlı olaraq icraata başlamaq haqqında qərar qəbul etmişdir.

18. Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-170/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi, tələblərinin təmin ediməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, qanunvericiliyin göstərişinə əsasən alimentlərin alınması haqqında qətnamələrin dərhal, yəni qətnamə qanuni qüvvəyə minmədən icra olunması, həmin qətnamələrdən şikayət verilməsini istisna etmir. Lakin şikayətin verilməsi onun icrasının dayandırılmasına əsas ola bilməz. Belə ki, bu qanunvericiliyin qeyd olunan göstərişi ilə uzlaşmır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 8(074)-170/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar