Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-24/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 8(027)-366/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Babayev) Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2108 saylı icra qeydi üzrə tələbkar "xxxx" MMC-nin Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin qaytarılması barədə 21 oktyabr 2024-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" MMC qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 8(027)-366/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadından tələbkar "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar şikayət ərizəsilə müraciət edərək Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 8İ-2108 saylı icra sənədinin geri qaytarılması barədə 21 oktyabr 2024-cü il tarixdə qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar "xxxx" MMC Quba Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmiş və iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Hətta icra məmuru qəbul etmiş qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin qaytarılması haqqında qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. İkincisi, borcludan tutulmalı olan məbləğin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, 10 ay müddətində icra məmuru tərəfindən həmin məbləğin (orta hesabla ayda 13 manat) heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Borclunun hansı üzrlü səbəbdən icra tələbini təmin etməməsi müəyyən edilməmişdir. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Bundan başqa, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaması icra sənədinin icrasının təmin edilməsi məqsədilə digər tədbirlərin tətbiqini istisna edən, icra sənədinin qeyd edilən əsasla geri qaytarılması zərurətini yaratmır. Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-366/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilərkən tələbkarın şikayətdə sadaladığı dəlillərə hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Mübahisələndirilən “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı nəzərdən keçirirərək müəyyən edililir ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə digər işlərdən fərqli olaraq bu iş üzrə icra sənədi üzrə borclunun əmlak və gəlirlərinin yenidən müəyyən edilməsinin icra sənədinin icrasına zəmin yarada biləcəyini nəzərə almamışdır. Hesab edir ki, hüquqtətbiqedici təcrübədə vahid yanaşma hüququn aliliyi prinsipinin həyata keçirilməsinin əsas şərtlərindən biridir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin qaytarılması barədə 21 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas olmaması ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 06 dekabr 2024cü il tarixli və onunla bağlı 10 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilməli, tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı qeyd olunanlara əsasən qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi borcluların və onların birgə mülkiyyətdə olan tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərini müəyyən etmək uçun müvafiq orqanlara sorğular verildiyini, o cümlədən əmlakına baxış keçirildiyini, lakın görülmüş tədbirlərin nəticə vermədiyini, icra sənədinin icrası istiqamətində, müxtəlif icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə vermədiyini qeyd etmişdir. Lakin bu zaman icra işini tələb edərək, işə baxış keçirməmiş, habelə borclunun məhkəmədə iştirakı təmin edilməklə onun məşğuliyyəti, qazanc əldə edib-etməməsi barədə verilmiş məlumatlar əsasında mövcud icra sənədinin icrasının mümkünsüzlüyü ətraflı müzakirə edilməmişdir. Göründüyü kimi mövcud şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli və onunla bağlı 10 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla tələbkarın şikayətinə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli və onunla bağlı 10 yanvar 2025-ci il tarixli qərardadları ləğv edilsin. Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-24/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-24/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver