Məhkəmə qərarları › İş №8(105)-240/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-240/2025

10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-240/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 tərəfindən verilmiş qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Əliağa oğlu və X3 ibarət tərkibdə, X13 qızının katibliyi ilə, X1 qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-544/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. AA3956887 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur.

2. AA3956888 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2454/2021 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 54 manat olmaqla, cəmi 108 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2178/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 xeyrinə tutulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2178/2021 nömrəli qərardadı ilə “xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 xeyrinə tutulsun” sözlərinin “xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 xeyrinə tutulsun” kimi oxunulması qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. X2 ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2454/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 54 manat olmaqla, cəmi 108 manat sabit pul məbləğində tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2454/2021 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 54 manat olmaqla, cəmi 108 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Hal-hazırda qızının 11, oğlunun isə 7 yaşı vardır. Təyin edilmiş aliment məbləği uşaqların tələbatını ödəmək üçün çox azdır. Belə ki, 2021-ci ildən bu vaxta kimi iki uşağa qazancın bir hissəsi kimi tutulan və sabit pul məbləğində müəyyən edilmiş aliment daxil olmaqla ümumilikdə hər ay 350 manat aliment alır ki, bir uşağa ayda 175 manat aliment düşür. Uşaqları böyüdükcə onların saxlama və təhsili ilə bağlı xərcləri artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə bir uşaq üçün 246 manat müəyyən edilmişdir. Onu da qeyd etmək zəruridir ki, Maraqlı şəxs uşaqları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-544/2025 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) ərizə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 54 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,21 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır.

9. Borclu Maraqlı şəxs həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-544/2025 nömrəli qərardadının ləğv edilməsini və ərizənin geri qaytarılmasını xahiş etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-544/2025 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-544/2025 nömrəli qərardadı qismən ləğv edilmiş, ərizə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2178/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 175 manat alimentin məbləğinin xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır.

11. Borclu Maraqlı şəxs həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-544/2025 nömrəli qərardadının ləğv edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2178/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 175 manat alimentin məbləğinin hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsini xahiş etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-544/2025 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) şikayət əsassız hesab edilərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda o, birinci ailəsindən doğulan övladlarına görə hər ay 340 manat məbləğində aliment ödəyir. Məhkəmə birinci nikahdan olan övladları üçün ödədiyi 170 manat aliment məbləğini indeksasiya edərək 2025-ci ilin minimuməmək haqqının 0.7 misli məbləğində müəyyən etmişdir. Məlum olduğu kimi Azərbaycan Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat müəyyən edilib. Belə olan halda onun ödəməli olacağı alimentin məbləği hər uşaq üçün hər ay 280 manat olmaqla, ümumilikdə 560 manat edir. Hal-hazırda yeganə iş yeri olan müəssisədən aldığı əmək haqqı 580 AZN məbləğindədir. Əgər aldığı 580 manatdan 560 manatını hər ay birinci nikahdan olan övladlarına ödəsə, bəs hazırki ailəsini hansı pul ilə saxlamalıdır? Qeyd etmişdir ki, o, övladlarının qayğısına qalmağın tərəfdarıdır və onların sağlam şəraitdə yetişməsi üçün əlindən gələni etməyə də hazırdır. Lakin hal-hazırda onun aldığı 580 manat əmək haqqından başqa heç bir yerdən gəliri yoxdur və hər ay çətinliklə aliment məbləğini ödəməyi çatdırır. Həmçinin yaranan çətin vəziyyət səbəbindən artıq qazanc əldə etməyə məcbur edilmək neqativ halların baş verməsinə səbəb ola bilər. Alimenti ödəməyə gücü çatmadığı təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Nəticə olaraq isə övladları ilə əlaqəsinin kəsilməsinə və onların ata qayğısından məhrum qalmaqlarına səbəb ola bilər. Məhkəmə tərəfindən aliment miqdarını müəyyən edərkən hal-hazırkı ailə vəziyyəti nəzərə alaraq, əvvəlki nikahdan olan övladlarına münasibətdə hər uşaq üçün aliment məbləğinin 200 manat miqdarında tətbiq edilməsi daha məqsədəuyğun olardı.

b) Şikayətə qarşı etirazın dəlilləri

14. Ərizəçi tərəfindən şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

Ailə Məcəlləsi

15. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

18. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası verilmiş tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2021-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

26. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

27. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.

29. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-544/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar