Məhkəmə qərarları › İş №8(105)-243/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-243/2025

18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-243/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 borclu Maraqlı şəxs qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, X2 "aliment məbləğinin indeksasiya olunması" tələbinə dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İcra sənədi üzrə tələbkar X7 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-1172/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən 20 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs tutulan 70 manat sabit pul məbləğində aliment indeksasiya edilərək yetkinlik yaşlarına çatmayan 20 iyun 2009-cu il təvəllüdlü X1 borclu Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 1172/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 20 iyun 2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 70 manat məbləğində sabit pul şəklində aliment alınaraq X5 verilməsi qət edilmişdir.Hazırda övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Təyin edilmiş 70 manat aliment məbləği ilə uşağın ehtiyaclarını ödəmək çox çətindir.

3. İcra sənədi üzrə borclu Maraqlı şəxs yazılı etirazını məhkəməyə göndərərək göstərmişdir ki, onun hazırda ikinci ailəsindən iki övladı var və rəsmi iş yeri yoxdur. Aylıq gəliri təxminən 500 manat təşkil edir. Hazırkı günə qədər məhkəmə tərəfindən təyin edilmiş 70 manat aliment məbləğini vaxtı-vaxtında ödəyir. Ərizənin rədd edilməsini xahiş etmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1172/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 20 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 70 manat məbləğində sabit pul şəklində aliment alınaraq X5 verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) əizənin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1172/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin indeksasiya edilməsi və 20 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.933 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X5 ödənilməsi qərara alınmışdır.

6. Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadının ləğv edilməsini, aliment məbləğinin cavabdehin faktiki maddi və ailə vəziyyətinə uyğun olaraq azaldılmasını, cavabdehin ikinci ailə və iki azyaşlı övlad faktının qərarda nəzərə alınmasını, indeksasiya mexanizminin tətbiq qaydasının (icra orqanı, vaxt, mexanizm) dəqiq şəkildə göstərilməsini xahiş etmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 saylı qərardadından borclu Maraqlı şəxs verdiyi şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

9. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadı ilə razı deyil, çünki məhkəmə onun rəsmi iş yerinin olmamasını, təxminən 500 manat faktiki gəlirini, ikinci ailəsindən iki azyaşlı övladının olduğunu qeyd etsə də, bu hallar qərarın qəbulunda nəzərə alınmamışdır. Hazırda o, təyin olunmuş 70 manat alimenti mütəmadi və vaxtında ödəyir, lakin qəbul edilən yeni qərardad onun faktiki maddi vəziyyətinə və ailə öhdəliklərinə uyğun deyil. Ailə və maddi vəziyyət nəzərə alınmamışdır. Qərar proporsionallıq prinsipinə uyğun deyil. Onun aylıq gəliri təxminən 500 manat təşkil edir. Hazırda ölkə üzrə minimum əmək haqqı 400 manat olduğundan, qərardadda müəyyən edilmiş 0,933 misli - 373 manat onun gəlirinin təxminən 74 - 75 faizinə bərabərdir. Bu göstərici Ailə Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutulan 1/4 (25%) prinsipini bir neçə dəfə aşır və onun ailə tərkibi nəzərə alınmadan müəyyən edilmişdir. İndeksasiya mexanizmi qismən göstərilmiş, lakin tətbiq qaydası dəqiqləşdirilməmişdir. Qərardadda “sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,933 misli həddində sabit pul məbləğində aliment tutulması" qeyd olunmuşdur. Bu, indeksasiya prinsipi kimi göstərilsə də, onun tətbiq mexanizmi - yəni artımın hansı orqan tərəfindən və hansı qaydada icra olunacağı göstərilməmişdir. Qərardadda bu mexanizmin göstərilməməsi icra prosesində hüquqi qeyrimüəyyənlik yaradır və MPM-nin 232.2-c maddəsinin tələblərinə uyğun deyil. Sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəməyə təqdim etdiyi işsizlik haqqında arayış və ailə tərkibi haqqında sənəd iş materiallarında olsa da, qərardadda onlara istinad edilməmişdir. Bu hal MPM-nin 77 və 78-ci maddələrinin pozulmasıdır, çünki sübutların hərtərəfli araşdırılması məhkəmənin vəzifəsidir.

Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)- 656/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 1172/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 75 manat olmuşdur. Odur ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,933 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

17. Məhkəmə qərardadı ilə razılaşmayan Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 656/2025 nömrəli qərardadının ləğv edilməsini, aliment məbləğinin cavabdehin faktiki maddi və ailə vəziyyətinə uyğun olaraq azaldılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

19. Kollegiya eləcə də apellyantın dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 0,933 misli həddində indeksasiyası nəticəsində artması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

20. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(067)-656/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar