Məhkəmə qərarları › İş №8(105)-244/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-244/2025

15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-244/2025 15.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi,ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X8 tərəfindən verilmiş ərizəyə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-676/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi X8 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X8 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-122/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş icra üsulunun dəyişdirilməsi və oğlu X3 altıncı və bazar günləri, habelə tətil və bayram günlərində onunla Bakı şəhərinə gələrək onunla və qohumları ilə ünsiyyətdə olmasına şərait yaradılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadı ilə (hakim Samir Bayramov) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-122/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş icra üsulunun dəyişdirilməsi barədə X4 ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan borclu tərəfindən qətnamə ilə müəyyən olunmuş qaydada ünsiyyət hüququnun əsasən təmin edilməsi nəzərə alaraq hesab etmişdir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Qətnamə ilə uşaqla ünsiyyət hüququ ataya verilmişdir. Digər qohumlara ünsiyyət hüququnun verilməsi qətnamədə nəzərdə tutulmamışdır. Qətnamənin mahiyyətinə toxunan bu tələbə baxılması ayrıca iddia icraatı çərçivəsində iddia ərizəsi əsasında mümkün ola bilər. Ərizəçi X8 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli, 2(067)-122/2022 saylı qətnamə ilə müəyyən edilmiş icra üsulunun dəyişdirilməsi və oğlu X3 altıncı və bazar günləri, habelə tətil və bayram günlərində onunla Bakı şəhərinə gələrək onunla və qohumları ilə ünsiyyətdə olmasına şərait yaradılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən onun iddia ərizəsi əsasında işə baxılaraq 2(067)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah qeydi pozulmuş, iddiaçı X7 xx.xx.2020-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11-00-dan saat 17-00-dək ünsiyyətdə olmaq hüququ (görüşmək qaydası) müəyyən edilmişdir. Müəyyən olunmuş ünsiyyət qaydası hazırkı dövrdə tamamilə əlverişsiz olduğu üçün icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan üç ildən çox vaxt keçib, övladı X3 6 yaşı var. Eyni zamanda o, Bakı şəhərində yaşadığı üçün Xaçmaz rayonuna getmək və orada oğlu ilə görüşmək üçün müəyyən olunmuş vaxt tamamilə qısadır. Həmin vaxtda cavabdeh oğlu ilə tək görüşməyinə şərait yaratmır. Onun iştirakı ilə olan görüşdə o, övladı ilə normal ünsiyyət qura bilmir. X14 böyüyür, onun babası, nənəsi və digər qohumları ilə ünsüyyət qurmasına ehtiyac vardır. Baba və nənəsi nəvələrini görmək və onunla vaxt keçirmək üçün bu müddət ərzində bir neçə dəfə Xaçmaz rayonuna getmişlər. Ancaq orada normal şərait olmadığı üçün parkda və yaxud kafedə oturmaqla normal ünsiyyət yaratmaq mümkün deyil. Baba və nənə də kifayət qədər yaşlı insanlardır. Onlar da tez-tez uzaq məsafəyə gedə bilmirlər. Ona görə də oğlu X3 ayda bir neçə günlük Bakı şəhərinə gəlib atası, babası, nənəsi və digər qohumları ilə ünsiyyət qurmasına və bunun üçün şərait yaradılmasına ehtiyac vardır. Xaçmaz Rayon Məhkəməsi icra üsulunun dəyişdirilməsi barədə ərizənin təmin edilməməsi barədə xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardad qəbul etmişdir. Qərardad qəbul edərkən məhkəmə ona əsaslanmışdır ki, icra üsulunun dəyişdirilməsi barədə ərizə iddia ərizəsi qaydasında verilməlidir. Qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadı qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50-ci maddəsində uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ müəyyən edilir. Göründüyü kimi icra üsulunun dəyişdirilməsi barədə ərizə qanunvericiliyin tələblərinə əməl etməklə verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(067)- 676/2025 saylı qərardadı tələbkar X1 övladı X6 ilə həftənin şənbə və bazar günləri, habelə tətil və bayram günlərində Bakı şəhərində ünsiyyət hüququnun müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-122/2022 saylı, xx.xx.2022ci tarixli qətnaməsi ilə X7 xx.xx.2020-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11- 00-dan saat 17-00-dək ünsiyyətdə olmaq hüququ (görüşmək qaydası) müəyyən edilmişdir ki, bununla da tələbkarın övladı ilə ünsiyyət hüququna dair iddiası əsaslı hesab olunmuşdur. Birinci instansiya məhkəməsi ərizəçiyə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə ilə müəyyən olunmuş qaydada ünsiyyət hüququ əsasən təmin edildiyindən ünsiyyət qaydası və (və ya) üsulunun dəyişdirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun əsasən təmin olunması hazırkı ərizənin rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Hazırkı iş üzrə tələbkar, ünsiyyət hüququnun təmin edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan üç ildən çox vaxt keçdiyini, övladı X3 artıq 6 yaşı olduğunu, bayram və tətil günlərində də övladı ilə ünsiyyətdə olmaq istədiyini, özünün isə Bakı şəhərində yaşaması ilə əlaqədar Xaçmaz rayonuna getməsinin və orada oğlu ilə ünsiyyətin həyata keçirilməsi üçün müəyyən olunmuş vaxtın qısa olmasını, həmin vaxtda isə borclunun oğlu ilə tək görüşməyinə şərait yaratmadığını və övladı ilə normal ünsiyyət qura bilmədiyini bildirmişdir ki, birinci instansiya məhkəməsi tələbkarın dəlillərinə dair hər hansı bir araşdırma aparmamış, onun dəlillərinə hüquqi qiymət verməmişdir. Hərçənd ki, uşağın yaşının artması, ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsas olan hallardandır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli, 6/2011 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Həmin qərarın 2.4-cü bəndinə əsasən məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. Həmin qərarın 2.5-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər. Bununla yanaşı məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin qətnamə ilə uşaqla ünsiyyət hüququnun ataya verilməsi, digər qohumlara ünsiyyət hüququnun verilməsinin qətnamədə nəzərdə tutulmamaması ilə bağlı əsaslandırması ilə razılşaraq qeyd edir ki, yuxarıda istinad olunan plenum qərarının 4.1.ci bəndində göstərildiyi kimi baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin digər qohumlarına münasibətdə övladı ilə ünsiyyət hüququnun müəyyən edilməsinə dair tələb irəli sürmək üçün subyektiv hüququ olmamaqla yanaşı, qeyd edilən hal qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun dəyişdirilməsi üçün də əsas kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 676/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(067)- 676/2025 saylı qərardadı tələbkar X1 övladı X6 ilə həftənin şənbə və bazar günləri, habelə tətil və bayram günlərində Bakı şəhərində ünsiyyət hüququnun müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(067)-676/2025 saylı qərardadı tələbkar X1 övladı X6 ilə həftənin şənbə və bazar günləri, habelə tətil və bayram günlərində Bakı şəhərində ünsiyyət hüququnun müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X8 tərəfindən verilmiş ərizəyə qeyd olunan hissədə baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar