Məhkəmə qərarları › İş №8(105)-246/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-246/2021

30.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-246/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, qərardad ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hilal Nəcəfovun 29.06.2021-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 8(012)-653/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun 29.06.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-7127/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədinin icra işinə əlavə olunan sənədə əsasən məhkəməyə qaytarılması qərara alınmışdır. X1 həmin qərardaddan şikayət verərək, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 29 iyun 2021-ci il tarixli qərarını ləğv eddərək icra sənədini icra etmək üçün həmin şöbəyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) onun iddiası təmin olunmuş və Maraqlı şəxs ona məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 13,4 kv.m olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamə Sumqayıt Apelyasiya və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanmışdır. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Hilal Nəcəfov 29 iyun 2021-ci ildə qərar qəbul edərək icranı mümkün hesab etməmiş və icra sənədini Abşeron Rayon Məhkəməsinə qaytarmışdır. O, qərarı rəsmi olaraq 04 avqust 2021-ci il tarixdə almışdır. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə qaytarmalıdır. Belə ki, icra məmuru qərarında göstərir ki, icra vərəqəsində göstərilən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ünvana gedilsə də həmin ünvanı aşkar etmək mümkün olmamışdır. O, rəsmi çıxarışda göstərilən evini icra məmuruna təqdim edib göstərmişdir. İcra məmuru isə bu evin ona məxsus olmadığını bildirmişdir. İcra məmuru öz vəzifəsini layiqincə yerinə yetirməmiş, Abşeron DƏDRX 4 saylı Ərazi İdarəsindən aldığı məktubla kifayətlənmiş, səhlənkarlığa yol verərək qanuni qüvvədə olan məhkəmə qərarını qəsdən icra etməmişdir. Cavabdeh faktiki olaraq onun evində yaşayır. Cavabdehin isə rəsmi heç bir sənədi yoxdur. Bu halları icra məmuru araşdırmadan 4 ildir ki, qanuni qərarı nəyinsə xatirinə icra etməmiş, qanuni sənədə və qərara deyil, məktuba əsaslanıb icranı qəsdən icra etməmişdir. Ona görə bu qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və qərar icra olunması üçün həmin şöbəyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-653/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun 29.06.2021-ci il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-7127/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov). Qərardaddan maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-653/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs şikayəti müdafiə edərək göstərdi ki, icra məmurundan tələbkat tərəfindən verilmiş şikayət təmin edilmiş, qərar ləğv edilmişdir. Hesab edir ki, icra məmurunun qərarı əsaslıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, qətnaməsi ilə onun ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 13.4 kv.metr olan fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. İcra məmuru tərəfindən qətnamənin icrası istiqamətində zəruri icra hərəkətləri həyata keçirilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri tələbkara aid olan evin yeri göstərə bilməmişdir. Tələbkarın evi 13.4 kv.metr, evin yerləşdiyi torpaq sahəsi 17 kv.metr təşkil edir. Onun yaşadığı evi isə 200 kv.metr olan torpaq sahəsi üzərində inşa edilmiş 72 kv.metrdən ibarət 3 otaqlı fərdi yaşayış evidir. DƏDRX 4 saylı Ərazi idarəsi tərəfindən ünvanla bağlı arayışdan göründüyü kimi, ünvan 4 ünvanı yeni qaydalarla Səməd Vurğun küçəsi ev 31 olmuşdur. Sözügedən idarə tərəfindən verilmiş arayışa əsasən onun evinin köhnə ünvanının olmaması, yeni qaydalara uyğun ünvan 5 ünvanı verilməsi bildiriılmişdir. Məktubdan göründüyü kimi onun yaşadığı ev tələbkara məxsus evdən 6 ev aralıdır. Odur ki, tələbkar özünə məxsus 17 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş 13.4 kv.metr sahəsi olan fərdi yaşayış evini Səməd Vurğun küçəsi, 37 ünvanında yerləşən 200 kv.metr torpaq sahəsi üzərində tikilmiş 72 kv.metr sahəsi olan evdə yox, Səməd Vurğun küçəsi 31 ünvanında axtarmalıdır. Odur ki, şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-653/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə borclu tələbkar və icra şöbəsinin nümayəndəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)- 653/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun 29.06.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-7127/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədinin icra işinə əlavə olunan sənədə əsasən məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfov tərəfindən "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində göstərilən əsaslar olmadan Abşeron Rayon Məhkəməsinin 2(012)-7127/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədi icra işinə əlavə olunan sənədə əsasən məhkəməyə qaytarılmışdır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Maraqlı şəxs tərəfindən zəbt edilmiş X2 məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 13,4 kv.metr olan fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X8 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X8 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. İş materiallarından göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi hazırki gündə də icra edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki gündə tələbkarın köçürüldüyü fərdi yaşayış evində yaşamasına maneçilik törədildiyindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə borclunun şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-653/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 8(012)-653/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar