Məhkəmə qərarları › İş №8(105)-246/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-246/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-246/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiyasına dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi ilə, Ərizəçi Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Borclu məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60 (altmış) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment məbləğinin indeksasiya edilərək, hər uşağa görə bu il üzrə minumum əmək haqqının 0.62 misli olmaqla cəmi 738 manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə, sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

3. Həmin qərardaddan ərizəçi Tələbkar xx.xx.2025-ci il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

5. Şikayət onunla əsaslandırılmışdır ki, o, övladları ilə birlikdə maddi sıxıntı içərisində yaşayır. Bu məbləğ ilə övladlarının nə təhsil haqqını, nə geyimini, nə qidalanmasını çatdıra bilmir. Qarşı tərəf övladları ilə qətiyyən maraqlanmamış onların təlim tərbiyəsi ilə məşğul olmamışdır. Bir ata olaraq övladlarını təkbaşına təlim-tərbiyəsi ilə məşğul olub cəmiyyətə yararlı şəxs kimi böyüdür. Lakin qarşı tərəfdən aldığı alimentin məbləği çox az olduğu üçün uşaqlarını dolandıra bilmir. Sumqayıt Şəhər Məhkəməsinə alimentin indeksasiya olunması ilə bağlı müraciət edərək alimentin hər uşağa görə bu il üzrə minumum əmək haqqının 0.62 misli olmaqla cəmi 738 manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə, sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qərar qəbul edilməsi barədə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadına əsasən ərizə qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Ərizə qalan hissədə təmin edilməmişdir. Qəbul edilmiş qərarın əsassız və ədalətsiz olduğunu düşünür. Çünki onun aylıq gəliri çox aşağıdır və bununla övladlarının xərclərini qarşılaya bilmir. Sumqayıt Şəhər Məhkəməsi onu dinləmədən əsassız və ədalətsiz qərardad qəbul etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

8. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa; 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; 387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa; 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; 387.2.5. qətnamə və ya qərardad onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa; 387.2.6. qətnamə və ya qərardad işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə; 387.2.7. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa; 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. (...)

9. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

10. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Şikayətin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

12. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

14. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı ərizəçiyə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, lakin məhkəmə iclası xx.xx.2025-ci il tarixdə keçirilmişdir.

15. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq işə baxılarkən ərizəçini məhkəmə iclasının vaxtı haqqında lazımi qaydada xəbərdar etməmiş və işə onun iştirakı olmadan baxmışdır. Ərizəçi isə bu halı şikayətində mübahisələndirmiş, yəni məhkəmə tərəfindən dinlənilmədiyinə istinad etmişdir.

16. Kollegiya qeyd edir ki, göstərilən hal eyni zamanda MPM-in 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsasdır.

17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şikayətlər qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172/2025 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar