Məhkəmə qərarları › İş №8(105)-247/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-247/2025

15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-247/2025 15.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Xaçmaz rayon icra və probasiya şöbəsinin təqdimatına apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Qusar Rayon Məhkəməsinin (hakim Ə.Cəlilov) 01 dekabr 2022-ci il tarixli, 2(029)- 628/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, - iddiaçı Tələbkar və cavabdeh Borclu arasında 09 avqust 2015-ci il tarixdə Xaçmaz rayon İHB-nın Yalama inzibati ərazi dairəsi nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, -31 may 2016-cı il təvəllüdlü X4 və 23 avqust 2020-ci il təvəllüdlü X5 anaları Tələbkar himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Tələbkar yaşayış yerinin müəyyən edilməsi, -31 may 2016-cı il təvəllüdlü X1 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi, -09 avqust 1989-cu ildə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Xaçmaz rayonu Yalama kəndində yaşayan Borclu Tələbkar xeyrinə 31 may 2016cı il təvəllüdlü X1 və 23 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarda alimentin tutulması, -31 may 2016-cı il təvəllüdlü X1 saxlanması üçün alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, 23 avqust 2020-ci il təvəllüdlü X5 saxlanması üçün alimentin tutulmasının 24 may 2022-ci il tarixdən hesablanması, 23 avqust 2020-ci il təvəllüdlü X5 saxlanması üçün alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Borclu Qusar Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(029)-628/2022 nömrəli qətnaməsindən apellyasiya şikаyəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(029)-628/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni “31 may 2016-cı il təvəllüdlü X3 saxlanılması üçün müəyyən edilmiş alimentin bağlanğıcının qətnamənin qanuni qüvvəsini aldıqdan sonra müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, 31 may 2016-cı il təvəllüdlü X3 saxlanılması üçün müəyyən edilmiş alimentin bağlanğıcı, onun atasından alınaraq anasına (iddiaçıya) faktiki verildiyi andan hesablanması qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilən təqdimatı nəzərdən keçirib, qeyd edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru tərəfindən təqdimat imzalanmadığından, təqdimata mahiyyəti üzrə baxılması yolverilməzdir. Bu səbəbdən kollegiya qeyd edir ki, hazırkı halda təqdimat geri qaytarılmalıdır. Bununla yanaşı kollegiya təqdimat verən orqana izah edir ki, İcra Haqqında Qanunun yuxarıda istinad olunan normalarından aydın olur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə müvafiq qərar icra məmuru tərəfindən qəbul edilir. Qanunverici həmin hissədə məhkəmənin səlahiyyət və vəzifəsini icra məmuru tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qanunvericiliyin tələbinə uyğun olub-olmasının yoxlanılması ilə nəzərdə tutmuşdur (İHQ-nun 20.4-cü maddəsi - İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir). MPM-in 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Xaçmaz rayon icra və probasiya şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar