Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-248/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, X1, ərizəçinin vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 8(012)-741/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) X1 onun yaşadığı evdən çıxarılmasına dair 2(006)- 4514/2018 saylı icra işi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. X3 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayətintəmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli 2(006)-4514/2018 saylı icra sənədindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış 20.07.2016-cı il tarixli, SMN-00018-14/16A saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh X4 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 32892.39 manat əsas, 6016.13 manat faiz, 100 manat cərimə, cəmi 39008.52 manat borcun, həmçinin 30.40 manat məbləğində dövlət rüsumu vəsaitin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X7 məxsus ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləsən evin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsaitin hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra cavabdeh X5 ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmiş, qətnamə 01 oktyabr 2018-ci il tarixdə qanuni qüvvəsini almış və 01.10.2018-ci il tarixdə icraya yönəldilmişdir. X3 onun yaşadığı evdən çıxarılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra edilmiş icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ərizəçi-borclu X9 ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun 2(006)-4514/2018 saylı icra işi üzrə Abşeron rayonunun Məmmədli kəndində 0,12 ha torpaq sahəsində yerləşən 201.05 kv.m sahəsi olan fərdi yaşayış evinin və həmin torpaq sahəsinin boşaldılması barədə qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi-borclu X9 ərizəyə əlavə ilə yenidən məhkəməyə müraciət edərək onun yaşadığı evdən çıxarılmasına dair Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra edilmiş icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi X2 Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. O, şikayəti onunla əsaslandırmışdır ki, X9 tərəfindən Abşeron Rayon Məhkəməsinə verilmiş 2(006)-4514/2018 saylı iş üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlyas Həsənovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair ərizə, Abşeron Rayon Məhkəməsinin 8(012)-741/2021 nömrəli 13.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, borclu H.M.Quliyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli 2(006)-4514/2018 saylı icra sənədi üzrə məcburi icra tədbirləri barədə məlumatlandırılmış, bildiriş rəsmi şəkildə imza edilərək borclu tərəfindən təhvil alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)- 741/2021 nömrəli 13.10.2021-ci il tarixli qərardadı aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur, buna görə ləğv edilməlidir: 1) İcra işi üzrə icraata başlamaq haqqında qərar borcluya təqdim edilməmişdir. Bu işlə bağlı keçirilmiş məhkəmə prosesində icra məmuru sənədin alt tərəfində “qəbul etdim” yazılmış, yanında qol çəkilmiş, lakin imzalayanın adı, soyadı qeyd edilməmiş bir icraata başlamaq haqqında qərarın surətini təqdim etmişdir. Vəkil Vəlyəddin oğlu tərəfindən məhkəmə prosesində iştirak edən borclunun şəxsiyyət vəsiqəsindəki imza ilə icra məmuru tərəfindən təqdim olunmuş vərəqdəki imza məhkəmə qarşısında müqayisə edilərək onların eyni olmadığı göstərilmişdir. Həmçinin, icra məmuru sadəcə həmin sənədin surətini göstərmişdir, onun əslini isə təqdim etməmişdir. Digər tərəfdən imzanın yanında ad, soyad olmadığı üçün sənədin kimin qəbul etdiyi də məlum deyildir. Bu əsaslar icra məmuru tərəfindən təqdim olunmuş sənədin saxta olduğunu və icra məmurunun işinə necə “peşəkar” yanaşdığını göstərir. Bu baxımdan icraata başlamaq haqqında qərarın verilmədiyi məlum olur. 2) İcra məmuru tərəfindən könüllü icraya dair bildiriş borcluya təqdim olunmamışdır. Borcluya könüllü icra imkanı verilməmişdir. Məhkəmə prosesində Abşeron Rayon İcra və Probasiya xidməti bunu onunla əsaslandırmışdır ki, icraat Nəsimi Rayon İcra və Probasiya tərəfindən başlanılıb könüllü icraya dair bildiriş borcluya həmin İcra və Probasiya Şöbəsi tərəfindən verilməli idi və bunun məsuliyyəti onlarda deyil. İcra haqqında qanunvericilik hamı üçün məcburidir və icra işi üzrə icraat qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli idi. Bunun qanuna uyğun həyata keçirilməməsi və ya hansı icra orqanın sözü gedən icra bildirişini verməli olduğu isə vətəndaşın, yəni borclunun bunun hüquqi nəticələrindən zərər çəkməsinə səbəb ola bilməz. Könüllü icra barədə rəsmi bildiriş verilmədiyi təqdirdə məcburi icra hərəkətlərini yerinə yetirmək tamamilə qanunsuzdur. 3) Vətəndaşın xəbəri olmadan evin satılması ilə bağlı hərrac keçirilmişdir. Həmin hərraca əsas olan icra vərəqəsi isə 39 000 manat pula görədir. Ev ilkin satış qiyməti 70 000 manat qiymətləndirilmişdir. Birinci və ikinci hərrac baş tutmamış və sonda bank evi 44 000 manata hərracda almışdır. Ortada yaranan 5 000 manat fərq qanunvericiliyin tələbinə əsasən vətəndaşa ödənilməli idi. Həmin fərq 5000 manat ödənilmədiyi müddətcə vətəndaşı öz evindən çıxarılması qanunsuzdur. 5000 manatın isə harada olması ilə bağlı icra məmurunda da heç bir məlumat yoxdur. 4) İcra vərəqəsi 2018- ci il tarixlidir və bu günə qədər də heç bir icra tədbirləri yerinə yetirilməmişdir. Bu günə qədər də icra hərəkətlərinin yerinə yetirilməməsi öz-özlüyündə ciddi qanun pozuntudur. Qanunvericiliyə əsasən icra məmuru icra hərəkətini 2 ay müddətində yerinə yetirməlidir, 2 il sonra hansısa icra hərəkətinin yerinə yetirilməsi hesab edir ki, müzakirə predmeti belə ola bilməz. Buradan aydın görünür ki, icra məmuru İcra haqqında Qanununa əsasən icra hərəkətinin yerinə yetirmə müddətini ötürmüşdür. 5) İcra məmuru bir bildiriş təqdim etmiş və bildirmişdir ki, sözügedən ev 10 gün ərzində boşaldılsın yoxsa ev məcburi şəkildə boşaldılacaqdır. Bu, borclunun özünə yox oğluna bildirilmişdir. Qeyri-rəsmi formada təqdim edilən bildirişin verilməsini etiraf edir, lakin icra məmuru həmin 10 günlük müddət bitməmiş həmin müddətin 10-cu günündə məcburi icra həyata keçirilmişdir. Beləliklə, icra məmuru öz verdiyi 10 gün vaxtı belə sona qədər gözləməmişdir. Digər tərəfdən icra məmuru məzuniyyətdə olduğu halda icra hərəkətini yerinə yetirmiş, lakin məhkəmə zalında bildirmişdir ki, o, guya orda olmamışdır. Daha sonra icra məmuru özü etiraf etmişdir ki, o, özü orada olmuş sadəcə olaraq digər icra məmuru icra hərəkətini yerinə yetirərkən ona kömək etmişdir. Lakin bu, açıq yalandır, məzuniyyətdə olan icra məmuru qanunsuz olaraq icra hərəkətlərini həyata keçirmişdir. Bu sadaladıqlarından başqa da kiçik pozuntular olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ərizəçinin vəkili Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara və Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli və 25 oktyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qərarın verilməsinə əsas olan məhkəmə aktını ərizəyə əlavə etməməsi, bu səbəbdən ərizəçinin xahişi qeyri-dəqiq olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, ərizəçi Hacəli Quliyev ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək onun yaşadığı evdən çıxarılmasına dair Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra edilmiş icra hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir. Bu nəticədən narazı qalan ərizəçi qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsini, qərardadın ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır (İcra haqqında Qanunun 44.1.1., 44.1.2. və 44.1.3. maddələri). Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. (İcra haqqında Qanunun 45.1., 45.2., 45.3., 45.4., 45.5. və 45.6. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başalayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Belə ki, ilk öncə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunmalıdır ki, Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadında icra sənədi üzrə icraata başlama qərarının və könüllü icra etmə ilə bağlı bildirişin borcluya göndərilməsi qeyd edilsə də, həmin bildirişlərin borcluya çatmasına dair heç bir qeyd göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, icra haqqında qanunverciliyin tələbləri həmin bildirişin borcluya göndərilməsi ilə kifayətlənməyərək onun çatdırılmasını da tələb edir. Bununla yanaşı həmçinin qeyd etmək lazımdır ki, ərizəyə baxan birinci instansiya məhkəməsi icra məmurunun “İcra haqqında” AR Qanunun 41.2-ci maddəsinin tələblərinə riayət edib-etməməsini ətraflı araşdırmamış, zərurət yarandığı təqdirdə icra işini tələb edib, tərəflərin iştirakı ilə baxış keçirməmişdir. Bundan başqa məhkəmə hərrac keçirilməsi nəticəsində ipoteka predmetinin satılması ilə bağlı kredit borcunun tam bağlanmasından sonra qalan məbləğin qanunverciliyin tələblərinə uyğun olaraq borcluya təqdim edilməsi halı belə araşdırılmamış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, ərizəyə tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli və 25 oktyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-248/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-248/2021
06.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver