Məhkəmə qərarları › İş №8(105)-248/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-248/2025

23.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-248/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 8(012)-225/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərardadından maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim M.Abbasova) Abşeron Rayon Məhkəməsinin 2(012)-2521/2019 nömrəli, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunması hazırki ərizə verilən tarixdən, yəni xx.xx.2025-ci il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Maraqlı şəxs Borclu tərəfindən şikayət üzrə ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)- 225/2025 nömrəli qərardadından maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayət üzrə müddətin ötürülməmiş hesab edilməsi qərara alınmışdır. Maraqlı şəxs Borclu xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-225/2025 nömrəli qərardadından maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2521/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Qasımov X4 Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxılan zaman maddi hüquq norması pozulmuşdur. “Yaşayış minimumu haqqında” Qanunun tələbləri pozulmuşdur. Məhkəmə qərardadda əsassız olaraq qeyd edir ki, qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 2019-cu ildə 180 manat müəyyən edilmişdir. Həmin məbləğ hazırda 400 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2521/2019 nömrəli, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə qət edilən alimentin məbləği (160 manat) 2019-cu ilin minimum əmək haqqının 88 faizini təşkil etməsi nəzərə alınarsa, hazırda alimentin məbləğinin 2025-ci ilin minimum əmək haqqına münasibətdə qalxması (təqribən 352 manat) müəyyən olunur. Məhz bu səbəbə görə məhkəmə ərizənin əsaslı olması və onun təmin edilməsi nəticəsinə gəlir. O, məhkəmənin gəldiyi bu mövqe ilə razı deyil. Belə ki, icra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-2521/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yəni 400x0.61=244 manat. Çünki 1 uşaq üçün yaşayış minimumu 2025-ci il üzrə 246 manat təşkil edir. Bu, o deməkdir ki, 2025-ci il üzrə bir uşaq üçün alimentin məbləği 246 manatdan çox ola bilməz. Yaşayış minimumu haqqında qanun vardır. Həmin qanunu pozmaq olmaz. Yəni aliment indeksasiya edilən zaman bu norma gözlənilməlidir. Lakin hakim tələbkarın ərizəsinə məhəl qoymayaraq mənə bir uşaq üçün 400x0.88=352 manat məbləğində aliment təyin etmişdir. Bu qədər qanunsuzluq olarmı? Bu necə bir qanunsuz qərardaddır. O başa düşə bilmir. Bəs ədalət hardadır. Respublikamızda işləməyən şəxsə bir uşağa görə 352 manat aliment kimə təyin ediblər ki? Heç kimə. Hamıya 1 uşağa görə 246 manat təyin edilir. Bəs onda bu nə qanunsuz qərardaddır? Rayon yerində isə daha az 1 uşağa 160-170 manatdan yuxarı aliment təyin olunmur. Hamıya bir uşaq üçün 246 manat aliment, ona isə 352 manat aliment təyin olunur. Bu nə ayrı-seçkilikdir? Qanunlar hamı üçün eyni deyil?. Bəlkə onun üçün ayrıdır. O işləmədiyi halda kənd yerində iki uşağa 704 manat alimenti hardan alsın, versin? Məhkəmə işə onun iştirakı olmadan baxmış, ona bildiriş, sms göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 saylı 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-2-ci bəndinin tələblərini pozmuşdur. Həmin qərarda 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqı qeyd edilsə də, məhkəmə öz qəradadında 2019-cu il üzrə minimum əmək haqqını 180 manat götürmüşdür. Bunula da hesablamanı düzgün aparmamış, nəticədə onun vəziyyətini ağırlaşdırmış və olduqca əlverişsiz çıxılmaz vəziyyətə salmışdır. Məhkəmə nəzərə almamışdır ki, tələbkarla birgə ailə həyatından 1 uşaq 29 avqust 2009- cu ildə anadan olmuş X6 onun himayəsindədir. Yeni ailə qurduğu həyat yoldaşından isə himayəsində 1 azyaşlı uşağı vardır. O, tələbkardan olan himayəsində qalan 1 uşağına görə ondan aliment almır. Bu da nəzərə alınmamışdır. Məhkəmə alimentin indeksasiyasının hesablanması ilə bağlı səhvə yol vermiş, 2019-cu il üçün minimum əmək haqqını 250 manat deyil, 180 manat götürmüş, ərizəçinin irəli sürdüyü faktiki hallara uyğun gəlməyən tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qərardadı düzgün əsaslandıra bilməmiş və qanunsuz qərardad qəbul etmişdir. Ona görə də məhkəmənin əsaslandırmadan, tələm-tələsik çıxardığı qərardad qanunvericiliyin tələblərinə cavab vermir, həmin qərardad ləğv olunmalıdır və ya dəyişdirilməlidir. İşə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə MPM-nin 77, 88, 217, 218, 157, 158-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də şikayətin dəlilləri məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas hesab edilməlidir. Məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, Abşeron rayon məhkəməsinin qərardadının nə dərəcədə qanuna uyğun olubolmaması barədə münasibətini bildirməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, məhkəmənin qərardadında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)- 2521/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunmasına dair qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi, ondan iki uşağa görə tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin təmin edilməsini Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə qət edilən alimentin məbləği (160 manat) 2019-cu ilin minimum əmək haqqının 88 faizini təşkil etməsi nəzərə alınarsa, hazırda alimentin məbləğinin 2025-ci ilin minimum əmək haqqına münasibətdə qalxmasının (təqribən 352 manat) müəyyən olunması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-2521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli və onunla bağlı 25 noyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar