Məhkəmə qərarları › İş №8(105)-25/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-25/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-25/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı 04 dekabr 2023-cü il tarixli qərardadından Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, Müəyyən etdi : Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2, "xxxx" MMC-nin iştirakçısı X8 və "xxxx" MMC-nin iştirakçısı X4 üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru X13 xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icrası mümkün olmadığından geri qaytarılmışdır. X1 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx"MMC-nin direktoru (qanuni təmsilçi) X2, "xxxx" MMC-nin iştirakçısı X8 və "xxxx" MMC-nin iştirakçısı X4 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin iştirakçısı X7 münasibətdə icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə yönəldilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Qaralovun icraatına verilmişdir. İcra sənədi icra məmuru Vüqar Qaralovun icraatına verildikdən sonra icra sənədi üzrə heç bir icra tədbiri görülməmişdir. Tərəfindən dəfələrlə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tədbirlər görməsini xahiş edilsə də, icra sənədi üzrə borclu barəsində müvafiq icra tədbirlərinin görülməsini-borclunun icra şöbəsinə dəvət olunması, gəlmədiyi halda məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunması, borclunun barəsində axtarış elan edilməsi, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, borclu barədə inzibati qaydada təqdimatla məhkəməyə müraciət olunması barədə yazılı qaydada müraciətlər edilsə də icra məmuru tərəfindən onun müraciətlərinə məhəl qoyulmamış və icra sənədi tam icrasız olaraq qalmışdır. İcra məmurunun sonuncu bəhanəsi Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 8(105)-59/2023 nömrəli məhkəmə mübahisəsinin yekunlaşmadığı idi. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-59/2023 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-216/2023 saylı qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixi qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Bundan sonra icra məmurunun dövlətin adından çıxarılan qərarın icra olunmaması üçün heç bir bəhanəsi qalmamışdır. Buna baxmayaraq yenə də, məhkəmə qərarı icra olunmamış qalmaqdadır. Göründüyü kimi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022ci il tarixli qərarı ləğv edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Buna görə də, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralovun icraatında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə qanuna müvafiq qaydada icra tədbirlərinin görülməsi zəruridir. Qeyd edilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023cü il tarixli qərarı ləğv edilərək, icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru X13 qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu X7 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsini icra edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədi üzrə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2 üzərinə qoyulmuşdur. X7 halhazırda direktor (qanuni təmsilçi) vəzifəsini icra etdiyindən "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)3396/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı mövcuddur ki, bu qərara əsasən "xxxx" MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişiklikliyinin dövlət qeydiyyatına alınaraq iddiaçı X2 "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) kimi onun adının AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin elektron portalından xx.xx.2024-cü il tarixdə əldə olunmuş çıxarışdan da görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)3396/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra olunmuşdur. X2 qanuni təmsilçi kimi səlahiyyətlərinə dövlət reyestrində xitam verildiyindən Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası davam etdirilə bilməz. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması qərara alınsa da, icra sənədinin əsli bu günədək Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 02 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəllənin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 23.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.), borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda (maddə 23.1.2), borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1.3), tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə (maddə 23.1.4), tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə öyrənilən işdən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-59/2023 saylı qərardad ilə X5 şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-216/2023 saylı qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixi qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. İş materiallarından həmçinin o da görünür ki, "xxxx" MMC-nin hazırkı direktoru X2 işdən azad edilməsi ilə bağlı məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin məhkəmə qərarının icrası hal-hazıradək təmin edilməmiş, borclu X7 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsini icra edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi üzrə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X6 verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2 üzərinə qoyulması qət edilmişdir. Belə olan halda X7 hah-hazırda direktor (qanuni təmsilçi) vəzifəsini icra etdiyindən "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir. Ona görə də Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması barədə işə baxan məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. AR MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar