Məhkəmə qərarları › İş №8(105)-252/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-252/2021

06.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-252/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 8(067)-169/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 8(067)-169/2021 saylı qərardadı ilə (hakim A.B.Sadıqov) Borclu Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1081/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu şikayət verərək qərardadın ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(067)-169/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1081/2020 saylı qətnaməsinə əsasən ondan Tələbkar verilməli olan 11300 manat pul və dövlət drüsumu olaraq ödənilmiş 30 manat pulun hər ay 130 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1081/2020 saylı qətnaməsinə əsasən ondan 11300 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq iddiaçı Tələbkar verilməlidir. Qeyd olunan pul vəsaitinin birdəfəlik ödəmək iqtidarında deyildir. Pensiyaçı olmaqla hər ay 260 manat pensiya alır, İstisu qəsəbəsində tikilməkdə olan yaşayış yerinin yarımçıq qaldığına görə kirayədə qalmaq məcburiyyətindədir və hər ay kirayə haqqı olaraq qaldığı evə görə 120 manat pul ödəyir və başqa yerdən qazancı yoxdur. Ona görə də məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ : Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 14 oktyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, borcun hər ay 130 manat olmaqla hissəhissə icra olması barədə qərardad çıxarılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1081/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu 11300 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)-2517/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1081/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.05.2021-ci il tarixli, 2(102)-3078/2021 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)- 2517/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. Həmin Məcəllənin 235.2-ci maddəsi yalnız xüsusi hallarda tətbiq oluna bilər. Bu maddəni tətbiq etmiş məhkəmə öz qərarında xüsusi halların nədən ibarət olmasını mütləq əsaslandırmalıdır. Qətnamənin hissə-hissə icra olunması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qətnamənin hissə-hissə icra olunması əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin hissə-hissə icra olunması barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrası mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli, 01 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımn dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və ərizəsinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(067)-1081/2020 saylı qətnaməsinin hər ay 130 manat olmaqla hissə-hissə icra edilməsinə dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 8(067)-169/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar