Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-253/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-367/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə icra sənədi üzrə Borclu ərizəsinə dair iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-367/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu 3000 manat məbləğində borc, 210 manat məbləğində vəkilə ödənilmiş pul vəsaiti olmaqla, cəmi 3210 (üç min iki yüz on) manat borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəs ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-367/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsinin hər ay 170 manat olmaqla hissə-hissə icra edilməsi barəldə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda onun həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur.O, qazi atasıdır. X1 ikinci Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış və hazırda hərbi hospitalda müalicə alır. Oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusudur. Oğlu Xocavənd, Fizuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və şücayət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərənamları ilə medellarla təltif edilmişdir.Oğlunun bütün müalicə xərclərini özü ödəyir. Bu da iddiçıya olan borcunu ödəməkdə ona müəyyən çətinliklər yaradır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-367/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsinin hər ay 170 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdıır.(hakim G.İmanova) Qərardaddan icra sənədi üzrə Tələbkar şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə cavabdehin özü ilə bağlı işin faktiki hallarını araşdırmaq əvəzinə, hazırki işə aidiyyəti olmayan onun oğlunun vətəndaşlıq borcu olaraq müddətli hərbi xidmətdə olduğu dövr ərzində Vətən qarşısında göstərdiyi xidməti əsas tutaraq səhv nəticəyə gəlmişdir. Bu da o anlama gətirir ki, hər-hansı bir şəxs, ailə üzvünün Vətən qarşısında göstərməli olduğu vətəndaşlıq borcunu əsas tutaraq, şəxsi mənafelərini gerçəkləşdirmək məqsədi ilə sui-istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsülunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda sadalanan müddəanın tələblərinə baxmayaraq, məhkəmə borclunun əmlak vəziyyəti ilə bağlı işin zəruri hallarını, yəni borclunun adına daşınmaz və ya daşınar əmlakın olub-olmamasını, borclunun işsiz kimi qeydiyyata düşüb-düşməməsini və s. araşdırmamışdır. Bundan başqa borclunun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan 3 dəfə olmaqla, ümumilikdə 1200 manat pul vəsaiti ödəməsi onun maddi vəziyyətinin qeyri-qənaətbəxş olması barədə şübhə doğurur. Borclu maddi durumunun qeyri-qənaətbəxş olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində borclunun oğlunun ikinci Qarabağ müharibəsində yaralanması nəticəsində müalicə xərclərinin də atası tərəfindən ödədiyini rəhbər tutaraq, borclunun ərizəsini təmin etmişdir. Halbuki, borclu tərəfindən oğlunun müalicəsi üçün xərclənmiş vəsaitlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, hamıya məlumdur ki, ikinci Vətən müharibəsi zamanı xəsarət almış bütün hərbiçilərin müalicə xərcləri Dövlət tərəfindən qarşılanır. Məhkəmə 2019-cu ildən yaranmış cəmi 3000 manat borcun borclu tərəfindən ödənilməsinin yubadılmasına şərait yaradır. Bundan başqa, qətnamənin hissə-hissə ödənilməsi ilə bağlı ərizəyə baxılarkən məhkəmə tərəfindən tərəf olaraq tələbkarın prosesdə iştirakı təmin edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin tələblərinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Tələbkarın iştirakının məhkəmə prosesində təmin olunmaması birbaşa prosessual hüquq normalarının pozulması kimi ehtiva edilir. Zəngilan Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadı ləğv edilməli, ərizə yenidən tələbkarın iştirakı ilə araşdırılması üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadı ilə borclunun ərizəsi təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-367/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsinin hər ay 170 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdıır. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə AR-in MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra edilməsi, habelə icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə qaydasında baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşdən görünür ki, borclu ərizə verərkən məhkəmə qətnaməsindən bir ilə yaxın müddət keçmiş, borcdan tələbkarın dediyinə görə 3 dəfəyə 1200 manat ödənilmişdir. Borclu ərizəsini oğlunun müalicəsi üçün müəyyən məsrəflər ödəməsiylə əsaslandırmışdır. Tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Daha öncə qeyd olunduğu kimi qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşdən görünür ki, məhkəmə ətraflı araşdırma aparmamış, borclunun əmlak vəziyyəti barədə məlumat əldə edilməmiş, tələbkarın iştirakı təmin edilərək onun mövqeyi, əmlak vəziyyəti, qəbul ediləcək qərarın onun mənafeyinə nə dərəcədə təsir göstərəcəyi öyrənilməmiş, mübahisənin tərəflərin qarşılıqlı razılığı ilə həll edilməsi üçün tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda qəbul edilmiş qərardadı obyektiv və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadı ləğv edilməli, ərizə tələbkarın iştirakı ilə araşdırılması üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 363.4, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 8(034)-7/2021 saylı qərardadı ləğv edilsin. İş qərardadda şərh edilən qaydada yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-253/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-253/2021
07.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver